Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3401/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X4 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğvi ilə bağlı müraciətinin nəticəsi olaraq, Bələdiyyənin xx.xx.2023-cü il tarixli, 20 saylı protokolundan çıxarışı ilə 90 saylı qərarı ilə müşayiət olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğvi ilə bağlı müraciətinin nəticəsi olaraq, Bələdiyyənin xx.xx.2023-cü il tarixli, 20 saylı protokolundan çıxarışı ilə 90 saylı qərarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 1 ünvanda 111,8 kv.m qeyriyaşayış sahəsinə (“Ailəvi” kafesinin filialı, “Qərənfil” kafesi) (çıxarış: xx.xx.2017-ci il tarixdə, reyestr № **********), yəni, daşınmaz əmlaka xüsusi mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınmışdır. Qeyd olunan əmlak X1 adına olmuş, sonradan xx.xx.2017-ci il tarixli, 7E-6816 reyestr №-li etibarnamə əsasında qeyd olunan ünvanda yerləşən əmlakın adına sənədləşdirilməsi həyata keçirilmişdir. Həmin obyekt texniki pasportda əks olunan situasiya planına uyğun olaraq 20 ildən artıqdır ki, fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin önündəki 200 kv.m. torpaq sahəsi də qatılmaqla onun faktiki sahibliyində və istifadəsində olmuşdur. Əlavə olarq istifadədə olan 200 kv.m. torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə X2 mülkiyyət hüquqları tanınmaqla adına sənədləşdirilmişdir. Hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün maraqlandıqda ünvan 2 ünvanda həmin ərazinin dövlət mülkiyyətində, ümumi istifadədə olan park ərazisinin bir hissəsinə düşməsi barədə məlumat verilmişdir. Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğvi ilə bağlı müraciətin nəticəsi olaraq Bələdiyyənin xx.xx.2023-cii il tarixli. 20 saylı protokolundan çıxarışı ilə 90 saylı qərarı ilə həmin ünvanda Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə həmin ünvanda 200 kv.m torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X1 adına mülkiyyət hüquqları ilə ayrılmasını, həmin qərarın ləğv olunmasına torpaq sahəsi üzərində fəaliyyətinin dayandırıldıqdan və tikililərin sökülərək torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsindən sonra baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, bildirmişdir ki, iş üzrə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının göstərdiyi ərazi dövlət mülkiyyətinə məxsus ümumi istifadədə olan yaşıllıq sahəsinə aiddir. Bələdiyyə özünə aid torpaq sahələrinin qanunla müəyyən edilmiş qaydalar üzrə ayırma səlahiyyətinə malik olduğundan, göstərilən Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğvi ilə bağlı müraciətin nəticəsi olaraq, Bələdiyyənin xx.xx.2023-cü il tarixli 20 saylı protokolundan çıxarışı ilə 90 saylı qərarının ləğv edilməsinə etirazı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının məhkəmədə mübahisələndirdiyi iddia tələbinin həlli ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiаçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 144 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə X1 mülkiyyətinə verilmiş 200 kv.m. torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ əldə etmək iddiası yoxdur. O, həmin sahədən maneəsiz istifadə edə bilir. Həmin torpaq sahəsinə dair vergi hesablanır və X4 tərəfindən ona verilmiş etibarnamə əsasında vergi borcu onun adına hesablandığından X4 barəsində qəbul edilmiş qərarın ləğv edilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubuna Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının surəti əlavə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 8 mkr., C.Xəndan küçəsi, 11A saylı binanın yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 200 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı X3 200 kv.m. torpaq sahəsi verilməsi barədə Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğvi tələbini irəli sürmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə 200 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Sözügedən qərarda İddiaçı hüququnu təsdiq edən heç bir müddəa yer almamışdır. Eyni zamanda iddiaçı tərəfindən həmin qərarın onun hüquqlarını hansı qaydada pozması barədə də heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüququnun mövcudluğu müəyyən olunmadığından onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasındakı izahatından müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etməsi ilə bağlı deyil. O, başqa şəxs barədə verilmiş qərarın ləğvini tələb edir. İPM-in 35.1-ci müddəasının mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Hazırkı iddia tələbi ilə iddiaçı hər hansı hüququnun pozulduğunu sübut edə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddianın mümkünlüyü komponentlərindən biri də iddia müddətlərinə riayət edilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Binəqədi Bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı haqqında məlumat üçüncü şəxsin iddiaçıya etibarnamə verdiyi 2017-ci ildən məlum idi. Qüvvədə olan qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzrlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X4 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3401/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3401/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver