Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-340/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 20 nömrəli Foto Atelyenin sənədləşdirilməsində yol verilmiş texniki səhvin düzəldilməsi, şəhadətnamənin və texniki pasportun yenidən verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 20 nömrəli Foto Atelyenin mövcud vəziyyətdə tərtib edilmiş eskiz layihəsindəki ölçülərinə uyğun şəkildə İddiaçı adına mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən Foto Atelyeni o, alqı-satqı yolu ilə almışdır. Buna dair onda xx.xx.1996-cı il tarixli, 1157 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə vardır. Həmçinin qeyd edilən tikiliyə dair onda eskiz lahiyə vardır. Hal-hazırda o, şəhadətnamənin və texniki pasportun yenidən verilməsini istəyir. Bunun üçün o, müvafiq sənədləri toplayaraq İdarəyə müraciət etmişdir. İdarə ona xx.xx.2016-cı il tarixli imtina məktubu ilə cavab vermişlər. Bildirilmişdir ki, xx xxxxxxxx 1996-cı ildə qanunvericiliyə müvafiq qaydada satın aldığı, ünvan 3 ünvanında yerləşən 20 nömrəli foto Atelyeyə dair verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001157 saylı şəhadətnaməyə əsasən adıçəkilən atelyenin əmlakları ona satılmış, həmin atelyenin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində saxlanılmışdır. Aparılmış yoxlama-ölçü zamanı adıçəkilən qeyriyaşayış binasının faktiki sahəsinin 53,3 kv.m olduğu müəyyən edilmişdir. Lakin arxiv sənədlərinə əsasən qeyri-yaşayış binasının əsas göstəriciləri vərəqində özəlləşən sahənin 23,0 kv.m. olduğu göstərilmiş, ilkin özəlləşmə zamanı binanın eskiz lahiyəsi olmadığından özəlləşən sahənin hansı hissə olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən adıçəkilən obyektə dair texniki pasportun tərtib edilməsi barədə müraciəti icrasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********70 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 nömrəli foto atelyenin faktiki ölçülərinə uyğun olaraq texniki pasportun tərtib olunmasına köməklik göstərilməsi barədə ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş eyni məzmunlu ərizəyə cavab olaraq “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə”də 20 nömrəli foto atelyenin sahəsinin qeyd edilmədiyi, lakin obyektin əsas göstəriciləri vərəqində foto atelyenin sahəsinin 23,0 kv.m göstərildiyi, həmçinin adıçəkilən obyektə mütəxəssis tərəfindən keçirilmiş təkrar texniki baxış və yoxlama-ölçü işləri zamanı obyektin faktiki sahəsinin 53,3 kv.m olduğu, əlavə olaraq 30,3 kv.m tikili və 21,5 kv.m antresol sahə inşa edildiyi və əlavə sahələrə dair tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən obyektin faktiki vəziyyətinə dair texniki pasportun tərtib edilməsinin mümkün olmadığı xx xxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubla bildirilmişdir. Təkrar olaraq nəzərinə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Bakı şəhərində Ticarət, İctimai İaşə və Xidmət Obyektlərinin Yerləşdirilməsinin 010686 №-li, xx.xx.2000-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeyri-yaşayış sahəsində yerləşən 20 №-li foto-atelyedə şəkilçəkmə və şəkil-kino laboratoriyası fəaliyyətinin saat 09.00-dan 22.00-dək iş rejiminə olaraq yerləşdirilməsinə icazə verilmişdir. - “Auksion” Komissiyasının bildirişindən görünür ki, ünvan 4ndə yerləşən 20 №-li Foto Atelye İddiaçı vəkil edilmişdir ondan ötrü ki, 20 №-li foto güzəştli satışında hüququ olan 2 nəfərdən 2 nəfərin hər biri 4 ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə satışa çıxarılan 760.800 manatı əmək kollektivinin güzəştli satışda iştirak edən üzvləri tərəfindən alınmışdır. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Hüquqi və Fiziki Şəxslərlə satılması haqqında 001157 №-li, xx.xx.2006-cı il tarixli şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən də, ünvan 4ndə yerləşən 20 №-li Foto atelyesinin qüvvədə olan qanunvericilik əsasında satın almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********19 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1996-cı il tarixli, 4 №-li auksion protokoluna və xx.xx.1996-cı il tarixli, 656 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 №-li foto atelye 4.006.000 manata İddiaçı satılmışdır. Satılan obyektin əsas göstəricisində obyektin sahəsinin 23 kv.m. olduğu göstərilmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş Memarlıq-Planlaşdırma həllindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış obyektinin baş planında A-73.42 kv.m, baş fasad 5.50 və 7.40, antresolun planı isə zal 31.2 kv.m, köməkçi otaq 5.28 kv.m, anbar 11.5 kv.m, s.q 1.14 kv.m və antresol 21 kv.m qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2551 №-li, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan foto atelye bir tərəfdən küçə ilə, qalan üç tərəfdən qonşu sahələrlə əhatə olunmaqla bir mərtəbəli tikili olduğu müəyyən edilmişdir. Foto atelye tikilisi köhnə təmirli vəziyyətdə olmaqla faktiki olaraq dörd tikilidən və antresoldan ibarətdir. Foto atelyenin daxilində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən olunur: 1 saylı satış zalının sahəsi – 31,2 kvm., 2 saylı köməkçi otağın sahəsi 5,3 kvm., 3 saylı anbar tikilisinin sahəsi 11,7 kvm., 4 saylı ayaqyolunun sahəsi 1,2 kvm., 5 saylı antersolun sahəsi 20,6 kvm., cəmi 70,0 kvm.. Tədqiq olunan foto atelye tikilinin 31,2 kvm. sahəsinin daxilində sahəsi 20,6 kvm. antresol sahəsi quraşdırıldığını nəzərə alaraq Foto atelye tikilisinin faktiki sahəsi 49,4 kvm. (70,0-20,6) təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 nömrəli Foto Atelyenin daxilində təcrid şəklində 23.0 kv.m sahəsi olan tikilinin olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 23,0 kvm. olan 20 nömrəli Foto Atelyeni 4.006.000 manata xx.xx.1996-cı il tarixli, 656 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən almışdır. Hazırda iddiaçı foto atelyenin faktiki vəziyyətinə uyğun texniki pasportunun tərtib olunması və ona uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh obyektin faktiki sahəsinin 53,3 kv.m olduğu, əlavə olaraq 30,3 kv.m tikili və 21,5 kv.m antresol sahə inşa edildiyi və əlavə sahələrə dair tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, araşdırılma zamanı İddiaçı sahəsi 23,0 kvm. qeyd edilmiş dövlət əmlakını, yəni foto atelyeni qanuni əsaslarla əldə etdiyi müəyyən edilmişdir. İddiaçının mübahisəli foto atelyenin hazırda ekspert tərəfindən müəyyən edilmiş 49,4 kvm. sahəsinə dair, həmçinin 20,6 kvm. antresol sahəsinə dair 23,0 kvm. sahə istisna olmaqa qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərə («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə) malik olması isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olmadığından iş üzrə ekspert xərci iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməli, iş üzrə 100 manat təşkil edən ekspert xərci iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-340/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-340/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver