Məhkəmə qərarları › İş №2-1(112)-3390/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3390/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3390/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X1 X6 xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Dövlət Arxivi tərəfindən Zaqatala rayonu “Dan Ulduzu” adına kolxozun üzvü kimi onun verilmiş 1972-1997-ci illər üzrə əmək haqqı arayışına və Balakən rayonu THTS “Avtonəqliyyattikinti” tərəfindən verilmiş xx.xx.1997-ci ildən xx.xx.1998-ci illər üzrə əmək haqqı barədə arayışa əsasən həmin illərdə kolxozda və THTS “Avtonəqliyyattikinti”də işləməsi ilə əlaqədar həmin müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubuna əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını göstərmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin iş üzrə 2-1(116)-1256/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Zaqatala rayonu “Dan Ulduzu” adına kolxozun üzvü kimi onun verilmiş 1972-1997-ci illər üzrə əmək haqqı arayışına və Balakən rayonu THTS “Avtonəqliyyattikinti” tərəfindən verilmiş xx.xx.1997-ci ildən xx.xx.1998-ci illər üzrə əmək haqqı barədə arayışa əsasən həmin illərdə kolxozda və THTS “Avtonəqliyyattikinti”də işləməsi ilə əlaqədar həmin müddətin sığorta stajına daxil edilməklə 64,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, hazırda Zaqatala rayonunun Mamrux kəndində ailəsi ilə birlikdə yaşayır. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağrılmış və hərbi xidməti başa vurduqdan sonra öz kəndinə qayıtmış, orta məktəbi bitirdikdən sonra 1972-1974-cü illərdə Mamrux kənd “Dan Ulduzu” kolxozunda maldar kimi işləmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra 1977-ci ildə Mamrux kənd “Dan Ulduzu” kolxozunda yenidən işə qəbul olunmuş və 1997-ci ilədək həmin kolxozun fermasında işləmişdir. Lakin həmin kolxozun idarə heyəti işçilərinin səhlənkarlığı üzündən ona kolxozçunun əmək kitabçasının verilməsi təmin edilməmişdir. 1997-ci ilin yanvar ayından Balakən rayonunun THTS “Avtonəqliyyattikinti”-də 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul olunmuş, 1997-ci ilin yanvar ayından 1998-ci ilin yanvar ayına kimi orada işləmiş, ona əmək kitabçası verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 23 il 11 ay 28 gün olmaqla qanunla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda Zaqatala rayon rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 94 nömrəli arxiv arayışına əsasən iddiaçının Mamrux kənd “Dan Ulduzu” adına kolxozda 1972-1974, 1977- 1997-ci illərdə işləməsi və işləmiş adam günlərinin norması göstərilmişdir. Bu arxiv arayışına əsasən onun 21 il sosial sığorta stajı olduğu görünür. İşin mübahisələndirilməyən halı iddiaçının xx.xx.1974–xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu dövrlərdir. İşin mübahisələndirilən halları iddiaçının 1972-1974, 1977-1997-ci illərdə kolxozda və xx.xx.1997– 5.01.1998-ci illərdə Balakən rayonun THTS “Avtonəqliyyattikinti”-də işlədiyi illərdir. İddiaçının kolxozda və Balakən rayonun THTS “Avtonəqliyyattikinti”-də işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır və pensiya kapitalı da qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 64 il 6 aydır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64,5 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan, iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 64,5 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı tələb olunan ilkin şərti – yaş tələbini ödəyir. İddiaçının 25 il iş sığorta stajının olması məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçı sığorta stajını təsdiq edən əmək kitabşasını məhkəməyə təqdim etməmişdir. Lakin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, istinad olunan normalardan məlum olur ki, şəxsin əmək kitabçası olmasa da, arxiv arayışı, əmək haqqı cədvəlləri mövcud olduqda müvafiq dövr onun ümumi iş stajına daxil edilməlidir. İşdə olan iddiaçıya məxsus H3 №32101109 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət keçmişdir (1 il 11 ay 29 gün). İşdə olan Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 94 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Dan Ulduzu” adına kolxozda “maldarlıq” vəzifəsində 1972-ci ildə 212 gün, 1973-cü ildə 256 gün, 1974-cü ildə 224 gün, 1977-ci ildə 97 gün, 1978-ci ildə 202 gün, “kolxozçu” vəzifəsində 1979-cu ildə 40+366 gün, “fermer” vəzifəsində 1980-ci ildə 311 gün, 1981-ci ildə 40+249, 1982-ci ildə 40+245, 1983-cü ildə 40+259, 1984-cü ildə 40+249, 1985-ci ildə 40+260, 1986-cı ildə 40+241, 1987-ci ildə 40+240, 1988-ci ildə 40+230, 1989-cu ildə 40+245, 1990-cı ildə 40+240, 1991-ci ildə 40+262, 1992-ci ildə 40+242, 1993-cü ildə 215 gün, 1994-cü ildə 236 gün, 1995-ci ildə 215 gün, 1996-cı ildə 225, 1991-ci ildə isə 93 günü işləmişdir. Həmin arayışa əsasən “Dan Ulduzu” adına kolxozda 1972-ci ildə minimum adamgün norması 240, 1973-1974 və 1977-1989-cu illərdə 200, 1990-1997-ci illərdə isə 180 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə qeyd edir ki, İddiaçı 1973-1974 və 1978-1996-cı illərdə minimum adamgün normasını yerinə yetirdiyindən həmin illər tam il kimi iddiaçının sığorta stajına daxil edilməlidir. 1972, 1977 və 1997-ci illərdə isə minimum adamgün normasından az işlədiyi üçün həmin illər işlədiyi müddətdən asılı olaraq sığorta stajına daxil edilməlidir. Belə olan halda aydın olur ki, iddiaçının “Dan Ulduzu” adına kolxozda ümumi iş stajı 22 il 10 ay 6 gün olmuşdur (1973-1974 və 1977-1989-cu illər – 21 il, digər illər üzrə isə 1 il 10 ay 6 gün (212×12÷240=10.6; 97×12÷200=5.82; 93×12÷180=6.2). İddiaçının xx.xx.1974-xx.xx.1974-cü illərdəki iş stajı həm kolxozda işləməsi, həm də hərbi xidmətdə olması ilə bağlı üst-üstə düşdüyündən, bu dövrlərdən biri əsas götürülür və belə olan halda müəyyən olunur ki, iddaçının 64,5 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 24 il 9 ay 5 gün ümumi iş stajı olmuşdur. İşdən görünür ki, iddiaçı arxiv arayışı və hərbi biletdən əlavə iş stajının təsdiq edilməsi üçün “Azəravtonəqliyyat” Dövlət Konserni, “Azəravtonəqliyyatlayihətikinti” Layihə- Sənaye Tikinti Birliyi Balakən rayonu Səyyar Mexanikləşdirilmiş dəstə tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışını təqdim etmişdir. Belə ki, həmin arayışa əsasən THTS “Avtonəqliyyattikinti”-də 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş İddiaçı xx.xx.1997-ci ildə (əmr nömrə: 05 §1) işə qəbul olunmuş, xx.xx.1998-ci ildə (əmr nömrə:08 §2) ərizəsinə əsasən işdən azad edilmişdir. Məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Belə ki, arayışda göstərilən dövrün araşdırılması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azəravtonəqliyyat” Dövlət Konserni, “Azəravtonəqliyyatlayihətikinti” Layihə-Sənaye Tikinti Birliyi X2 dəstə heç vaxt Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olmamışdır. Buna görə də tələb olunan sənədlərin, o cümlədən İddiaçı əmək münasibətlərini tənzimləyən sənədlərin təqdim edilməsi mümkün deyildir. X4 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azəravtonəqliyyat” Dövlət Konserni, “Azəravtonəqliyyatlayihətikinti” Layihə-Sənaye Tikinti Birliyi X2 Dəstənin arxiv sənədləri Xidmətdə mövcud deyildir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azəravtonəqliyyat” Dövlət Konserni “Azəravtonəqliyyatlayihətikinti” Layihə-Sənaye Tikinti Birliyi X2 Dəstəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Balakən Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azəravtonəqliyyat” Dövlət Konserni “Azəravtonəqliyyatlayihətikinti” Layihə-Sənaye Tikinti Birliyi X2 Dəstənin sənədləri Balakən rayon dövlət arxivinə təhvil verilməmişdir. Göründüyü ki, məhkəmə sorğularına cavab olaraq nə iddiaçının işlədiyi həmin müəssisə, nə də iddiaçının fəaliyəti barədə məlumat əldə edilmişdir. Digər tərəfdən, işdən müəyyən olunur ki, iddiaçı 1997-ci ildə 93 gün “Dan Ulduzu” adına kolxozda işləsə də, “Azəravtonəqliyyat” Dövlət Konserni, “Azəravtonəqliyyatlayihətikinti” Layihə-Sənaye Tikinti Birliyi X2 dəstə tərəfindən verilmiş arayışda iddiaçının 1997-ci ilin yanvar ayından dekabr ayına qədər həmin müəssisədə işlədiyi göstərilmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi X2 Dəstənin arayışı surət olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı nəinki iddiaçının həmin müəssisədə işləməsi faktı, müəssisənin özünün fəaliyyət göstəməsi müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, arayışda istinad olunan əmrlər, müəssisənin fəaliyyət göstərməsini təsdiq edən təkzibedilməz sübutlar olmadan iddiaçının təqdim etdiyi arayış mötəbər hesab oluna və həmin dövr iş stajına daxil edilə bilməz. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının 64,5 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə ümumi is stajı 25 ildən az, 24 il 9 ay 5 gün olmuşdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdehin təqdim etdiyi məlumatdan görünür ki, X1 X6 xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi arayışlara əsasən onun 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququnu pensiya kapitalına çevrdikdə isə, həmin məbləğ minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, işin istinad edilən hallarından aydın olur ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ikinci şərt, 25 il sığorta stajının olması, yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının əmək stajını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar