Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3388/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( qarşı üçüncü şəxs X3) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1455 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0600 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi İdarəsinin xx.xx.2023-cü il tarixli, № ********** saylı Çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1455 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən, ümumi sahəsi 0.0479 ha olan torpaq sahəsi onun mülkiyyətindədir. Belə ki, AR Prezidentinin İşlər İdarəsinin X1 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) direktorunun 21 may 2003-cü il tarixli əmrinə əsasən ona ayrılmış olan torpaq sahəsinə dair yerləşmə mövqeyini göstərən cizgidə sahənin ölçüsü 0.16 ha göstərilmiş və həmin torpaq sahəsinin 121 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 KV-luq) mühafizə zonasında yerləşdiyindən həmin hissə çıxılmaqla qalan 0.0479 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda istifadəsində olan sahənin 121 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə baxmayaraq X4 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli Arayışında qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini bildirərək və qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdirlər. Bununla əlaqədar olaraq, mülkiyyətində olan torpaq sahəsinə 121 kv.metr torpaq sahəsi birləşdirilərək ümumilikdə 0.0600 ha torpaq sahəsi dövlət reyestrində mülkiyyətinə verilməklə, adına reyestrdən çıxarışın və texnki pasportun verilməsi üçün ərizə ilə cavabdeh orqan olan Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi idarəsinə müraciət etmişdir. Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi idarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir.
3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən Azərbaycan Respublika Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) direktorunun 21 may 2003-cü il tarixli əmrinə əsasən hüquq sahibinə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə mövqeyini göstərən cizgidə sahənin olçusu 0,16 ha göstərilmiş və həmin sahənin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 Kv.luq) mühafizə zonasında yerləşdiyindən razılıq ərizəsi əsasında həmin hissə çıxılmaqla qalan 0,1479 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra hüquq sahibi tərəfindən torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxsin adına özgəninkiləşdirılmişdır. Hazırda istifadənizdə olan sahənin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanünunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən Azərbaycan Respublika Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) direktorunun 21 may 2003-cü il tarixli əmrinə əsasən hüquq sahibinə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə mövqeyini göstərən cizgidə sahənin ölçüsü 0,16 ha göstərilmiş və həmin sahənin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 Kv.luq) mühafizə zonasında yerləşdiyindən razılıq ərizəsi əsasında həmin hissə çıxılmaqla qalan 0,1479 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra hüquq sahibi tərəfindən torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1455, Yeni qadalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0479 kv.m olan torpaq sahəsi hazırda İddiaçı mülkiyyətindədir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 605 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3388/2024 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1455 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0600 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3388/2024 saylı qərarının ləğv edilməsni, X2 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü ikl tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3388/2024 saylı qərarı ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3388/2024 saylı işi üzrə icraat təzələnmiş, X3 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia mümkündür.
İİİ.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
16. ƏMDX DƏDKR publik hüquqi şəxisinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-165, Yeni qadalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0479 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli qeydiyyata alınmışdır.
17. Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən: Verilir İddiaçı ondan ötəri ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixil, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 5a saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində aşağıda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi 35 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini bildiririk və qeydiyyata alınmasına etiraz etmirik.
18. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465 ünvanında 0.0479 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
19. - Azərbaycan Respublika Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) direktorunun 21 may 2003-cü il tarixli əmrinə əsasən iddiaçıya ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə mövqeyini göstərən cizgidə sahənin olçusu 0,16 ha göstərilmiş və həmin sahənin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 Kv.luq) mühafizə zonasında yerləşdiyindən razılıq ərizəsi əsasında həmin hissə çıxılmaqla qalan 0,1479 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra iddiaçı tərəfindən torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin sərhədləri üç tərəfdən mişar daşı ilə hasarlanmışdır, bir tərəfi şərtidir. Tikili yoxdur. Torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 479 kv.m, faktiki 605 kv.m-dir.
21. 08.02.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465, Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0479 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə alıcı X2 mülkiyyətinə verir.
22. ƏMDX DƏDKR publik hüquqi şəxisinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465, Yeni qadalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0479 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
27. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbində ünvanın olduğu sahə 3-1455 kimi göstərilsə də, iş materiallarına əlavə edilən sənədlərdən bəlli olur ki, sözügedən ünvan məhz 3-1465 saylı torpaq sahəsində yerləşir. Məhkəmə texniki yanlışlıq edildiyini hesab edərək iddianı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0600 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydə alınayaq çıxarışın verilməsi kimi qəbul edir.
29. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465 ünvanında 0.0479 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublika Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) direktorunun 21 may 2003-cü il tarixli əmrinə əsasən iddiaçıya ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə mövqeyini göstərən cizgidə sahənin olçusu 0,16 ha göstərilmiş və həmin sahənin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 Kv.luq) mühafizə zonasında yerləşdiyindən razılıq ərizəsi əsasında həmin hissə çıxılmaqla qalan 0,1479 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra iddiaçı tərəfindən torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir.
30. Cavabdehin imtinasının dəlili göstərilən torpaq sahəsinin 121 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin faktiki ölçüsü 605 kv.m təşkil etməsidir.
31. Bununla bağlı məhkəmə bildirir ki, cavabdehin özünün də istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
32. Eyni zamanda Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydaları»nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin "xxxx"ın 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
33. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi, sözügedən "xxxx" qəbul edilənə qədər 2003-cü ildə ona ayrılmışdır.
34. Həmçinin Azərişıq ASC xx.xx.2023-cü il tarixli arayışında bildirmişdir ki, torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və qeydiyyata alınmasına etiraz edilmir. 35.İmtinaya əsas olan hallardan digəri - torpaq sahəsinin faktiki ölçüsünün 605 kv.m təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində hüquqmüəyyənedici sənəddə olduğu kimi 600 kv.m torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. 36.Məhkəmə tərəfindən müəyyən edilir ki, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydə alınan Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3- 1465, Yeni qadalarla: Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, 204 ünvanında yerləşən ümumi sahəsi 0.0479 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 37.Beləliklə, hazırda mübahisə predmeti olan torpaq sahəsinin 479 kv.m sahədən ibarət hissəsi digər şəxsin mülkiyyət hüququ ilə yüklü olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin təmin edilməli, 121 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ tanınmalıdır. 38.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, sahə 3-1465 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0121 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva