Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3399/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa və texniki pasporta düzəliş olunması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 16 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********85 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən Əzizbəyov (indiki Xəzər) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 14 nömrəli qərarı əsasında texniki pasportda düzəliş olunaraq torpaq sahəsinin ölçüsü 748 kv.m qeyd edilmiş və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli çıxarış tərtib edilmişdir. Bu səbəbdən iddiaçının ərizəsinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarış və texniki pasporta Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən sentyabr 1962-ci ildə tərtib edilmiş texniki pasporta əsasən torpaq sahəsinin ölçüsünə düzəliş olunaraq ünvan 2 (yeni qaydalarla- Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.V.Vidadi küçəsi,115) ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan ölçüdə (1051 kv.metr) torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən verilən çıxarışa və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının atası X3 ayrılmışdır. Atasının ölümündən sonra iddiaçı həmin ünvan üzərində mülkiyyət hüquqlarını həyata keçirərək, sözü gedən ünvanı adına rəsmiləşdirmişdir. Torpaq sahəsindəki fərdi yaşayış evində uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin torpaq sahəsinin bir hissəsi özələşdirmə aparılan zaman iddiaçıya məlum olmayan səbəblərə görə az yazılmışdır. Azərbaycan SSR Komunal Təsərüfat Nazirliyi tərəfindən ayrılmış texniki pasportda torpaq sahəsi 1051.8 kv.m qeyd olunsa da, iddiaçıya xx.xx.2023-cü il tarixdə verilən texniki pasport və çıxarışda həmin ünvanın yerləşdiyi torpaq sahəsi 748 kv.m qeyd edilmişdir. İddiaçı öz növbəsində 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etsə də, imtina almışdır. Sənədlərdən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi 1051.8 kv.m olmuşdur. İddiaçının adına verilən sənəddə 748 kv.m qeyd olunmuşdur. Cavabdeh “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən Əzizbəyov (indiki Xəzər) Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 14 nömrəli qərarı əsasında texniki pasportda düzəliş olunaraq torpaq sahəsinin ölçüsü 748 kv.m qeyd edilmiş və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli çıxarış tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan sentyabr 1962-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Əli-zadə Ələkpər Əli oğluna məxsus olmu., fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 748,5 kv.metr göstərilmiş (1051,8 kv.metr rəqəmlərinin üzərindən xətt çəkilmişdir), texniki pasportdakı məlumatlar iyun 1982-ci ildə yoxlanılmışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 16 (Yeni qaydalarla : Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11 küçəsi, 115) ünvanında yerləşən 114.3 kv.metr fərdi yaşayış evi və onun yerləşdiyi 748 kv.met torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, arxiv texniki pasportuna əsasən xx.xx.1962-ci ildə baş planda torpaq sahəsi 1051.8 m2 olsa da, torpağın sahəsi 303.3 m2 qırmızı ilə (zəbt olaraq) çəkilmişdir. 06.1981-ci ildə Əzizbəyov (Xəzər) RİH başçısının sərəncamında torpaq 750.0 m2 ayrılmışdır. 06.1982-ci il arxiv texniki pasportuna nəzər salsaq, torpaq sahəsi düzəliş olaraq 748.5 m2 qeyd edilmişdir. xx.xx.2023-cü il **********35-10301 nömrəli reyestrlə qeydiyyatdan keçmiş texniki pasporta uyğundur, heç bir dəyişiklik yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7045/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə (texniki pasporta əsasən) 0.07485 ha olsa da, faktiki olaraq 0.10585 ha təşkil edir. Fərdi yaşayış evinə dair verilmiş texniki pasporta əsasən 0.031 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur. Əlavə istifadə olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir (sahənin şərq tərəfində yerləşir). Qeyd olunan 0.07485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 114.3 kv.m olan fərdi yaşayış evi **********35-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən Əzizbəyov (indiki Xəzər) Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 14 nömrəli qərarı əsasında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən sentyabr 1962-ci ildə tərtib edilmiş texniki pasportda düzəliş olunaraq torpaq sahəsinin ölçüsü 748 kv.m qeyd edilmiş və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. İddiaçı hazırda sentyabr 1962-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna istina edərək, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 748 kv.metr deyil, 1051 kv.metr kimi göstərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı qeydə alınmasını xahiş etdiyi əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, sentyabr 1962-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 16 saylı evin yerləşdiyi torpaq sahəsi 1051,8 kv.metr göstərilsə də, işdə olan xx.xx.1981-ci il tarixli 14 saylı Əzizbəyov rayon XDS İKnın qərarından görünür ki, X4 məxsus Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi 1950-ci ildə inşa olunmuşdur. Fərdi yaşayış evi 1 yaşayış otağı sahəsi 18 kv.m, köməkçi sahə 15, kv.m, torpaq sahəsi 1051,8 kv.metrdir. Torpaq sahəsi Əzizbəyov RİK-nın xx.xx.1949-cu il tarixli 60 nömrəli qərarına əsasən ayrılmış, 301,8 kv.metr hissə Şüvəlan qəsəbə Sovetinin xx.xx.1981-ci il tarixli 8 saylı qərarına əsasən Dövlət fondunun xeyrinə alınmışdır. Həmin qərarla yuxarıda göstərilən fərdi yaşayış evinə dair Komissiyanın ilkin hüquqi qeydiyyata dair təklifi qəbul edilmiş, X5 ünvan 5 ünvanda yerləşən, 1950-ci ildə tikilmiş, sahəsi 18,2 kv.metr olan 1 otaqdan ibarətfərdi yaşayış evi və 750 kv.metr torpaq sahəsinin mülkiyyətçisi kimi tanınmış və Texniki inventarlaşdırma bürosu tərəfindən ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. İşdən görünür ki, həmin qərar əsasında sentyabr 1962-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda torpaq sahəsinin ölçüsünə dəyişiklik edilmiş, sahə 10518 kv.metrdən 748 kv.metrə azaldılmış, bu məlumatların düzgünlüyü iyun 1982-ci ildə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının atasına ayrılmış 1051,8 kv.metr torpaq sahəsinin 351 kv.metr hissəsi 1981-ci ildə dövlət fonduna alındığından, cavabdeh haqlı olaraq onun hüquqmüəyənedici sənədlərə əsasən mülkiyyətində qalan torpaq sahəsinə hüququnu qeydə alımışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı həmin sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3399/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3399/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver