Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3401/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Naxçivan MR-nin Fövqəladə Hallar Nazirliyinin əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququna malikdir. Bu səbəbdən də cavabdeh onu mənzil növbəsinə götürməli idi. Cavabdeh imtinanın əsası qismində ehtiyata buraxıldığı gündən 6 ay keçənədək müraciət etməsini göstərsə də, iddiaçı hesab edir ki, gec müraciət etməsi onun hüququnu məhdudlaşdıra bilməz. Məhkəmənin iddiaçının hansı statusda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, yoxsa hərbi qulluqçu kimi növbəsinə götürülməsinə dair iddiaçının iştirakı ilə müzakirə zamanı müəyyən edilir ki, iddiaçı məhz hərbi qulluqçu statusuna bərabər hüquqlu şəxs kimi növbəyə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil növbəsinə bərabər hüquqlu olmuş xüsusi rütbəli əməkdaş kimi götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Cavabdehin məktubundan görünür ki, iddiaçı müddətə istinad edərək iddiaçının 2009-cu il tarixdən ehtiyata buraxılması səbəbindən müraciətinin təminini həyata keçirməmişdir. Fövqəladə Hallar Nazirliyinin arayışından görünür ki, iddiaçı əvvəllər Daxili İş.lər Nazirliyi tabeliyində olan Yanğından Mühafizə şöbəsində bölmə komandiri vəzifəsinə təyin edilmiş, müxtəlif vəzifələrdə işlədikdən sonra 02 mart 2009-cu il tarixli əmrlə Fövqəladə Hallar Nazirliyinin tabeliyində yanğın təhlükəsizliyi orqanlarından yaşa görə ehtiyata buraxılmışdır. Nazirliyin məhkəmə sorğusuna əsasən cavab məktubundan görünür ki, iddiaçı 1981-2009-cu illər tarixində hərbi qulluqçu kimi yox xüsusi rütbəli əməkdaş kimi müxtəlif vəzifələrdə çalışmış, daha sonra yuxarıda qeyd olunan tarixli əmrlə ehtiyata buraxılmışdır. Cavabdehin 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi aylıq kirayə xərcləri ilə də təmin olunmaqla mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İşin qeyd olunan faktiki halları nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki,“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi subyektiv hüququn mövcudluğu inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtidir. Həmin şərtin pozulması isə iddiaya mahiyyəti üzrə qiymət verilməsinə imkan vermir. Hazırkı iş üzrə də məhz həmin mümkünlük şərtinin pozulması iddianın mahiyyəti üzrə baxılmasına imkan vermir. Belə ki, qərardadın qəbul edildiyi məhkəmə iclasında iddiaçı iddianın mümkünlüyü baxımından müzakirənin aparılması zəruri hesab edilmiş, iddiaçının mənzil növbəsinə götürülmədə hüquqi marağının müəyyən edilməli olması diqqətinə çatdırılmışdır. Belə ki, mənzil növbəsinə götürülmə əsasları müxtəlif kateqoriyalı şəxslərə münasibətdə birbirindən fərqlənir. Belə ki, əlilliyi müəyyən edilmiş, hərbi qulluqçu, bütün bu statusda olmadığı halda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs və s statusunda olan şəxslər mənzil növbəsinə götürülmə hüququna malikdir ki, son nəticədə mənzilin təmin edilməsinə münasibətdə növbəlilik, növbədə olduğu dövr üzrə əlavə haqqlarının ödənilməsi və s münasibətdə qanunvericilik fərqli tənzimləmə müəyyən etmişdir. Misal mənzilə ehtiyacı olan şəxs və ya əlilliyi müəyyən edilmiş şəxs mənzil növbəsinə götürülsə də onlara kirayə xərcinin ödənilməsi nəzərdə tutulmamışdır. Lakin hərbi qulluqçu “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli, 6 avqust 2012-ci il tarixli Qərarına əsasən mənzil növbəsində olduğu müddət ərzində kirayə pulu almaq hüququna malikdir. “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun: M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. 7.Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli, 6 avqust 2012-ci il tarixli Qərarının:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat Göründüyü kimi hərbi qulluqçu statusunda olan şəxslər üçün mənzil növbəsinə götürülmə hüququ ilə yanaşı, kirayə xərclərinin ödənilməsi kimi əlavə güzəştlər də nəzərdə tutulmuşdur ki, iddiaçı xüsusi rütbəli əməkdaş kimi öz statusunun hərbi qulluqçu statusu ilə bərabərhüquqlu olmaqla onun da hərbi qulluqçular üçün nəzərdə tutulmuş güzəştlər daxilində mənzil növbəsinə götürülməsinə nail olmaq istəyir. Halbuki, onun hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və bunun davamı kimi mənzil kirayə xərclərinin də ödənilməli olması o zaman realizə oluna bilər ki, iddiaçı hərbi qulluqçu statusunda olmuş olsun. Qanunvericiliyin və işin faktiki hallarından isə görünür ki, iddiaçı hərbi yox, xüsusi rütbəli əməkdaş olmuşdur, nə hərbi qulluqçuların statusu haqqında qanunvericilik, nə də fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında qanunvericilikdə isə həmin qrup xüsusi rütbəli əməkdaşın mənzil növbəsinə götürülməsinə münasibətdə bərabərhüquqlu olması ilə bağlı hər hansı norma müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçının həmin statusda olmaması nəinki iddianın rədd əsası, hətta mümkünlük əsasıdır. Belə ki, bir hüququn realizəsi o zaman mümkün ola bilər ki, həmin hüquqa şəxs malik ola biləcək şəxs olmuş olsun. İddiaçı isə hərbi qulluqçu statusunda olmadığından onun mənzil növbəsinə hərbi qulluqçu kimi alınmalı olubolmamasının mahiyyəti üzrə qiymətləndirilməsi (misal yaşa görə ehtiyata buraxılıb, adına daşınmaz əmlak mövcuddurmu və s) istisna edilir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin isə hazırkı mübahisə ilə eyniyyət təşkil etməsə də status baxımından subyektiv hüququn mövcudluğuna münasibətdə hüquqi dəyərləndirməsi məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünsüzlüyünə əsas olur. Belə ki, Ali Məhkəmənin bir sıra qərarlarından da göründüyü kimi məhkəmə kollegiyası əlilliyi hələ müəyyyən edilməmiş şəxsin əlilliyi olan şəxs kimi pensiya təyin edilməsi, şəhid olmuş şəxsin qanunvericilikdə konkret siyahısı müəyyən edilmiş yaxın qohumların şəhid ailə ailə üzvü hesab edilmə və s kimi bu qəbildən olan işlər üzrə həmin hüququn mövcud olmasına əsas olmuş halın mövcud olmamasına, yəni əlil kimi pensiya istəyən şəxsin əlilliyin hələ müəyyən olunmamasına, şəhid ailə üzvü statusuna malik olmaq istəyən şəxsin qanunvericilikdə siyahısı müəyyən edilmiş kateqoriyalı yaxın qohum olmamasına istinad edərək iddianı mümkünsüz saymışdır ki, hazırkı iş üzrə mümkünlük baxımından hər hansı fərq mövcud deyil. Belə ki, iddiaçı hərbi qulluqçu olmadığından onun hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil növbəsinə götürülməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim:Orxan Həsənov