Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3395/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğvi və kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğvi və kompensasiya” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə müraciət edərək, 50.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Biləcəri Bələdiyyəsindən 50 000 manat məbləğində maddi və mənəvi zərərin xeyrinə tutulması və cavabdeh Biləcəri Bələdiyyəsi tərəfindən adına verilmiş xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarın və s. sənədlərin etibarsız sayılması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması və 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia “Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarının ləğv olunması” hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum atası X3 ilə birlikdə xx.xx.2013cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5 ünvanında yerləşən 200 kv.metr torpaq sahəsində tikilmiş 25 saylı evi X1 qarşılıqlı razılaşma əsasında almışdırlar. Biləcəri Bələdiyyəsində işləyən bir qadın bildirmişdir ki, Prezidentin müvafiq sərəncamına əsasən evlərə çıxarış almaq məqsədilə sənədləşdirmə aparılır və evlər siyahıya alınır. Ona görə də mərhum atası ilə birlikdə Biləcəri Bələdiyyəsinə getmişdir. xx.xx.2019-cu il tarixdə Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov tərəfindən həmin 200 kv.metr torpaq sahəsi ilə bağlı onun adına xx.xx.2006-cı il tarixli, 1035 saylı Bələdiyyə qərarı, həmin torpaq sahəsinin eskizi, torpaqların alqı-satqısına dair akt və həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim etmək üçün arayış verilmişdir. Həmin vaxt mərhum atası Bələdiyyə sədri İlham Xəlilova nə üçün Bələdiyyə qərarının verilmə tarixində xx.xx.2006-cı il göstərildiyini sual vermiş, bələdiyyə sədri İlham Xəlilov bunun 1035 saylı qərarın verilmə tarixi olduğunu bildirmişdir. İddiaçı 2020-ci ilin əvvəllərində Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovun verdiyi həmin sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, orada “COVİD-19”-la bağlı sənədlərin qəbulunun dayandırıldığını bildirmişdir. 2021-ci ilin iyun ayında keçmiş əri X2 Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq Biləcəri Bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov tərəfindən 200 kv.metr torpaq sahəsi ilə bağlı ona verilmiş həmin sənədlərin saxta olmasını bildirmişdir. Məhkəmə prosesində iddiaçının vəkili Arxiv İdarəsinə sorğu göndərərək, bu sənədlərin saxta olduğunu üzə çıxartmışdır. X4 sədri İlham Xəlilovun verdiyi həmin sənədlərin saxta olması barədə onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. Həmin səbəbdən də o, bugünə kimi istifadəsində olan 200 kv. metr torpaq sahəsilə bağlı müxtəlif problemlər yaşamışdır. Buna misal olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iddia tələbi mümkün sayılmamışdır. Həmin sənədlərin saxta olması səbəbindən yaşadığı digər problemlərdən biri də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İş №2(102)-656/2022) xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Əsgərov Azər Gürşad oğlunun kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6782/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışma göndərilməsinə qərar verilmişdir. Həmin qərarda verilmiş saxta sənədə istinad olunaraq iddiaçının gələcəkdə mülkiyyətə qanuni gözlənti hüququnun tanınması öz əksini tapmışdır. Bu qərarın qəbul olunması onun üçün böyük problemlər yaratmışdır. Həmin qərarların verilməsinə səbəb Biləcəri Bələdiyyəsinin sabiq sədri İlham Xəlilovun onun adına verdiyi saxta sənədlər olmuşdur. Bununla da o, Biləcəri Bələdiyyəsi tərəfindən aldanılmış və zərər çəkmişdir. Biləcəri Bələdiyyəsinin sabiq sədri İlham Xəlilovun onun adına verdiyi saxta sənədlər əsasında onun 200 kv. metr torpaq sahəsinə olan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Nəticədə ona mənəvi ziyan dəymişdir. Həmin sənədlərdə Biləcəri Bələdiyyəsinin möhürü, ştampı olmasına və adına verilməsinə baxmayaraq, əslində isə xx.xx.2006-cı il tarixli, 1035 saylı qərar Arxiv İdarəsində ünvan 1 ünvanında yaşayan X5 adına yazılmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddaçı real zərərin, habelə əldən çıxmış faydanın və şərəfin, ləyaqətin, işgüzar nüfuzunun ləkələnməsi nədən ibarət olmasını müəyyənləşdirə bilməyib. Ona görə ki, iddia ərizəsinin məzmununda göründüyü kimi İddiaçı aldığı xx.xx.2006 cı il tarixli, 1035 saylı qərar əvvəllər Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləmiş İlham Xəlilovla sövdələşmənin nətiəsində verilən qanunazidd tərtib olunmuş bələdiyyə qərarıdır. İddiaçı bələdiyyə qərarının qanunazidd olduğunu 2019-cu ildə bilirdi. Əgər iddiaçı ilə əri X6 nikahın pozulmasına dair məhkəmə mübahisəsi olmasaydı, İddiaçı İ.Xəlilovdan aldığı qərarın saxta olmasını qabartmazdı. Tərəflərindən aparılan araşdırılma zamanı müəyyən olundu ki, torpaq sahəsi əldə etmək istəyən İddiaçı 2006-cı il tarixdə bələdiyyəyə ərizə ilə müraciət etməyib. Ona torpaq sahəsinin ayrılmasına dair məsələnin bələdiyyənin hərhansı bir iclasında müzakirə olıınmasəna dair məlumat yoxdur. Hətda 2019-cu ildə belə İddiaçı həqiqətən qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi əldə etmək istəsə idi, ərizə ilə bələdiyyəyə müraciət etməli idi. Bələdiyyənin sədri isə bu məsələyə baxılması üçün iclas çağırmalı idi. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdhein nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarından görünür ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 200 kv.metr torpaq sahəsinin əlavə cizgi əsasında alqı-satqı yolu ilə ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı ayrılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin qərarda İddiaçı barəsində heç bir məlumat yoxdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1035 saylı qərarına görə cavabdehdən kompensasiya ödənilməsini tələb edir. Lakin arxiv məlumatlarına və iddiaçının iddia ərizəsində qeyd etdiyi hallara əsasən iddiaçı barədə qərar qəbul edilməmişdir və sözügedən nömrəli və tarixli qərar başqa şəxs barəsindədir. İddiaçı ona təqdim edilmiş qərarın mövcud olmadığını bilmədiyini (hətta həmin qərarda göstərilənin əksinə torpaq sahəsinin ayrılması ilə bağlı özünün bələdiyyəyə müraciətinin (ərizəsinin) olmadığını bildirmişdir) sübuta yetirə bilməmiş, və nəticə etibarilə bu halın ona maddi və ya mənəvi zərər vurduğunu da sübut etmək də mümkün olmamışdır. Məhkəmə, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3395/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3395/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver