Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3394/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 sentyabr 2020-ci il **********3 nömrəli məktubla verilmiş imtinasının əsassız hesab edilməsi, ona işsiz kimi 2020-ci ilin aprel ayından 190 manat məbləğində nəzərdə tutulmuş müavinətin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Məşğulluq Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun, avqust, dekabr ayları üçün hər ay 190 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun illərdir işsizdir və müvafiq yerlərə müraciət etsə də, yaşı ilə əlaqadar müxtəlif nəticəsi olmayan cavablar almışdır. Hazırkı vəziyyətdə dünyada, o cümlədən Azərbaycanda da baş vermiş pandemiya ilə əlaqadar iş yerlərinin məhdudluğu səbəbindən işləməyən və ərazi üzrə məşğulluq mərkəzlərində qeydiyyatdan keçmiş şəxslərə 190 manat müavinətin verilməsi nəzərdə tutulmuşdur. O da müvafiq qaydada heç yerdə işləmədiyi üçün 2021-ci ilin mart ayında Azərbaycan Respublikası ƏƏSMN-nə SMS vasitəsilə müraciət etmişdir. Ona 2020ci ilin aprel ayında SMS vasitəsilə cavab verilmişdir ki, məşğulluq haqqında Azərbaycan Respublikası qanununun 4.1.3-cü maddəsinin tələbinə əsasən işsizliklə əlaqadar nəzərdə tutulmuş 190 manat məbləğində müavinətin verilməsi ona şamil olunmur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Onun mülkiyyətində yalnız Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində bağ evi tikilməsi üçün 6.5 sot bağ torpaq sahəsi vardır və o, həmin sənədin surətini cavabdehə təqdim etmişdir. O, bir neçə dəfə müraciət etsə də, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehi nümayəndəsi X6 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxlərə ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.4-cü bəndində birdəfəlik ödəmə ilə əlaqədar əlavə bir tələb daha qeyd edilmişdir. Qeyd edilən Qərarın 2.4-cü maddəsinə əsasən, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin yuxarıda qeyd edilən Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Araşdırma nəticəsində Ədliyyə Nazirliyinin informasiya ehtiyyatlarından “Məşğulluq” altsisteminə inteqrasiya olunmuş məlumatda iddiaçının evli olduğu və arvadı - X1 (FİN: 1FTABQN) 23.04.2020 tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində (bundan sonra MAS) “İşsiz” statusu verilmişdir. İddiaçının arvadı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə MAS-da “işsiz” statusunda olduğuna görə 5 ay aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə almışdır. Beləliklə, iddiaçının arvadının 5 ay aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə aldığı faktına görə və Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarının 2.4-cü maddəsinin tələblərinə uyğun olaraq birdəfəlik ödəmənin ödənilməsindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun 190 manat birdəfəlik yardım ilə əlaqədar müraciətinə baxılmış və Azərbaycan Respublikasının məşğulluq xidməti haqqında qanun 4.1.3-cü maddəsinə əsasən ona 190 manat birdəfəlik yardım düşmədiyi bildirilmiş və ona birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 158 saylı bağ sahəsinə (0.0653 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyesrtində 585 nömrəli reyestr kitabının 55346 nömrəli vərəqində 28.10.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN X5 çıxarışından görünür ki, İddiaçı evlidir, həyat yoldaşı X2 23.04.2020-ci il tarixdə e-Sosial online müraciət etmiş və müraciətin cari statusu işsiz kimi qeyd edilmiş, ona 2020-ci ilin aprel, may, iyun, avqust, dekabr ayları üçün birdəfəlik ödəmələr təyina olunaraq ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmiş, lakin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğuna görə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı evlidir, həyat yoldaşı X2 23.04.2020-ci il tarixdə e-Sosial online müraciət etmiş, ona "Məşğulluq" altsistemində “İşsiz” statusu verilmiş və xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə MAS-da “işsiz” statusunda olduğuna görə ona 5 ay - 2020-ci ilin aprel, may, iyun, avqust, dekabr ayları üçün aylıq 190 manat məbləğində birdəfəlik ödəmələr verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.4-cü bəndinin tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3394/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver