Məhkəmə qərarları › İş №2-1(112)-3396/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3396/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3396/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X8 üçüncü şəxs (xx xxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 qanuni nümayəndəsi kimi) qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qeyri-qanuni hesab edilməsi və xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 ona məxsus ünvan 1 mənzil 87 ünvanında yerləşən mənzilə pasport qeydiyyatının ləğv olunması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 87 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüququnun qeydiyyatı haqqında ona xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənzildə o, X3, qızı X13, nəvələri xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X10 qeydiyyatdadır, lakin mənzildə yaşayan yeganə şəxs o, və oğlu Sənan Mustafayevdir. Oğlu X1 Aytən İsrafil qızı ilə rəsmi nikaha daxil olduqdan sonra Aytən onun mənzilinə qeydiyyata salınmış, lakin oğlu ilə aralarında olan nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X4 Aytən Mustafayevanın yanında qalması müəyyən edilmişdir. O, məhkəmədə iddia qaldıraraq Aytən Mustafayevanın mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X2 evdən qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkəmə qətnaməsi ilə onunla birlikdə qalan azyaşlı övladları onun mənzilində qeydiyyatda qalmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında X2 Binəqədi rayonu Ə.ünvan 3 mənzil 87 ünvanından qeydiyyatdan çıxması ilə bağlı onunla birlikdə yaşayan övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 da qeydiyyatdan çıxarılması üçün Cavabdehnə ərizə ilə müraciət etsə də, cavabdeh qurum hazırki vaxtadək onun müraciətinə heç bir cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, X8 üçüncü şəxs (xx xxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 qanuni nümayəndəsi kimi) qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 242328 №li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 87 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 87 saylı mənzilində qeydiyyatdadır. Həmin ünvanda X10, X12, həmçinin digər şəxslər X11 və X13 qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 059-23993-1220 saylı məktubundan görünür ki, X12 xx.xx.2016-cı ildən, X10 isə xx.xx.2016-cı ildən şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşlar və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 87 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2(001)-1608/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh X11 arasında xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1525 nömrə ilə qeyd edilməklə bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan uşaqları xx xxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 anaları X2 yanında qalmaları müəyyən edilmiş, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 atası X5 alınıb anası X2 himayəsinə verilməsi, qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(001)-983/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 87 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi təmin edilməmiş, qətnamənin X2 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 87 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qeyd edilmişdir. Qeyd olunan qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, X2 mübahisəli mənzilə istifadə hüququ olmamışdır. İş materiallarından görünür ki, X4 və X7 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları barədə iddiaçının ərizəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 018- 9999M-3719 saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslar üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeyd olunan maddəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçıya məxsus mübahisəli mənzildə deyil, himayəsində olduqları və adıçəkilən mənzilə istifadə hüququ olmayan anaları X8 ilə başqa bir yaşayış sahəsinə köçərək, orada yaşadıqları müəyyən olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, yetkinlik yaşına çatmayan X4 və X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 ünvan 1 mənzil 87 ünvanından qeydiyyatdan çıxarılmaları Bakı şəhəri Binədəqi rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar