Məhkəmə qərarları › İş №2-1(112)-340/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-340/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-340/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Güzdək Ferma” MMC-nin cavabdeh Bakı Ba. Gömrük İdarəsinə (üçüncü şəxs Dövlət Gömrük Komitəsi) qarşı “gömrük ödənişlərinin silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Güzdək Ferma” MMC-nin cavabdeh Bakı Ba. Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək idxal gömrük rüsumu olaraq 9.978,62 manat gömrük ödənişinin silinməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının 9.978,62 manat gömrük borcunun olmadığının müəyyən edilməklə həmin məbləğin tələb edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı üzrə fəaliyyət göstərir. Bununla əlaqədar qabaqcıl texniki avadanlıqlar iddiaçı tərəfindən idxal edilməkdədir. Həmin istiqamət üzrə də kənd təsərrüfatına aid bəzi malların ölkəyə alışını iddiaçı həyata keçirmişdir. Lakin, cavabdehin səlahiyyətləri şəxsləri tərəfindən idxal olunan malların kənd təsərrüfatına aid olması ilə bağlı şübhə olduğu bildirilmiş, ekspertiza təyin edilmişdir. Ekspert rəylərinə əsasən XİF MN üzrə kodun düzgün bəyan edilməməsinin müəyyən edilmədiyi göstərilmişdir. İddiaçı 4 gömrük bəyannaməsi üzrə 53.964,84 manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməli olduğunu bildirmişdir. Ekspert rəyləri ilə iddiaçı razı deyildir. Məbləğlər məhz Dövlət Gömrük Komitəsinin Ekspertiza Mərkəzi tərəfindən müəyyən edilmişdir. Halbuki, 4 gömrük bəyannaməsi üzrə gətirilmiş mallar kənd təsərrüfatı təyinatlı, yəni heyvandarlıq sahəsinə aid mal olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş cavab məktubunda da mövqesi təsdiq edilmişdir. Bu səbəbdən də əlavə gömrük ödənişlərinin hesablanması qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, 4 gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün müəyyən edilməməsi ilə əlaqədr şühbə yaranmış, ekspertiza rəyinin verilməsi üçün müraciət edilmişdir. Ekspert rəylərinə əsasən bəzi mal mövqeləri üzrə XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmiş, ümumilikdə 53964,84 manat idxal gömrük rüsumu və ƏDV-nin ödənilməli olması müəyyən edilmişdir. Daha sonra isə malların ƏDVdən azad edildiyi müəyyən edilərək əlavə ödəniləcək məbləğin 9978,62 manat təşkil etdiyi müəyyən edilmişdir. İXM-nin müvafiq maddəsi ilə də həmin ödənişlərin ödənilməməsi ilə əlaqədar iddiaçı təqsirli bilinmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bildirişdə qeyd edilmişdir ki, 4 gömrük bəyannaməsinə əsasən idxal olunan mallara dair idxal vergisi üzrə və ƏDV üzrə ümumilikdə 53964,84 manat məbləğində əlavə gömrük ödənişi həyata keçirilməlidir. Aqrar Kredit və İnkişaf Agentliyinin məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənəd və məlumatlara əsasən müraciətinizdə qeyd edilən predmetlərin bilavasitə heyvandarlıq təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş texnika və aqreqatlar olduğu müəyyən edilmişdir. Nazirliyin məktubunda qeyd edilmişdir ki, siyahıda təqdim edilən mal və avadanlıqlar heyvandarlıq təsərrüfatlarında və südçülükdə istifadə məqsədi ilə istehsal edilməklə kənd təsərrüfatı təyinatlıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, idxal olunan bir qisim malların iddiaçının qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı olması müəyyən edilsə də, əlavə idxal gömrük rüsumunun hesablanmasına əsas olan digər malların kənd təsərrüfatı təyinatlı olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-İstintaq Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, faktla bağlı başlanılmış cinayət işinə xitam verilmiş, az miqdarda 9978,62 manat idxal gömrük rüsumlarının ödənilməməsi faktı ilə əlaqədar İXM-nin 505-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün müvafiq sənədlər cinayət işindən ayrılaraq Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. 12 oktyabr 2022 -ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İddiaçı MMC barəsində Azərbaycan Respbulikası CM-nin 209.1 -ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respbulikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi,İddiaçı MMC-nin əməlində az miqdarda gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə bağlı İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan, müvafiq sənədlərin surətləri ayrılaraq inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə təhqiqat orqanına- BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. X1 İdarəsindən verilmiş 2200- 013/003- 25/005423 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0258 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1 -ci mal mövqeyində qeyd olunan “X2“ (avtomatik peyin sıyırıcı qurğu), 2200- 013/0xx-xx/005422 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0991 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 7-ci mal mövqeyində qeyd olunan “Yem Karma ve Dağıtma Römorku 12M Y-A” (“İzelmak” markalı traktora qoşula bilən yem qarışdırım və paylayıcı qoşqu), 2200-017/0xx-xx/005462 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********6892 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1 -ci mal mövqeyində qeyd olunan "X4 Sistemi” (“Markim” markalı avtomatik süd sağım sistemi) və **********6924 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 4- cü mal mövqeyində qeyd olunan “X3 Gübre Karıştırma makınesinin” (“Markim" markalı traktora qoşula bilən gübrə qarışdıran qurğunun) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü bəndinin 164.1.34-cü yarımbəndinə aid olduqları yəni, əlavə dəyər vergisindən (ƏDV-dən) azad olduqları qeyd olunmuşdur. Geri qalan malların isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 İdarəsinin əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir. X1 idarəsi tərəfindən verilmiş arayışlarda qeyd olunan mal və avadanlıqların bir hissəsinin kənd təsərrüfatı təyinatlı olduqları, qalan hissəsinin isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. X1 İdarəsinin arayışlarını tərtib etmiş və müvafiq rəy vermiş əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir. Lakin, istintaq zamanı idxal olunmuş sözügedən mal və avadanlıqların digər sahədə istifadəsi yaxud satış məqsədilə gətirilməsi öz təsdiqini tapmamış, bilavasitə kənd təsərrüaftında istifadə məqsədilə fermada quraşdırıldığı və istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan ekspert rəyləri və protokollarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Bundan başqa məhkəmədə barəsində protokol tərtib olunan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeydinə əsasən gəlir vergisinin ödənilməsi təklif olunmuşdur Məhkəmənin qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək gəlir vergisinin 70 faizi məbləğində, yəni 6985,04 (altı min doqquz yüz səksən beş manat dörd qəpik) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin: 65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə gömrük bəyannamələri üzrə iddiaçıya hesablanmış 9,978,62 manat idxal gömrük rüsumunun ödənilməli olub-olmaması, tələb edilməsinin qanuni olub-olmamağı ilə əlaqədardır. İddiaçı hesab edir ki, idxal olunan mallar kənd təsərrüfatı təyinatlı olduğundan həmin ödənişlərin ondan tələb edilməsi qanunsuzdur. Cavabdeh isə müvafiq ekspert rəylərinə istinad etməklə həmin ödənişin tələb edilməsinin qanuni olduğunu və bu barədə istintaq və məhkəmə orqanlarının qərarının mövcudluğuna istinad edir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən konkret faktiki şərtlərin mövcudluğunu sübut etmək cavabdehin vəzifəsidir. Məhkəmə də hesab edir ki, həmin sübutetmə cavabdeh tərəfindən realizə edilmiş, iddiaçının həqiqətən də idxal gömrük rüsumu üzrə borcun mövcud olması, həmin borc məbləğinə münasibətdə cinayət işinin yox, inzibati xəta üzrə icraatın aparılmalı olması müəyyən edilmiş və adıçəkilən borcun 70 faizi məbləğində iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cərimənin ödənilməsi də qərara alınmışdır ki, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı, eləcə də qüvvədə olan cinayət işi üzrə icraata xitam verilmə barədə qərar nəzərə alınmaqla borcun mövcudluğuna və tələb edilməsinin qanuniliyinə dair məhkəmə və istintaq araşdırmasının predmeti olmuş halla bağlı borcun mövcudluğu təsdiqini tapmışdır. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçı barəsində 12 oktyabr 2022-ci il tarixli qərara əsasn CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi də nəzərə alınmaqla xitam verilmişdir. Həmin qərarda iddiaçının 9978,62 manat idxal gömrük rüsumunun ödənilməməsi halı da müəyyən edilərək AR İXM-nin 505-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərin görülməsi üçün materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, AR CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Hazırkı mübahisə üzrə də tətbiq edilməsi istisna edilməyən həmin normanın tələbindən də müəyyən edildiyi kimi cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən qərarları məcburi qüvvəyə malik qərardır. Hazırkı iş üzrə cinayət prosesini həyata keçirən orqan iddiaçı barəsində cinayət təqibini istisna edən qərar qəbul etmiş, qanuni qüvvəyə minmiş həmin qərarla 9978,62 manat idxal gömrük rüsumunun ödənilməli olması ilə bağlı hal müəyyən edilərək materiallar AR İXM-nin 505-ci maddəsinə əsasən aidiyyəti üzrə göndərilmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf həmin qərardan şikayət verməmiş, nəticədə qərar qüvvəyə minmişdir. Eləcə də, Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarlarından görünür ki, AR İXM-nin 505-ci maddəsinə əsasən iddiaçı təqsirli bilinmişdir. Həmin maddənin tələbinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin tələbindən də müəyyən edildiyi kimi gömrük ödənişindən yayınma halının mövcudluğu ödənilməli olan gömrük ödənişinin məbləğinin 70 faizindən 150 faizinədək cərimə məbləğinin ödənilməsi əsası qismində çıxış edir ki, məhkəmə də məhz hazırda mübahisələndirilən 9978,62 manat gömrük ödənişinin mövcud olduğunu müəyyən edərək həmin məbləğin 70 faizi nisbətində cərimə təyin edilmiş, qərarda həmin məbləğin mövcudluğu ilə əlaqədar iş materiallarında mövcud olan sənədlər, eləcə də ekspert rəyləri əsas götürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmə və hakimlər haqqında” Qanunun: Maddə 5. Məhkəmələrin qərarları Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğu nəzərə alınmaqla məhkəmə hesab edir ki, inzibati xəta icraatı qaydasında da olsa hazırda mübahisələndirilən borcun mövcud olub-olmaması mübahisə predmeti olmuş, məhkəmənin qüvvəyə minmiş qərarı ilə borcun mövcud olması öz təsdiqini tapmış, həmin məhkəmə qərarlarında əksini tapan hallar, eləcə də hazırkı iş materialları ilə də məhkəmə hesab edir ki, cavabdehin idxal gömrük rüsumlarının tələb edilməsi ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, idxal olunan bir qisim malların iddiaçının qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı olması müəyyən edilsə də, əlavə idxal gömrük rüsumunun hesablanmasına əsas olan digər malların kənd təsərrüfatı təyinatlı olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Həmin rəy də nəzərə alınmaqla cinayət işi üzrə icraat aparan orqan, eləcə də inzibati xəta icraatı üzrə icraat aparan məhkəmələr tərəfindən cavabdehin ilkin tələbi kimi 53964,84 manat ədv və idxal gömrük rüsumunun ödənilməli olması ilə bağlı tələbindən fərqli olaraq cavabdehin məhz idxal gömrük rüsumu kimi 9978,62 manatın tələb etməsi əsaslı hesab edilmişdir. Məhkəmə hazırda iş materiallarında olan digər sənədlərlə nəzərə alınmaqla adıçəkilən borcun mövcudluğunu istisna edən hər hansı halın mövcud olmadığı qənaətinə gəlməklə hesab edir ki, iddianın təminini istisna edən hallar cavabdeh tərəfindən sübuta yetirilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar