Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3395/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı onun adına xx.xx.1981-ci il tarixdə, 80 saylı akt qeydi ilə Quba rayon Zərqava İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin dublikatının ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayon Zərqava İcra nümayəndəliyi ərazisində xx.xx.1981-ci il tarixdə anadan olmuş və valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. Valideynləri ailəvi olaraq Bakı şəhərinə köçmüşlər və o, da Bakı şəhərində 66 nömrəli tam orta məktəbi bitirmişdir. Onu yaşadığı Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ küçəsi, ev yataqxana 3, mənzil 4 üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırmışlar və o, orta məktəb attestatını, doğum haqqında şəhadətnaməsini həmin idarəyə vermişdir. Orada isə ona məxsus sənədlr itmişdir. Hazırda atası X1 ilə Quba rayon Qeydiyyat Şöbəsindən doğum haqqında şəhadətnaməsini istədikdə şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişlər. Hazırda yaşadığı Suraxanı rayon Qeydiyyat Şöbəsindən doğum haqqında şəhadətnamənin dublikatının ona verilməsini xahiş etdikdə, ona 131-05/75 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 131-05/75 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsinə baxılaraq bildirilmişdir ki, onun doğumu Quba rayon Zərqava İcra Nümayəndəliyində xx.xx.1981-ci il tarixdə, 80 saylı aktla qeydə alınmışdır. Şəxsiyyət vəsiqəsi olmadığından, ərizəsinin Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Həmçinin bildirmişlər ki, “doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsi”nin Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəkdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəb tərəfindən verilmiş 896 nömrəli, 16 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı həqiqətən Suraxanı rayonu Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəbində 1993-1994-cü tədris ilinin sonunda xx.xx.1994cü il tarixli, 06 saylı Pedaqoji Şura iclasının protokoluna əsasən təkrar 7-ci sinifdə saxlanılıb və sonradan təhsilini davam etdirməmişdir. İşdə olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 135 saylı Mənzil Kommunal İstismar Sahəsi 48 nömrəli, xx.xx.2020-ci il tarixli iddiaçının fotoşəkilli arayışından görünür ki, İddiaçı həqiqətən Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 nömrəli evin 4 saylı mənzilində qeydiyyatsız olaraq atasının himayəsində yaşayır. İşdə olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 135 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 145 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan X7, mənzil 3 ünvanında yaşayan X3, mənzil 5 ünvanında yaşayan X2 öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən qonşuları İddiaçı tanıyırlar və o, ailəsi ilə birlikdə 1987-ci ildən bu ünvanda yaşayır. İşdə olan məhkəmənin sorğusuna əsasən Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş, iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, 80 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Azərbaycan Respublikası Quba rayonu Mahmudqılaq kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1981-ci il tarixdə Quba rayonu Zərqava İƏD tərəfindən 80 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X1, milliyəti: azərbaycanlı; anası: X5, milliyəti: azərbaycanlı. İşdə olan sənədlərdən və iddiaçının izahatından, aydın olduğu kimi iddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Quba rayonu Mahmudqılaq kəndində anadan olmuşdur. Onun doğumu Quba rayonu Zərqava İƏD tərəfindən doğum haqqında akt qeydləri kitabında 20 noyabr 1981-ci il tarixdə, 80 nömrə ilə qeydə alınmışdır. Həmin qeydin mövcud olması işdə olan sənədlərlə təsdiq edilir. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavbadeh imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almadığından cavabdehə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Hazırda doğum haqqında şəhadətnamənin təkrar verilməsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin vəzifəsidir. Odur ki, iddiaçının Quba rayonu Zərqava İƏD tərəfindən doğum haqqında akt qeydləri kitabında doğumu haqqında 20 noyabr 1981ci il tarixdə, 80 nömrə ilə aparılmış qeyd üzrə doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Republikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1, 2.2 və 2.2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundlan sonra – vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı 16 sentyabr 1981-ci il tarixdə Quba rayonu Mahmudqılaq kəndində anadan olması, habelə onun həmin tarixdə anadan olmasına dair 20 noyabr 1981-ci il tarixdə, 80 nömrəli doğum akt qeydinin aparılması işin materialları ilə sübut olunduğundan; beləliklə də, İddiaçı doğum akt qeydi cavabdeh Quba rayonu Zərqava İƏD tərəfindən aparılmaqla belə bir akt qeydi həqiqətən mövcud olduğundan, lakin Qeydiyyat Şöbəsi iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi əsasına görə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etdiyindən, bununla da İddiaçı doğum haqqında şəhadətnamənin təkrar alınmasına başqa qaydada nail ola bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 16 sentyabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 noyabr 1981-ci il tarixdə, 80 nömrə ilə qeyd aparılmış İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3395/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3395/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver