Məhkəmə qərarları › İş №2-1(112)-3397/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3397/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3397/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" ASCnin Nəsimi rayonu, Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 10 il, 3 ay, 14 gün təşkil etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X3 Xidməti” X5 Nəsimi rayon Sukanal İdarəsinin 04 saylı, 16 iyul 2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesabr edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənə ünvanladığı 29 avqust 2024-cü il tarixli, 3-17-112-H- 207575/2024 saylı cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müfaviq icra hakimiyəti orqanının (qurumun) təstiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il, 6 ay çalışmış kişilərin həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il, azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla belə, cavabdehin yuxarı sözügedən həmin məktubunda qeyd edilmişdir ki, “Nəsimi rayon “İri Şəhərlərin X3 Xidməti”nin Sukanal İdarəsinin sizə dair 16 iyul 2024-cü il tarixli, 4 nömrəli arayışında xx.xx.2014-cü il tarixindən bugünədək həmin sahənin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığınız müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağmız barədə hər hansı məlumat göstərilməyib.Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddiaçı hesab edir ki, cavabdeh qurum onun tullantı suların axıdılması xidməti üzrə qəzabərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağı barədə hər hansı məlumata malik deyil. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur və xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Bununla da, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi mövcud sahəvi qanunvericiliyin tələbləri baxımından tam qanuni, əsaslı və ədalətli olardı. Belə ki, tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olmuşdur, hazırda da məşğul olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3397/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “iddiaçıya 60 yaşdan, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, İddiaçı 08 avqust 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən 29 avqust 2024-cü il tarixli 3-17-1/2-H-207575/2024 nömrəli imtina məktubu ilə ona kifayət qədər güzəştli stajının olmaması bildirilmiş, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az nimavan npnciva taminatına imkan vardikdə sıöorta staiından asılı olmavarao. bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Nəsimi rayon “İri şəhərlərin X3 Xidməti'nin Sukanal İdarəsinin 16 iyul 2024-cü il tarixli 4 nömrəli arayışında onun xx.xx.2014-cü il tarixdən bugünədək həmin sahənin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının sözügedən arayışda qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olubolmadığı barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə təqdim edərək ona 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1984-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək Bakı Elektronhesablayıcı Maşınlar zavodunda 16 saylı sahədə birinci dərəcəli qablaşdırıcı - sazlayıcı, xx.xx.1985-ci il tarixindən 16 saylı sahədə birinci dərəcəli doğrayıcı, (xx.xx.1986-ci il tarixdə 2 uyğunlaşdırıcı peşə olaraq yüksək təzyiq altında birinci dərəcəli tökməçi ixtisası, xx.xx.1986-cı il tarixdə 2 uyğunlaşdırıcı peşə olaraq yüksək təzyiq altında ikinci dərəcəli tökməci ixtisası verilmişdir), xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək zərərli iş şəraitində yüksək təzyiq altında ikinci dərəcəli tökməci, (xx.xx.1988-ci il tarixdə yüksək təzyiq altında üçüncü dərəcəli tökməci ixtisası verilmişdir), xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək Bakı-Keşlə “Qırmızı Oktyabr” DƏDB yığma sexində ikinci dərəcəli nəqliyyat ilə mal nəql edən, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək 16 saylı sahədə yüksək təzyiq altında üçüncü dərəcəli tökməci, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cu il tarixinədək Azərbaycan SSR Dövlət Təchizatı nəzdində fəaliyyət göstərən “Sputnik” kooperativinin plastmas sexində yüksək təzyiq altında üçüncü dərəcəli tökməci, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cu il tarixinədək “Magistral” kooperativində satıcı, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Bakı Kanalizasiya İdarəsinin 14 saylı stansiyasında nasos qurğuları maşinisti, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək “Məhsul-2” kooperativində satıcı, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “İnter-İPA” Kiçik müəssisəsində tökməci, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Ruslan-3” Kiçik müəssisəsində satıcı, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Respublika Narkoloji Dispanserində sanitar köməkçisi, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək Bakı kanalizasiya idarəsinin Nəsimi sahəsində qəza-bərpa işləri üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Abşeron rayonu KİS ATQ-ə AVR çilingəri, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Müdafiə Nazirliyinin Hərbi Baytarlıq laboratoriyasında çilingər - təmirçi, xx.xx.1997-ci il tarixindən Bakı Kanalizasiya İstehsalat Birliyinin Nəsimi sahəsində qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1998-ci il tarixindən 5-ci dərəcəli çilingər, xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətinin Nəsimi QXS-də çilingər, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsində 3 aylıq sınaq müddəti ilə mühafizəçi, xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətinin Nəsimi sahəsində 4-cü dərəcəli qəza-bərpa işləri üzrə çilingər, xx.xx.2011-ci il tarixindən "xxxx" ASC X2 Kanalizasiya şəbəkəsi və qurğuların istismarı xidmətində 4-cü dərəcəli qəza-bərpa üzrə çilingər, xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək 4cü dərəcə ilə Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsinsə qəza-bərpa işləri üzrə çilingər, xx.xx.2014-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 5-ci dərəcə ilə su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinsə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir, (xx.xx.2019-cu il tarixində əməyin ödənilməsi üzrə 6-cı ixtisas dərəcəsi verilib), xx.xx.2024-cü il tarixindən “İri Şəhərlərin X3 Xidməti” PHŞ Nəsimi rayon Sukanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə 5-ci dərəcəli qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X3 Xidməti” PHŞ Nəsimi rayon Sukanal İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 10 il 3 ay 14 gün təşkil edir. “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Arayış əmək kitabçası əsasında verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X3 Xidməti” PHŞ Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 3-53- 3-5/2-01/6-511/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarənin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri İddiaçı vəzifə təlimatı üzrə aşağıdakı peşə funksiyalarını həyata keçirir: Kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi; Kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması; Kanalizasiya xətlərində birləşmələrin edilməsi; Çirkab suda işləmək üçün trosun yararlığının yoxlanılması; Beş metrədək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi; Çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi; Binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması; Kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması. İddiaçı Tullantı suların axıdılması xidməti sahəsində çalışdığına görə əmək haqqına 12% zərərlik artım əmsalı tətbiq edilir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətinə görə 6 təqvim günü əlavə məzuniyyət verilir. Yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq ümumi peşələr bölməsində (35-ci bölmə) göstərilmişdir. Məhkəmə sorğusuna əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X3 Xidməti” PHŞ Nəsimi rayon Sukanal İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib, xx.xx.2024-cü il tarixdən "İri Şəhərlərin X3 Xidməti" X5n Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 10 il 7 ay təşkil edir. “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndi və xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən (XXXİİİ bölmənin 18447 kodu) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Arayış əmək kitabçası əsasında verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X3 Xidməti” PHŞ Nəsimi rayon Sukanal İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Kanalizasiya şəbəkələri və qurğuların istismarı xidmətində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 2 il 9 ay təşkil edir. “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndi və xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən (XXXİİİ bölmənin 18447 kodu) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Arayış əmək kitabçası əsasında verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-207575/2024 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixii 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur. Əlavə olaraq bildiririk ki, Nəsimi rayon “İri şəhərlərin X3 Xidməti”nin Sukanal İdarəsinin sizə dair 16 iyul 2024-cü il tarixli 4 nömrəli arayışında xx.xx.2014-cü il tarixindən bugünədək həmin sahənin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışda qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığınız müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub- olmamağınız barədə hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axaxırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1982-xx.xx.1984-cü ilədək hərbi xidmət dövrü 02 il 01 ay 11 gün, xx.xx.1981-xx.xx.2006-cı il tarixədək işlədiyi dövr 19 il 6 ay 12 gün olmaqla 21 il 07 ay 23 gün və xx.xx.2006-cı il tarixdən sonra məcburi sosial sığorta haqlarının ödənildiyi dövr 17 il 09 ay 27 gün olmaqla ümumilikdə 39 il 09 ay 12 gün ümumi iş stajı toplamışdır. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, güzəştli iş stajının olmaması əsas gətirilmişdir. Belə ki, cavabdeh iddiaçının xx.xx.2014-cü il tarixdən bugünədək işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə onun yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmadığı barədə işəgötürən müəssisə tərəfindən verilən güzəştli arayışda məlumatın olmaması əsası ilə həmin dövrü güzəştli iş stajəna hesablamamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsası ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci 35. Ümumi peşələr bölməsində “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” vəzifəsi nəzərdə tutulmuşdur. İş yerindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Kanalizasiya şəbəkələri və qurğuların istismarı xidmətində qəza-bərpa işləri üzrə çilingər və xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifələrinin funksional təyinat baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə təsdiq edilmiş siyahıda 35-ci bölmədə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları ilə eyni işi gördüyü qeyd edilərək həmin vəzifəyə uyğunlaşdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının zərərli əmək fəaliyyətinin xüsusiyyətlərini düzgün araşdırmayaraq onun yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmadığını müəyyən etməyin mümkün olmadığını əsas gətirməklə həmin dövrü güzəştli iş stajına daxil etməməkdə haqlı olmamışdır. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Bununla bağlı işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən arayışlardan müəyyən olunur ki, iddiaçının rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində işlədiyi, tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsinin kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi, kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması, kanalizasiya xətlərində birləşmələrin edilməsi, çirkab suda işləmək üçün trosun yararlığının yoxlanılması, beş metrədək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi, çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi, binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması, kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Göründüyü kimi iddiaçının işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsinin (kanalizasiya xidməti üzrə) əsas xüsusiyyətləri yeraltı kanalizasiya şəbəkələrində zərərli əmək fəaliyyəti ilə səciyyələnmişdir ki, bu da həmin vəzifənin güzəştli hesab edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və vəzifəsi ilə eynilik təşkil etdiyini sübut edir. Cavabdehin istinad etdiyi həmin peşədə daimi olaraq məşğul olmasının məcburiliyi praktiki cəhətdən ağlabatan olmamaqla belə bir şərtin tələb edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, iddiaçının Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsində başlıca xidməti yeraltı tunellərində kanalizasiya xətlərinin təmiri və təmizlənməsi işlərindən ibarətdir, qeyd edilən onu deməyə əsas verir ki, iddiaçının iş saatlarının əsas hissəsi yeraltı kanalizasiya şəbəkələrində keçir. Qeyd edilən təfsilatlı əsaslandırma işəgötürən tərəfindən təqdim edilməsinə baxmayaraq, cavabdeh qurumun həmin dövrü əmək şəraiti zərərli və ağır işlər kimi qiymətləndirməməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda iş yeri tərəfindən verilmiş arayışda onun işlədiyi peşənin kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə aid olması əsaslandırılmaqla işlədiyi müddətdə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (6 təqvim günü) verildiyi və əmək haqqına əlavə (12% zərərlik artım əmsalı) ödənildiyi qeyd edilmişdir. Göstərilənlərə məcmu halda qiymət verən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2011-xx.xx.2014-cü illərdə və xx.xx.2014-cü il tarixdən hazıradək çalışdığı qəzabərpa işləri üzrə çilingər peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı olmamış, xx.xx.2006-cı il tarixdən sonra (pensiya hüququ yarananadək) cəmi 13 il 01 ay 17 gün güzəştli iş stajı mövcud olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar