Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-34/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin imtina cavabının qanunsuz hesab edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X7 verildiyi halda, torpağın qalan hissəsinə,yəni 0.10 hektar 44 kv.m sahəyə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir.İddiaçı 2016-cı ilin may ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, bildirmişdir ki, X3 və İctimai Birliyi tərəfindən verilmiş 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilə İdarənin arxivində aşkar edilməmişdir və bu səbəbdən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti təşkilata sorğu göndərilmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki,torpaq sahəsinin bir hissəsinə, yəni 156 kv.m sahəyə artıq X4 adına çıxarış verilmişdir.Bu səbəbdən iddiaçının ərizəsinin icrası dayandırılmışdır.Bundan sonra iddiaçı Bağlar təsərrüfatı İnkişafı və X6 ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 14 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış 0,12 hektar torpaq sahəsinə çıxarışın və planölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə 2 saylı Bakı İnzibati- İqtisadı Məhkəməsinə müraciət etmişdir.Həmin məhkəmədə torpaq sahəsinin bir hissəsinə artıq başqa şəxsə çıxarış verildiyi üçün iddia təmin edilməmişdir.Bundan sonra iddiaçı yenidən DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə bu dəfə iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinə başqa şəxsə hüquqmüəyyənedici sənəd verilibsə, torpağın qalan hissəsinə ona - İddiaçı adına plan-ölçü və çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh bu dəfə də yeni əsaslarla rədd cavabı vermişdir.İddiaçı hesab edir ki, cavabdehin intinası qanunsuz və əsassızdır. Belə ki, bu dəfə cavabdeh imtina cavabında göstərmişdir ki, "göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisinə düşmür”.Halbuki iddiaçıya torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən yox, Abadlaşdırma və X1 Departamentinin Bağların İnkişafı və İstismarı Birliyi tərəfindən verilmişdir. Cavabdeh əlavə bildirmişdir ki "həmin torpaq sahəsinin 156 kv.m hissəsinə dair qonşu torpaq sahəsinin mülkiyyətçisi X8ma çıxarış verilmişdir. Hətta torpaq sahəsi Neft Şirkətinin ərazisinə düşür”. Lakin ayrılmış torpaq sahəsinin bir hissəsinə başqa şəxsə çıxarışın verilməsi iddiaçıya bəllidir. Ona görə də, iddiaçı bağın torpaq sahəsinin qalan hissəsinə çıxarışın verilməsini xahiş etmişdir. O ki qaldı torpaq sahəsinin Neft Şirkətinin ərazisinə düşməsinə, o zaman belə çıxır ki, cavabdeh inzibati orqan Neft Şirkətinin ərazisi olan qonşu torpaqlara o cümlədən X7 neft şirkətinə aid torpağa çıxarış vermişdir ki, bu da qeyri-mümkündür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəməyə iddiaya dair etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir.
İİ.İddianın növü və mümkünlüyü
3.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. 4.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş:
İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır; Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin iddiaçı ilə bağladığı 8114 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Hövsan ərazisində yerləşən sahəsi 0,12 ha olan 45 q nömrəli bağ 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir; SOCAR-ın iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən X424940 Y 4469516, X424910 Y 4469517, X 424837 Y 4469476, X424908 Y ******* koordinatları daxilində yerləşən, iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsi SOCAR-ın istifadəsinə ayrılmış torpaq sahəsinin, eləcə də neft-qaz boru kəmərinin mühafizə zonasının hüdudları xaricindədir; Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktuuna əsasən iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsində müqavilənin qovluğu aşkar edilməmişdir, həmçinin təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü 1200 kv metr, faktiki isə 1086,0 kv metrdir,bundan əlavə göstərilən sahə heç bir bağçılıq -yoldaşlıq təsərrüfatının ərazisinə düşmür və 156,0 kv metr hissəsi digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.Odur ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 45q saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiuyyata alınmasından imtina edilmişdir. 8.Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi: ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 63 q saylı bağ sahəsi (0,12 ha) xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestirndə qeydə alınmışdır; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-629/2014 nömrəli qərarına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfindən 8155 saylı, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 63q saylı bağ sahəsinin X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 9.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmiş sahə bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi deyildir, göstərilən torpaq sahəsinin 65,0 kv metr hissəsi digər özəl sahə ilə üst-üstə düşür.
10. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 45q nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. 11.Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarında Hövsan bağ massivinin sxematik xəritəsi aşkar edilməmişdir.
İV. Məhkəmənin mövqeyi
12.Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 14.“Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.2ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 15.«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 16.İşin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin iddiaçı ilə bağladığı 8114 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Hövsan ərazisində yerləşən sahəsi 0,12 ha olan 45 q nömrəli bağ 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir, yəni qeyd edilən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcuddur. 17.Lakin cavabdeh bağ sahəsinin ölçüsü 1200 kv metr, faktiki isə 1086,0 kv metr olması, göstərilən sahənin heç bir bağçılıq -yoldaşlıq təsərrüfatının ərazisinə düşməməsi və 156,0 kv metr hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, elektron kadastr məlumatlarına əsasən sözügedən bağın bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. 18.Məhkəmə həmin imtinanı əsassız hesab edir, belə ki, əvvəla iddiaçının bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən deyil, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən iddiaçıya ayrılmışdır, buna görə də təbii ki, bağ sahəsi hər hansı bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisinə düşməməlidir. 19.Bağ sahəsinin hər hansı bir hissəsinin başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehin bildirdiklərinə gəldikdə isə iddiaçı həmin torpaq sahəsi ilə bağlı mübahisə etmir, yalnız ona ayrılmış bağın faktiki istifadəsində olan hissəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirilməsini tələb edir. 20.Eyni zamanda məhkəmə ona da diqqət yetirir ki, cavabdeh bağın 156 kv metr hissəsinin başqa fiziki şəxsin mülkiyyətində olmasını göstərsə də mütəxəssis rəyi ilə bağın cəmi 65 kv metr hissəsinin başqa şəxsin mülkiyyətində olması müəyyən edilmişdir. 21.Habelə təqdim edilmiş mütəxəssis rəyinə və SOCAR-ın məktubuna əsasən bağın torpaq sahəsi Dövlət Neft Şirkətinə ayrılmış və boru-neft kəmərinin mühafizə zonasına aid torpaq sahəsinə düşmür. 22.Nəhayət cavabdehin imtina məktubunda bağın bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi barədə bildirdikləri ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla bağ yuxarıda qeyd edildiyi kimi bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya ayrılmamışdır, daha sonra isə cavabdeh vahid elektron kadastr baza məlumatlarında Hövsan bağ massivinin sxematik xəritəsinin aşkar olunmadığını məhkəməyə rəsmi məktubu ilə bildirdiyi halda bağın bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda olmasını hansı qaydada müəyyən etməsi sual doğurur. 23.Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən çıxarışın və plan-ölçünün verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 25.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 26.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanuni və əsaslıdır, odur ki, iddia tələbi təmin edilməli, cavabdehin imtina cavabı qanunsuz hesab edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X7 verildiyi halda, torpağın qalan hissəsinə,yəni 0.10 hektar 44 kv.m sahəyə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X7 verildiyi halda, torpağın qalan hissəsinə,yəni 0.10 hektar 44 kv.m sahəyə İddiaçı adına daşınmaz əmlakın çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova