Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3393/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən onun xeyrinə 50000 (əlli min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair sərəncama dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsini dəqiqləşdirərək həmin hissənin “cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2016-cı ildə qeydiyyat ünvanını dəyişmək məqsədilə ASAN xidmətə müraciət etmişdir, lakin hicabla şəkil çəkməyə icazə olmadığını bildirərək hicabsız şəkil çəkdirməyə məcbur etmişlər. Sonra qeydiyyat ünvanı üzrə Abşeron rayon Polis bölməsinə müraciət etmiş, burada da ona şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə imtina edilmişdir. Səbəb olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bununla bağlı xüsusi tapşırıq olduğunu bildirmişlər. O da o zaman qanunları bilmədiyi və vəsiqə ona təcili lazım olduğu üçün dərinliyinə varmamış və hicabını açmaq məcburiyyətində qalmışdır (vəsiqə üçün şəkil çəkdirmək məqsədilə). Bu onun şərəf və ləyaqətimin alçaldılması, Konstitusiya ilə ona verilən vicdan və din azadlığının, eləcə də vətəndaş hüquqlarının pozulması yönündə bir addım idi. Sonrakı müddətdə araşdırma edib şəxsyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək barədə qanunda heç bir qadağa olmadığına əmin olduqdan sonra 2020-ci ilin dekabr ayında o, şəxsiyyət vəsiqəsini yeniləmək və artıq hicablı şəkli olan yeni şəxsiyyət vəsiqəsi almaq üçün yenidən ASAN xidmət mərkəzinə müraciət etmişdir. Lakin yenidən BPQMİ-nin xüsusi tapşırığı olduğunu bildirərək ona imtina olunmuşdur və onun şikayətinin aidiyyatı üzrə müvafiq inzibati orqana, yəni BPQMİ-nə yönəldildiyi bildirmişlər. Daha sonra da BPQMİ elektron ünvanına rədd cavabının “əsası” göndərilmişdir. Əsas sözünü dırnaq içində qeyd etməyinin səbəbi, ona əsas olaraq göstərdikləri yazının əslində hicablı şəkil ilə şəxsiyyət vəsiqəsi almağına imtina üçün əsas olmamasıdır. Belə ki, BPQMİ Azərbaycan Respublikası qanunvericiliyində şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək nəzərdə tutulmadığını deyir, bu isə, xüsusi vurğulamışdır ki, qadağa olunduğu anlamına gəlmir. Bu qanunda boşluq sayılır və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qanunda olan istənilən boşluq vətəndaşın xeyrinə həll olunmalıdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində o, arzu olunmaz vəziyyətə və biabırçılıq vəziyyətə düşmüşdür. Bu günə qədər artıq 5 ildir ki, baxmayaraq ki, o gündəlik həyatında hicablıdır, şəxsiyyət vəsiqəsi təqdim edilməli hər yerdə həmin hicabsız şəkli olan vəsiqəsini göstərmək məcburiyyətində qalmışdır və hər kəs onu hicabsız, başı açıq görür. ASAN xidmətə hər hansı bir iş üçün gedəndə növbə çatan zaman vəsiqəsindəki şəkil monitorda bütün hər kəsin görə biləcəyi şəkildə nümayiş etdirilir və gözləmə zalındakı hamı görür. Bu hər dəfə onun hicabını ictimai yerdə hər kəsin gözü önündə zorla açmağa bərabərdir ki, bu da onun şərəf və ləyaqətini dəfələrlə, təkrar-təkrar alçaltmaq deməkdir. İslam dinində qadının hicabı həm qadının, həm də qadının həyat yoldaşının namusu demək olduğunu xüsusi vurğulamışdır ki, onun və onun həyat yoldaşının düşdüyü durumda cavabdehin qəbahətinin nə dərəcədə böyük olduğu tam aydın olsun. Namusun hər kəs üçün çox dəyərli meyar olduğunu da vurğulamadan keçə bilmir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsiin 23 və 1097, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən onun şərəf və ləyaqətini alçatdığı, hüquq və azadlıqlarını məhdudlaşdırdığı, qanunla qadağa olmayan bir şeyi məlumatsızlığından, ondan asılı olduğundan (bilir ki, şəxsiyyət vəsiqəsi almağa məcburdur) istifadə, həmçinin vəzifəsindən suiistifadə edərək ona qadağan etdiyi üçün ona dəymiş mənəvi zərərin əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 50000 (əlli min) manat dəyərində qiymətləndirir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə iddia ərizəsi ilə bağlı yazılı münasibətini təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli, 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli, 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məktubla məhkəməyə müraciət edərək iddiaya dair növbəti məhkəmə baxışlarının və sonrakı proseslərinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş xx.xx.2032-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. - Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 910593 №-li, xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əli, arvada Əliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 018- 127227-42 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, Beynəlxalq Mülki Aviasiya Təşkiatının (İCAO-nun) 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarında yuxarıda göstərilən müstəsna hallar öz əksini tapmadığından, şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alan zaman şəkili baş örtüksüz çəkilmişdir. İddiaçı baş örtüklü - hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. - 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. - 25-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. - 2-ci bəndinə əsasən vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X5” yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin: - 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. - 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. «X2rşı» işində hicabın taxılması ilə bağlı Konvensiyanın üzv dövlətlərinin insan hüquq və azadlıqlarının tənzimlənməsi baxımından qiymətləndirmə sərbəstliyini nəzərə almaqla Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, inzibati orqanın dini etiqad azadlığının həyata keçirilməsi ilə bağlı bu məsələdə müdaxiləsi qanunla qorunan məqsədlərə mütənasib olmaqla əsaslıdır və bu səbəbdən də demokratik cəmiyyətdə zəruri hesab edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə icazə verilməsinə dair müddəa mövcud deyildir, beynəlxalq qanunvericilikdə təsbit edilmiş istisnalardan hər hansı birinin olması isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının “cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İddia tələbinin həmin hissəsi rədd edildiyindən məhkəmə iddia tələbinin onunla bağlı olan mənəvi zərərin ödənilməsi hissəsinin də rədd edilməli olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3393/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3393/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver