Məhkəmə qərarları › İş №2-1(112)-3397/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3397/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3397/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (Bərdə rayonu Qarddəmirçi kəndində ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti olmaqla, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 99 saylı mənzilə dair mülkiyyət hüququmu təsdiq edən çıxarışı verilməsi üçün lazım olan hərəkətləri icra edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3397/2020 saylı 29 aprel 2020-ci il tarixli Qərardadına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin prosessual fəaliyyəti 3-cü şəxs qismində davam etdirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildən nikahda olduğu həyat yoldaşı X5 işlədiyi “Sərnişinnəqliyyat” Baş idarəsinin 2714 №li avtomobil dəstəsinin tərəfindən verilmiş və O, 1980-ci ildən həmin ünvanda pasport qeydiyyatındadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 iyun 1999-cu il tarixli 563 saylı Sərəncamı ilə təsdiq edilmiş mənzil məsələləri üzrə ictimai komissiyanın 4 №li 14 iyun 1999-cu il tarixli protokoluna əsasən həmin ünvandakı yataqxana sakinlərinə orderin verilməsi qərara alınsa da müəmmalı olaraq onlara order təqdim edilməmişdir. Uzun illərdir ki, iddiaçının müraciətinə baxılmayaraq mənzilə dair order verilmir. Belə ki, 2000-ci ilin əvvəllərindən yaşadıqları bina Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşayış sahəsinin kirayə müqaviləsi 25 iyun 2018ci il tarixdə iddiaçı tərəfindən bağlanmışdır. Bu da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qərarına əsasən baş tutmuşdur. Yaşadığı mənzilin özəlləşdirilməsinə dair həmin sənədlər Baş Təsərrüfat İdarəsinə iddiaçı tərəfindən heç bir məlumat verilmədən geriyə qaytarılmış, yəni imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 nömrəli sərəncam xx.xx.2018-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və İddiaçı Mərdalı qızına **********79 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəməyə iddia ərizəsinə dair etiraz tədim edərək qeyd etmişdir ki, əvvəllər Bakı Şəhər Elektrik Nəqliyyatı İdarəsinə məxsus olmuş, Bakı şəhəri, Xətai rayonu, X12 küçəsi, 10 saylı ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 632 saylı sərəncamına əsasən balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən bina balansa qəbul edilərkən binanın əvvəllər məxsus olduğu təşkilatda əmək münasibətlərində olmuş işçilər tərəfindən tam məskunlaşdırdıqdan sonra təhvil verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli, 45 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, X12 küçəsi, 10 saylı evin, yaşayış sahəsi 29,0 kv.metr olan 2 otaqlı 49 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, əri, oğlu və qızı) 49 saylı mənzilinə dair kirayə müqaviləsi İddiaçı adına bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 37-ci maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatda uçotunun vəziyyətinə yerli xalq deputatlan sovetinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları sovetinin icraiyyə komitələri təsdiq edir. Bu Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlann uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin (hal-hazırda qüvvədə olan) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlann uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydalan"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallanna müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ile götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərann qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəran ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qəran ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi iddia cavabdeh olan tərəfə qarşı verilməmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur qurumları tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddia tələbinin təmin edilməməsinə dair iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı iclasında iştirak edən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi ilkin iddia tələbinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, - ASAN 2 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə İsmayıllı rayonunun İrcan kəndində anadan olmuş, ünvan 7 ünvanda pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********57 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinə yerləşən 10 saylı yataqxananın 49 saylı mənzilinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı tərəfindən təqdim edilən kirayə müqailəsinin 25 iyun 2018-ci il tarixində bağlandığı üçün həmin müqvilə əsasında mənzilin özəlləşdirilməsi qanunvericiliyin qeyd edilən müddəalarına uyğun olmadığı bildirilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 10 saylı evi 49 saylı mənzilinə onun adına kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018-ci il tarixli 19 fevral 2018-ci il tarixli Qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 10 saylı evi 49 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentin üzərinə qoyulması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (məlmat üçün İddiaçı) ünvanladığı 17 may 2018-ci il tarixli 2-1(82)-659/2018-ci il tarixli icra məktubunun surətindən müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018-ci il tarixli 19 fevral 2018-ci il tarixli Qərarı icra edilməsi üçün inzibati orqana ünanlanmış, qərarın icra edilməsi barədə məlumatın məhkəməyə göndərilməsi tələb edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 45 saylı, 25 iyun 2018-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konserlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri, X12 küçəsi, 10 saylı ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018-ci il tarixli 19 fevral 2018-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, X12 küçəsi, 10 saylı evin 49 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi öhdəliyi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə icra edilməsi üçün Departamentə göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018-ci il tarixli 19 fevral 2018-ci il tarixli Qərarına əsaslanraq: Bakı şəhəri, X12 küçəsi, 10 saylı evin. Yaşayış sahəsi 29,0 kv.metr olan 2 otaqlı 49 saylı mənzilinə 4 nəfər ailə üzv ilə (özü, əri, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. -Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birlyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2019-cu il traixli, 486 saylı Forma 2 arayışdan görünür ki, Bakı şəhəri, X12 küçəsi, 10 saylı ünvanda yerləşən 29,0 kv.metr ümumi sahəsi olan 49 saylı mənzilin icarədarı İddiaçıdır. İddiaçı, X7, X6, X4 həmin mənzildə daimi qeydiyyatda olan şəxslərdir. - 15 mart 2019-cu il tarixli 78 saylı Dövlət İctimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləsindən görünür ki, Bakı şəhəri, X12 küçəsi, 10 nömrəli evin 49 saylı mənzilinə dair kirayədar adlanan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birlyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə kirayəçi adlanan İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, X12 küçəsi, 10 nömrəli evin 49 saylı mənzilinə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin sonuncu sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kirayə müqaviləsinin onunla bağlanması haqqında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 45 saylı sərəncamının 25 iyun 2018-ci il tarixdə verildiyinə əsaslanaraq, iddiaçının müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi bina keçmiş yataqxana binası olmuş, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri, X12 küçəsi, 10 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edilmişdir. Həmin yataqxanada yerləşən 49 saylı mənzil (otaq) “Sərnişinnəqliyyat” Baş İdarəsinin 2714 saylı avtomobil dəstəsinin qeyd edilən ünvanda yerləşən ailəvi yataqxana sakinlərnə orderlərin verilməsinə dair xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa əsasən iddiaçıya yaşaması üçün ayrılmışdır. Beləliklə qeyd olunan mənzilin bütünlüklə iddiaçının ailəsinin istifadəsində olduğu, həmin vaxtdan iddiaçının fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyat olmaqla yaşadığı iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddiaçı ilə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqailəsinin bağlanılmasına dair sərəncamın 25 iyun 2018-ci il tarixində verilməsinə baxmayaraq, iddiaçının qeyd olunan mənzilə dair hüquqlarının 25 iyun 1999-cu il tarixdən yarandığını nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin imtinasının əsassız oduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 45 saylı, 25 iyun 2018-ci il tarixli sərəncamın verilməsinə əsas olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-659/2018-ci il tarixli 19 fevral 2018-ci il tarixli Qərarı göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Azərbaycan Respublikasında mənizil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respulikası Qanunun 1-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikasında mənizil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respulikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Resublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qaninla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyytinə keçirmək hüququ vardır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsinə əsasən bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlaması digər vətəndaşların öz hüquqlarının itirməsi ilə nəticələnə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlamasını müəyyən edir, həmin kateqoriya vətəndaşların hüqularının mövcudluğunu daha da gücləndirir, bu məcəllə qüvvəyə minən gündən hazırki dövrədək mənzil əldə etmiş vətəndaşların mənzillərini özəlləşdirmək hüququna isə müdaxilə etmir, onlara hər hansı qadağa qoymur. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsi ilə əsaslandırması qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ mövcuddur. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə imtinanı əsassız hesab edərək, Bakı şəhəri, Xətai rayonu, X12 küçəsi ev 10 ünvanında 49 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X12 küçəsində yerləşən 10 saylı evin 49 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar