Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3399/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Ramazanova Nigar Cavanşir qızının katibliyi, iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X12) “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 25 noyabr 2020-ci il tarixli 05Q-1526/15 saylı “17 sentyabr 2011-ci il təvəllüdlü X5 və 09 oktyabr 2015-ci il təvəllüdlü X1 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişdirilməsindən imtina edilməsinə” dair imtinaedici aktının (cavab məktubunun) ləğv edilməsi, onun ərizəsinin təmin edilməsi və 17 sentyabr 2011-ci il təvəllüdlü X5 və 09 oktyabr 2015-ci il təvəllüdlü X1 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişdirilməsi barədə qərar (inzibati akt) qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məkhəməyə müraciət edərək, 17.09.2011-ci il təvəllüdlü X2 “Alverdiyeva” soyadından “Mehmanlı” soyadına və 09.10.2015-ci il təvəllüdlü X3 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişdirilməsi, həmin dəyişikliklər qeydə alınmaqla bu barədə doğum haqqında akt qeydlərində müvafiq dəyişikliklərin edilməsi (digər məlumatlar saxlanılmaqla), əvvəllər verilmiş doğum haqqında şəhadətnamələrin ləğv edilməsi və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili X8 izahatında bildirdi ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək qızı 17 sentyabr 2011-ci il təvəllüdlü X5 və oğlu 09 oktyabr 2015-ci il təvəllüdlü X1 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişdirilməsini xahiş elmişdir. 25 noyabr 2020-ci il tarixdə cavabdeh cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, uşağın soyadı, bir qayda olaraq, onun valideynlərinin soyadı ilə müəyyən edilir və soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı uşaqlarının soyadı kimi ata adı olan "Mehmanlı" adını seçmişdir. Həm ata, həm ana uşaqların soyadının babalarının adına dəyişdirilməsinə razıdırlar, valideynlər arasında fikir ayrılığı yoxdur. Bununla bağlı iddiaçı müvafiq ərizə yazmaqla və hazırda bu iddia ərizəsini qaldırmaqla öz iradəsini ifadə etmişdir. Bundan əlavə, Mehman adı Azərbaycanda geniş yayılmışdır və buna görə də bu adla bağlı hər hansı problem yoxdur. Qanunvericilik iddiaçının bir valideyn kimi uşaqların soyadının verilməsi və dəyişdirilməsi hüququnu tanıyır və müəyyən edir. İddiaçının uşaqlarının soyadı üçün nəzərdə tutduğu ad onların yüksək mənafeyini pozmur və onlara münasibətdə hər hansı bir alçaldıcı şərait yaratmır. Cavabdehin imtinasının maddi-hüquqi (qanuni) əsasları mövcud deyil. İddiaçının tələbinin təmin edilməməsi üçün hüquqi əsaslar yoxdur. Buna görə də cavabdehin imtinası qanunsuzdur. Hazırkı iş üzrə cavabdeh «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun tələblərini pozaraq qanunun tələblərinə əməl etməmiş və iddiaçının hüquqlarına qanunla nəzərdə tutulmayan halda müdaxilə etmişdir. Eləcə də cavabdeh iş üzrə faktları müəyyən eldikdən sonra iddiaçının dinlənilmək hüququnu, iddiaçının icraat prosesində iş materialları ilə tanış olmaq hüququnu təmin etməmiş, sübutların düzgün qiymətləndirilməsini aparmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 25.11.2020-ci il tarixli 05Q- 1526/15 saylı məktubda qeyd olunur: Sizin 17.09.2011-ci il təvəllüdlü qızınız və 09.10.2015-cı il təvəllüdlü oğlunuzun soyadlarının dəyişdirilməsi ilə bağlı ərizənizə baxılmışdır. Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.11-ci bəndinə əsasən uşağın soyadı bir qaydada olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 79 nömrəli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən xahişinizin təmin edilməsi imkan xaricindədir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27.09.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 740409 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X9 17 sentyabr 2011-ci ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.09.2011-ci ildə 2352 nömrə ilə qeyd edilmişdir, atası İddiaçıdur, anası X10r. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 0036 1 2352 27.09.2011 nömrəli 27.09.2011-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X9 17 sentyabr 2011-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X10r. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 14.10.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 617249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X11 09 oktyabr 2015-ci ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.10.2015-ci ildə 1002 nömrə ilə qeyd edilmişdir, atası İddiaçı, anası X10r. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 0036 1 1002 14.10.2015 nömrəli 14.10.2015-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 09 oktyabr 2015-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X10r. İş materiallarında olan X12 tərəfindən məhkəməyə ünvanlanmış 19.04.2021-ci il tarixli ərizədən görünür ki, övladları 17.09.2011-ci il təvəllüdlü X5 və 09.10.2015-ci il təvəllüdlü X1 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişməsinə etiraz etmir və iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır; 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir; 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir; 6.19-cu bəndinə əsasən ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə X7 birgə nikahlarından 17 sentyabr 2011-ci ildə X9 və 09 oktyabr 2015-ci ildə X11 doğulmuşdur. Hazırda iddiaçı uşaqların soyadının «Alverdiyev»dən «Mehmanlı»ya, yəni uşaqların baba adına dəyişdirilməsini tələb edir və bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Üçüncü şəxs X12 uşaqların soyadının “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişməsinə razıdır və iddianın təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadının, bir qayda olaraq, valideynlərinin soyadı ilə verildiyini nəzərdə tutsa da, uşağın soyadının dəyişdirilməsini və babasının adı ilə uşağa soyad verilməsini qadağan etmir. Qanunvericilikdə şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadının dəyişdirilməsi qadağan edilmişdir. Hazırki dəyişiklik isə qanunvericiliyin tələblərinə zidd hesab edilmir və uşaqların soyadının dəyişdirilməsində hər hansı məhdudiyyətin olması məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin uşaqlara babalarının adı ilə soyadın verilməsi məsələsində uşağın valideynləri arasında fikir ayrılığı mövcud deyil və soyadın dəyişdirilməsinin uşaların mənafeyinə zidd olması ilə bağlı hallar müəyyən edilməmişdir. Hazırda hər iki valideyn uşaqlara babalarının adı ilə soyadın verilməsinə razıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 17.09.2011-ci il təvəllüdlü X2 “Alverdiyeva” soyadından “Mehmanlı” soyadına və 09.10.2015-ci il təvəllüdlü X3 “Alverdiyev” soyadından “Mehmanlı” soyadına dəyişdirilməsi, həmin dəyişikliklər qeydə alınmaqla bu barədə doğum haqqında akt qeydlərində müvafiq dəyişikliklərin edilməsi (digər məlumatlar saxlanılmaqla), əvvəllər verilmiş doğum haqqında şəhadətnamələrin ləğv edilməsi və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3399/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3399/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver