Məhkəmə qərarları › İş №2-1(112)-3400/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3400/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3400/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “Bakı Nəqliyyat Agentliyinə məxsus nəqliyyat vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin tələblərinə uyğun olaraq dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlanılmasının qadağan edilməsi və qanun pozuntusuna yol vermiş əməkdaşların inzibati məsuliyyətə cəlb edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı Nəqliyyat Agentliyinə məxsus nəqliyyat vasitələrinin “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi ilə dayanma və durma qadağan olunmuş yerlərdə saxlanılmasının qadağan edilməsi və qanun pozmuş əməkdaşların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının qanunsuz hərəkətlərindən xx.xx.2019-cu il tarixində Agentliyə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətin əsası xx.xx.2019-cu il tarixində saat 08:30 radələrində Bakı şəhəri, Lermontov küçəsində BNA məxsus ** PV *** dövlət nömrə nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsi ilə dayanma və durma qadağan olunmuş yerdə parklanması idi. xx.xx.2019-cu il tarixində BNA tərəfindən göndərilmiş cavab məktubunda cavabdeh tərəfindən qanunvericiliyin açıq tələbinin pozulduğu etiraf edilməklə bərabər bununla bağlı müvafiq tədbir görülməyəcəyi qeyd edilir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası DİN-ə şikayət ərizə ilə müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş etmiş, lakin sonuncu tərəfindən qanunvericiliyin tələbi pozularaq şikayət Bakı Nəqliyyat Agentliyinə göndərilmiş və nəticədə Agentlik 07-6066/M-6328 nömrəli eyni məzmunlu cavab məktubu ünvanlamışdır. Daha sonra xx.xx.2019-cu il tarixində eyni avtomobil 90PV793 Lermontov küçəsində qanunun tələbini açıq şəkildə pozaraq "xidmət" aparmışdır. Agentlik tərəfindən təcili tədbirlər görülməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozulması ilə bağlı əməkdaşı inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə BNA əməkdaşlarının nəqliyyat vasitələrinin qanunsuz parklanması ilə bağlı şikayət ərizəsi iddiaçı tərəfindən göndərilmiş, şikayətə cavab olaraq BNA aşağıdakı məzmunda cavab məktubu göndərmişdir: “Sizin Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının hərəkətləri ilə bağlı müraciətinizə (daxilolma qeydiyyat: M- 347-Ə-147 nömrəli, xx.xx.2020-ci il tarixli) aidiyyəti üzrə Agentlikdə baxılmışdır. Bildiririk ki, Agentliyin parklanma, dayanma və durma qaydalarına əməl olunmasına nəzarət ədən əməkdaşları sayrışan işıqları və xüsusi rənglənmə sxemi ilə təhçiz edilmiş patrul avtomobillərində xidmət aparırlar. Müstəsna hallarda əməkdaşlara ərazidə törədilən qayda pozuntularını sənədləşdirmək məqsədilə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərtilə “Yol hərəkəti haqqında” Qanununun tələblərindən kənara çıxmağa icazə verilir. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müraciətinizdə toxunulmuş məsələ ilə bağlı qeyd etdiyiniz patrul avtomobilində xidmət aparan əməkdaşlar “Yol hərəkəti haqqında” Qanununun tələblərinə əməl ədilməsi ilə bağlı təlimatlandırılmışdır”. Eyniliklə, BNA özünə məxsus formada qanunun pozulmasında özünün üstünlüyünün olduğunu qeyd edir ki, bu birbaşa qanuna və Konstitusiyaya ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi qaldırılmış məsələ inzibati məhkəmə icraatının predmetinə aid olmadığından iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbinin irəli sürülməsinin səbəbi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası zamanı dayanma, durma və parklanma qaydalarının pozulması ilə bağlıdır. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. Həmin Nizamnamənin 1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinin 6-cı yarımbəndinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək hüquqları mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh orqana müraciətin edilməsində əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı dayanma, durma və parklanma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi və onlar tərəfindən xidməti vəzifələrinin icrası zamanı “Yol hərəkəti haqqında” Qanununun tələblərinə əməl edilməməsindən ibarət olsa da, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Çünki, inzibati-hüquqi mübahisə inzibati orqanla fiziki şəxs arasında qanunla qorunan maraqların münaqişəsindən, hüquqların pozulmasından irəli gələn ziddiyyətlərin mövcudluğu ilə xarakterizə olunan kompleks maddi-prosessual inzibati hüquq münasibətidir. Onun yaranması istənilən halda konkret inzibati hüquq münasibəti tərəflərinin birində digər tərəfin hərəkəti (hərəkətsizliyi) ilə özünün hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulması, yaxud gələcəkdə pozulacağı barədə təsəvvürün formalaşması ilə əlaqədardır. İnzibati-Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçıya izah edilir ki, hazırki iddiasında qaldırdığı məsələlər barəsindəinzibati qaydada yuxarı vəzifəli şəxsə, eləcə də, ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar