Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-339/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tayinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqəsinin verilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə (bundan sonra mətndə - Baş Mühafizə İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Baş Mühafizə İdarəsinin yanvar 2016-cı il tarixindən 28.01.2017-ci ilə qədər müddətini eyni ilə həmin bu tarixdən 2019-cu il ilin 28 yanvarına qədər olan tarixə qədər onun ümumi iş stajı sayılmasına və təqaüdün artırılması, eyni zamanda 36 ayda ona verilməli olan əmək haqqının, təxminən 20000 manat maddi ziyanın, 6000 manat mənəvi ziyanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.06.1998-ci il tarixdən polis serjantı rütbəsində Bakı şəhəri Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətə başlamış, 12 il Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətdən sonra, onu Suraxanı rayon Mühafizə Polis İdarəsinə keçirməklə xidmətini davam etmişdir. Xidmət etdiyi illər ərzində rəislərindən təşəkkürnamələr, pul mükafatlarını almış, 30.12.2015-ci il tarixinə kimi xidmət etmişdir. Xidməti təqaüdə çıxmasına 5 ay qalmış onu xidmətdən xaric etmişlər. Ona tətbiq edilən töhmət, şiddətli töhmət verməklə işdən xaric etmişlər. Əsasnamənin tələblərini pozmuşlar. 28.01.2017-ci il tarixdə ailə vəziyyəti nəzərə alınaraq işinə bərpa edilmişdir. 25.07.2019-cu il tarixdən istefada olan polis serjantı sayılmaqla xidmətdən öz arzusu ilə xaric olunmuşdur. Lakin təqaüdə çıxarkən buraxılmış 3 il staj kimi qeyd edilməmişdir. Təqaüdə çıxarkən məvacibi 295 manat olmuşdur. Bu isə 20 il xidmət edən polis nəfəri üçün ən az olan məvacibdir. O, bununla bağlı Baş Mühafizə İdarəsinə ərizə ilə 06.03.2020-ci il tarixində müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmənin 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1515/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qərardadı ilə, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1733/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1515/2021 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etməli idi. İddiaçının hüquqi marağı da əmək pensiyasının yenidən hesablanması üçün qeyd etdiyi müddət nəzərə alınmaqla yeni məlumat vərəqəsinin verilməsinə nail olmaqdır. Belə olan halda, onun tələbi də məhz bu hüquqi marağa uyğun formalaşdırılmalıdır. Bakı İnzibati Məhkəməsində yeni məhkəmə baxışı zamanı, iddiaçıya hüququi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı 04.02.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması üçün 06.01.2016-cı il tarixdən 28.01.2019-cu il tarixədək olan müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Həmin tarixdə məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Baş Mühafizə İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, Baş Mühafizə İdarəsinin mühafizə hissələri qarşı tərəflə mühafizə haqda bağladığı müqavilələrin bəndlərindən biri də obyektdə baş verən oğurluq hadisəsi barədədir. Həmin bənddə göstərilmişdir ki, oğurluq mühafizə əməkdaşının təqsiri səbəbindən, yəni polis əməkdaşının qoruduğu obyektdə sayıqlığı itirərək yatması ilə əlaqədar olduqda məsuliyyət tam mühafizə tərəfinin üzərində qalır və bu halda dəymiş ziyan mühafizə tərəfindən ödənilir. İddiaçı da xidmət apardığı postda dəfələrlə yatması ilə bağlı intizam tənbehi almışdır. İntizam tənbehlərindən nəticə çıxarmadığı üçün 30.12.2015-ci il tarixdə DİO-da xidmətdən (Əsasnamə 135.10) xaric olunmuşdur. Mənfi motivlə xidmətdən xaric edilən İddiaçı həmin vaxt təqvimi hesablamaya görə 19 il xidmət illəri olmuşdur. Lakin DİN-in rəhbərliyinin qəbulunda olarkən onun yenidən xidmətə qəbul olunmasının mümkünlüyü barədə qərar qəbul edilmiş və DİN-in Daxili Təhqiqatlar İdarəsinin 15.02.2017-ci il tarixli rəyinə əsasən xidmətə bərpa deyil, yenidən qəbul edilmişdir. Lakin yeni qəbul olunmuş əməkdaş xüsusi yoxlamalar keçməlidir ki, bu barədə onun ərizəsi tələb olunur. İddiaçı ərizə verməmiş, xidmətə bərpa olunmaq üçün israr etmişdir. Bunun mümkünsüzlüyünü görən İddiaçı 30.12.2019-cu il tarixdə xidmətə yenidən qəbul olmağa qane olmuş və 25.07.2019-cu il tarixdə pensiya hüququ əldə edərək öz arzusu ilə DİO-da xidmətdən xaric edilmişdir. Yubanma onun özündən asılı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı Qərarına 22 iyul 2004-cü il tarixli 98 saylı Qərarla dəyişiklik edilərək “xidmət illəri, iş stajı” sözlərinin əvvəlinə “fasiləsiz” sözü əlavə edilmişdir. Bundan əlavə Nazirlər Kabinetinin 5 iyun 2014-cü il tarixli 174 saylı Qərarında göstərilmişdir ki, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. İddiaçı yenidən xidmətə qəbul olunarkən DTİ-nin rəyində və müvafiq əmrdə “faktiki fasilə nəzərə alınmamaqla xidmətə yenidən qəbul edilsin” sözləri göstərilmişdir. Yəni arada olan fasilə xidmət illərinə daxil edilmir. Cavabdeh yuxarıda göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia üzrə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əmək pensiyasının təyin edilməsi haqqında **********3 nömrəli, 07.10.2019-cu il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 26.07.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən 295,40 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir; Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 847 №-li “Məlumat Vərəqi”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 25.07.2019-cu il tarixdə öz arzusu ilə istefaya buraxılmış, onun 25.07.2019-cu il tarixədək təqvim üzrə xidmət illəri 20 il 1 gün, güzəştli xidmət illəri yoxdur, cəmi iş stajı və xidmət illəri 20 il 1 gün təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12 mart 2020-ci il tarixli 038-5005İ-3220 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəyinə əsasən faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarına xidmətə bərpa deyil, yenidən qəbul olunduğundan 3 illik faktiki fasilənin xidmət illərinə hesablanması mümkün olmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 12 mart 2020-ci il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Lənkəran rayonunda anadan olduğu, orta təhsilli, Silahlı Qüvvələrdə 24.12.1989-08.12.1991-ci illərdə qulluq etdiyi, daxili işlər orqanlarında 18.06.1998- 10.01.2016-cı illərdə (135-10) xidmət etdiyi, 30.01.2019-cu ildə xidmətə yenidən qəbul edilərək Xəzər RMİ-nin polis nəfəri vəzifəsinə təyin edildiyi, BMİ-nin 25.07.2019-cu il tarixli Ə1074 ş/h-038-19 nömrəli əmri ilə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric edildiyi müəyyən edilmişdir. İddiaçı DİO-da xidmətdən xaric olunarkən 25.07.2019-cu il tarixə xidmət müddəti təqvimi hesablama ilə -20 il, 00 ay, 01 gün təşkil etməklə pensiya hüququ əldə etmişdir. İddiaçı DİN-in Daxili Təhqiqatlar İdarəsinin 15.02.2017-ci il tarixli rəyinə əsasən faktiki fasilə nəzərə alınmamaqla DİO-da xidmətə bərpa deyil, yenidən qəbul olunmasını, eləcə də DİN-in 11.06.2002-ci il tarixli 225 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında vəzifələrin komplektləşdirilməsi qaydaları haqqında Təlimat”ın 8.3-cü (xidmətdəki faktiki fasilə xidmətə yenidən qəbul olunmuş əməkdaşın ümumi xidmət stajına daxil edilmir) bəndini nəzərə alaraq onun 3 illik faktiki fasiləsinin xidmət illərinə hesablanması mümkün olmamışdır; Baş Mühafizə İdarəsinin 06 yanvar 2016-cı il tarixli əmrinin surətindən (iş/v 90) görünür ki, polis serjantı İddiaçı, Bakı şəhəri Suraxanı Rayon Mühafizə Şöbəsinin polis nəfəri, 10 yanvar 2016-cı il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə” müvafiq olaraq xidmətdən xaric edilmişdir; Baş Mühafizə İdarəsinin 28 yanvar 2019-cu il tarixli əmrinin surətindən (iş/v 92) görünür ki, İddiaçı 30 yanvar 2019-cu il tarixdən faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilərək Bakı şəhəri Xəzər Rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsinə təyin edilmiş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə” müvafiq olaraq “polis serjantı” xüsusi rütbəsi bərpa olunmuşdur; Baş Mühafizə İdarəsinin 25 iyul 2019-cu il tarixli əmrinin surətindən (iş/v 91) görünür ki, polis serjantı İddiaçı, Xəzər Rayon Mühafizə İdarəsinin polis nəfəri, “istefada olan polis serjantı” sayılmaqla 25 iyul 2019-cu il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə” müvafiq olaraq (öz arzusu ilə) xidmətdən xaric edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmiş 06 yanvar 2016-cı il tarixli əmrlə xidmətdən xaric edilmiş, 28 yanvar 2019-cu il tarixli əmrlə faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilmiş, 25 iyul 2019-cu il tarixli əmrlə isə öz arzusu ilə xidmətdən xaric edilməklə pensiyaya çıxmışdır. Hazırda 06 yanvar 2016-cı il tarixdən 28 yanvar 2019-cu il tarixədək olan müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi tələbini irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4-cü bəndinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə qeyd edir ki, mübahisəyə (hər iki tələbə) düzgün hüquqi qiymət verilməsi iddiaçının xidmətdəki qeyd edilən faktiki fasilə dövrünün onun xidmət illərinə hesablanmalı olub-olmamasından asılıdır ki, bununla bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 152-ci bəndinə əsasən, bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin 8-ci abzasına əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməmiş, faktiki fasilə nəzərə alınmamaqla xidmətə yenidən qəbul edilmişdir. Bu barədə əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, 3 illik faktiki fasilənin iddiaçının xidmət illərinə hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi tələbləri təmin edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tayinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqəsinin verilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-339/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-339/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver