Məhkəmə qərarları › İş №2-1(112)-3393/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3393/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3393/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X14, X20, X15, X16, X18 və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) 29.06.2021-ci il tarixli İPK 493-05 nömrəli alqısatqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzili almışdır və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil hazırda onun mülkiyyətindədir.

2. Həmin mənzildə iddiaçı ilə yanaşı 22.04.1969-cu il təvəllüdlü X14, 21.02.1997-ci il təvəllüdlü X20, 28.10.1995-ci il təvəllüdlü X15, 12.06.1999-cu il təvəllüdlü X16, 18.04.1967-ci il təvəllüdlü X18 və 24.02.1990-cı il təvəllüdlü X6 (bundan sonra - üçüncü şəxslər) qeydiyyatdadırlar.

3. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, Cavabdeh 09626386B-12D nömrəli, 14.10.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həllinin mümkün olmadığını bildirmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

4. Bundan sonra İddiaçı 27 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X14, X20, X15, X16, X18 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilə dair DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Eyni zamanda iddiaçı adıçəkilən mənzili 29.06.2021-ci il tarixində X4 alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır. Alqı-satqı prosesi Bakı şəhəri 12 saylı notariat ofisində həyata keçirilmişdir. Müqavilənin 2.2.2-ci və 2.2.4-cü maddəsinə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi və 30 (otuz) gün müddətində qeydiyyatdan çıxmaq öhdəliyini götürmüşdür. Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirmir. Eyni zamanda iddiaçı bildirir ki, ünvanda qeydiyyatda olan şəxslər ona məxsus olan mənzildə yaşamırlar. Üçüncü şəxslərin ona məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı AR DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin AR DİN Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 14.10.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, qeyd edilən şəxsin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması AR DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin səlahiyyəti daxilində deyil. Qeyd edilənlərlə yanaşı məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyyə edilmişdir.

6. Məhkəmənin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-11824/2021 saylı qərardadı ilə X14, X20, X15, X16, X18 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəməyə göndərdiyi 14.12.2021-ci il tarixli, 09631691-1221 nömrəli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

12. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan 29.06.2021-ci il tarixli İPK 493-05 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X12 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzili İddiaçı mülkiyyətinə verir.

13. İş materiallarında olan ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzilə iddiaçının mülkiyyət hüququ 30.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********39-05101-093076 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 05.10.2021-ci il tarixli Arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzildə iddiaçıdan başqa X14, X20, X15, X16, X18 və X6 da qeydiyyatdadırlar.

15. İş materiallarında olan 4 saylı Notariat ofisinə ünvanlanan 22.06.2021-ci il tarixli, **********3713 nömrəli ərizəyə əsasən X14, **********894 nömrəli ərizəyə əsasən X20, **********3712 nömrəli ərizəyə əsasən X15, **********891 nömrəli ərizəyə əsasən X6, **********890 nömrəli ərizəyə əsasən X18 və **********3711 nömrəli ərizəyə əsasən X16 ipoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-.şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür.

16. İşdə olan Bakı şəhər İcra Hakimiyəti Mənzil-Kommunal Təsərrüfatı Departameninin Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən məhkəmənin müvafiq sorğusuna daxil olmuş 22.11.2021-ci il tarixli, 01-13/101 nömrəli cavab məktubundan görünür ki, Suraxanı rayon MKTB-nin 63 saylı MKİS-nin 18.11.2021-ci il tarixli, 127 saylı cavab məktubuna əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14, mənzil 10 ünvanında faktiki olaraq X3 və X5 yaşayır.

17. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmənin müvafiq sorğusuna daxil olmuş 22.11.2021-ci il tarixli, **********90 nömrəli cavab məktubundan görünür ki X10 adına 19.11.2016-cı il tarixdə ünvan 1 qeydiyyatdan keçmişdir, lakin 20 saylı DNK-nın 19.01.2019-cu il tarixli 4Ə-03 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd olunan digər şəxslərin-X14, X20, X15, X16 və X1 mənzildə mülkiyyət və istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

18. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzilin İddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzilə heç bir hüquqlarının olmaması və hazırda orada yaşamamaları məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.

19. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

20. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

21. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

23. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

24. İşdən müəyyən olunur ki, X12 mübahisəli mənzili 2021-ci ildə iddiaçıya satmış, mənzilin alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan üçüncü şəxslər-X14, X20, X15, X16, X18 və X6 mənzilin satılmasına razı olmuşlar, bununla mənzilə dair hüquqlar iddiaçıya keçmiş, həmin şəxslərin mənzilə olan hüquqlarına isə xitam verilmişdir.

25. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

26. Beləliklə, iş materialları ilə üçüncü şəxslərin mübahisəli mənzilin satılmasına etiraz etməməsi, həmin mənzilə dair heç bir hüquqlarının olmaması, hazırda həmin mənzildə yaşamaması tam təsdiq olunduğundan onların mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər 22.04.1969-cu il təvəllüdlü X7, 21.02.1997-ci il təvəllüdlü X13, 28.10.1995-ci il təvəllüdlü X8, 12.06.1999-cu il təvəllüdlü X9, 18.04.1967-ci il təvəllüdlü X10 və 24.02.1990-cı il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 14 ünvanında yerləşən 10 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar