Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3393/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müraciət edərək iddia ərizəsində yazılmış mənzil sözünün ev kimi başa düşülməsini xahiş etmiş, həmçinin ərizə verərək Nərimanov rayonu ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi əmlak xalası P.Məmmədovanın istifadəsində olmuş, həmin əmlakı o, erməni milliyyətindən birindən almış, xalası vəfat etdiyi tarixədək orada yaşamış, lakin sənədləşmə işlərini başa çatdıra bilmədən vəfat etmişdir. İddiaçıdan başqa həmin şəxsin vərəsəsi yoxdur. Müraciət heç bir əsaslı səbəb olmadan cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda, sahənin bir hissəsi qeydiyyatdan keçmiş başqa bir yaşayış sahəsi ilə müəyyən hissədə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, subyektiv hüquqla bağlı da ümumi mümkünlük şərti hal hazırda ödənilmiş və tələbin məxsus olma haqqında arayışın verilməsi formasında olması da məhkəmə məqbul hesab edir. Qeyd olunmalıdır ki, məxsus olma haqqında arayışın verilməsinə dair digər növ işlərdə vərəsəlik şəhadətnaməsi olmasa belə məhkəmə iddianın mahiyyəti üzrə baxılmasında neçə ki, notarius tərəfindən təqdim edilən məktuba istinad etməklə baxır, hazırkı iş üzrə də hər nə qədər həmin məktubla vərəsəlik işinin açılmasının mümkünsüzlüyü tərəfin diqqətinə çatdırsa da həmin məktubla hazırkı işə də mahiyyəti üzrə baxılması mümkün hesab edilməlidir. Belə ki, iddiaçının həmin müraciətinin mahiyyətindən də aydın olur ki, xalası P.Məmmədovanın vərəsəsi qismində iddiaçının tanınması üçün mütləq qaydada həmin əmlakın vəfat etmiş şəxsə məxsus olması müəyyən edilməlidir. Həmin əmlak qeyd olunan şəxsə məxsus olarsa da vərəsəlik işinin açılmasından və iddiaçı yeganə vərəsə olarsa həmin əmlakın iddiaçının mülkiyyətinə keçməsindən söhbət gedə bilər. Lakin, notarius digər işlərdən fərqli olaraq iddiaçıya ümumiyyətlə həmin vərəsəlik işinin sənəd olmadığına görə açılmasından imtina etmişdir ki, həmin məktub və iddiaçının hüquqi marağı nəzərə alınmaqla hesab olunur ki, hazırkı işə mahiyyəti üzrə baxılmasına mane olmur. Necə ki, heç bir hüquqmüəyyənedici sənəd olmadan iddia verilərkən mahiyyəti üzrə təmin edilməsə belə subyektiv hüququn mövcudluğu əsas götürülməklə işə baxılır həmin məktub nəzərə alınmaqla vəfat etmiş şəxsin subyektiv hüququ, ən azından məhkəməyə müraciət etmək hüququ iddiaçı tərəfindən davam etdirilməsi mümkün hesab edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin iddiaçının xalası P.Məmmədovaya və iddiaçının özünə imtina məktublarından görünür ki, əmlaka dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə istinad edilərək çıxarışın verilməsindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, P.Məmmədova 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının anası B.Məmmədova isə 2020-ci il tarixdə vəfat etmişdir. Arayışdan görünür ki, iddiaçının xalası P.Məmmədova həmin əmlakda yaşamışdır. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, qeyd olunan əmlaka dair iddiaçının adına hər hansı sənəd mövcud olmamışdır. Notariusun məktubundan görünür ki, iddiaçı X1 vərəsəsi kimi tanınması barədə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı da müxtəli inzibati orqanlara sorğular nəticəsində hər hansı sənəd müəyyən edilməmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3393/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3393/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver