Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3404/2024 08.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: X1) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: X1) qarşı “qeydiyyatdan çıxarılma” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, müqavilə əsasında üçüncü şəxsdən mənzil almış, lakin müqavilənin tələblərinə həmin şəxs tərəfindən riayət edilməmiş, şəxs qeydiyyatdan çıxmamışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq nəticə olmadığından, cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: İlkin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı və üçüncü şəxs arasında qeydiyyatdan çıxarılması tələb olunan əmlaka münasibətdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, fərdi yaşayış evinin iddiaçı və üçüncü şəxsin adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, çıxarışdan görünür ki, hazırda iddiaçı tərəfindən istifadə edilən ümumi sahəsi 17 kv.m olan fərdi yaşayış evi ilə yanaşı, fərdi yaşayış sahəsinin rekvizitləri E.Məmmədovanın mülkiyyətində olan 255.4 kv.m ölçüdə olan yaşayış sahəsinə də verilmişdir. Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi iddianın qaldırılmasında şəxsin subyektiv hüququnun mövcud olubolmaması iddianın mümkün hesab edilib-edilməməsi ilə bilavasitə bağlıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. AR İPMnin 35.1-ci maddəsi ilə də müəyyən edilir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu yoxdursa iddia mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı iddiada pozulması ehtimal olunan hüquq məhz mülkiyyət hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən də göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin mülkiyyət hüququ vardır. Hazırkı iddia da iddiaçıların mənafeyi namində məhz iddiaçıların konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçılar daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxslərin qeydiyyatını mübahisələndirərək onların mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edirlər. Bu səbəbdəndir ki, hazırkı iş üzrə iddiaçıların əmlaka dair iddia qaldırılmasında hər hansı hüquqa malik olub-olmamasının müəyyən edilməsi və nəticədə subyektiv hüququn mövcud olub-olmaması müəyyən edilməlidir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin tələbə münasibətdə yaşayış sahəsinə dair üçüncü şəxsdən daha üstün mövqedə olduğunu nümayiş etdirən hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdirlər. İddiaçı tərəfindən verilmş ilkin alqı-satqı müqaviləsi də mülkiyyət hüqunü təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və ya həmin çıxarışın verilməsi üçün müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əvəzedici qisminə çıxış edə bilməz. Göründüyü kimi iddiaçı yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları mövcud olmayan şəxsdir. Onların həmin əmlakda faktiki yaşaması hazırkı iddianın qaldırılmasına münasibətdə mümkünlük baxımından vəziyyəti iddiaçıların xeyrinə dəyişməyən hal hesab edilir. İlkin alqı-satqı müqaviləsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR MM-nin 402.1-cü maddəsinə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Göründüyü kimi ilkin müqavilənin bağlanılmasının təyinatı mülki qanunvericiliklə tənzimlənmişdir ki, hüquq müəyyən edən alqı-satqı müqaviləsindən fərqli olaraq ilkin alqısatqı müqaviləsi əmlak üzərində hüquq yaradan müqavilə olmayıb, hüququn yaranması ilə bağlı gələcəkdə əsas olacaq müqavilənin bağlanılmasına xidmət edir. Həmin müqavilənin bağlanılmaması istisna edilmədiyindən həmin müqavilə əsasında iddiaçının hər hansı hüququnun mövcudluğundan söhbət gedə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, ilkin alqı-satqı müqaviləsinin bağlanılması üçüncü şəxsə də həmin əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmanı ehtiva etmir. Belə ki, iş materiallarından da göründüyü kimi yaşayış sahəsinə dair müqavilə bağlayan tərəflərin heç biri həmin əmlaka dair hüquqmüəyyənedici sənədə malik deyildirlər. Məhkəmə diqqətə çatdırır ki, vətəndaşın daşınmaz əmlaka qeydiyyata alınması onun həmin əmlak üzərində mülkiyyət hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə vətəndaşın qeydiyyata olmasını təsdiq edən sənəd hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, iddiaçı üçün hər hansı hüquq yaratmamaqla yanaşı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması mənasını ifadə etmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Təbii haldır ki, hazırkı növ iddialar mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan mülkiyyət hüququna malik olmayan şəxsin, ümumiyyətlə digər əmlak hüquqları da mövcud olmayan şəxsin əmlaka dair mövcud olmayan hüququn müdafiəsinə dair iddianın da mümkünlüyü ödənilmir. İddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyillər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-400/2020 nömrəli analoji işi ilə bağlı 03 iyun 2020-ci il tarixli qərarında da Məhkəmə özbaşına tikinti ilə bağlı iddiaçının başqa şəxsi qeydiyyatdan çıxarılmasına münasibətdə də iddianın mümkün sayılmamasını qanuni və əsaslı saymışdır. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-952/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçıların hazırki “qeydiyyatın ləğv edilməsi” tələbinə baxılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddianın mümkün sayılmamasının əsasında iddiaçıların iddianı irəli sürməkdə subyektiv hüquqlarının olmaması dayanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-3404/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3404/2024
08.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver