Məhkəmə qərarları › İş №2-1(112)-3407/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3407/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3407/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun nümayəndəsi və vəkili Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-a dair onunla cavabdeh arasında kirayə müqaviləsi bağlanması öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1-a dair onunla cavabdeh arasında kirayə müqaviləsi bağlanması ilə əlaqədar sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Oktyabr rayon İcraiyyə Komitəsinin 13.07.1962-ci il tarixli qərarı ilə ünvan 1 onların ailəsinə verilmişdir. Bununla əlaqədar mərhum anası X2 adına 30.07.1962-ci il tarixli 03616 saylı mənzilə dair order də verilmişdir. 1991-ci ildə anası öldükdən sonra həmin mənzilə dair kirayə müqaviləsi qardaşı X3 adına dəyişdirilmişdir. Qardaşı Natiqlə birlikdə qeyd olunan mənzildə digər qardaşı Rafiq və bacısı Esmira da yaşamışdır. Bacısı Esmira 2011-ci ildə ölmüşdür. Qardaşı Rafiq isə hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Ona görə də həmin mənzildə o, yaşadığı üçün mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı şəhəri, Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh orqan onun həmin mənzildə paspot qeydiyyatının olmadığını əsas götürərək, ərizəsinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, həmin mənzilə daimi pasport qeydiyyatına düşərək, yenidən cavabdeh orqana müraciət etmişdir. Lakin yenə də müxtəlif bəhanələr gətirilərək onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmədə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş sənədlər İcra hakimiyyətinə təqdim olunmadığından onunla kirayə müqaviləsinin bağlanmasından imtina olunmuşdur. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - Oktyabr rayon Mənzil İdarəsi tərəfindən Rayon İcraiyyə Komitəsinin 13.07.1962-ci il tarixli qərarına əsasən verilmiş 03616 saylı 30.07.1962-ci il tarixli orderin surətindən görünür ki, qeyd olunan order Bakı şəhəri, 1-ci mikrorayon, J-4 saylı binanın, 3 otaqlı 49 saylı mənzilini 9 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə tutmaq üçün X6 verilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının “Mənzil kirayə müqaviləsinin vət. X7 ilə bağlanması barədə” 2158 №li 18.11.1996-cı il tarixli sərəncamında (surəti) göstərilmişdir ki, Tağı-zadə küçəsi 31 №li evin, sahəsi 40,2 kv. metr olan, üç otaqlı, 49 №li mənzilin kirayəçisi vət. X9 olmuşdur. Vəfatı ilə əlaqədar 08.07.1992-ci ildə qeydiyyatdan çıxarılmışdır (sənəd ölüm haqqında şəhadətnamə İV-JQ № 318506 14.05.1991-ci il). Həmin mənzildə kirayəçinin oğlu X7 02.09.1980-ci il tarixdən pasport qeydiyyatındadır və hal-hazırda 3 nəfər ailə üzvü (özü, bacısı, qardaşı) ilə yaşayır. Mənzil kirayə müqaviləsinin onunla bağlanması haqqında ailə üzvlərinin razılığı vardır. Qeyd olunan sərəncamla Azərbaycan Respublikası MM-nin 85-ci maddəsi rəhbər tutularaq; Tağı-zadə küçəsi 31 №li evin, sahəsi 40,2 kv. metr olan üç otaqlı, 49 №li mənzilin kirayə müqaviləsinin X7 ilə bağlanması və həmin mənzilin kirayəçisi hesab edilməsi; 23 №li MKİS-də X3 adına 3 nəfər ailə üzvü (özü, bacısı, qardaşı) ilə birlikdə X12nin açılması qərara alınmışdır. - Bakı şəhəri, Cavabdeh Nəsimi rayon MKTB 23 saylı MKİS tərəfindən Bakı şəhəri Cavabdeh başçısının 2158 №li 18.11.1996-cı il tarixli sərəncamına əsasən X3 adına A.Məhərrəmov küçəsi, 31 saylı evin 49 saylı mənzilinə dair açılmış “X12”ndə 1957-ci il təvəllüdlü X5 (qeydiyyat tarixi 15.12.1987) və xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (03.12.2020) adları qeyd olunmuşdur. - 23.04.2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 14896813 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 07.02.1957-ci ildə Bakı şəhərində doğulmuş X8 ünvan 1 ünvanında qeydiyyatdadır. - ünvan 27.2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə ünvan 3 ünvanının yaşayış sahəsinə dair 03.01.1997-ci il tarixli özəlləşdirmə və bununla bağlı cavabdeh X3 adına verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız sayılması qət edilmişdir. - Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 093131 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 11.05.2020-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 06 ayının 30-cu günündə 528 nömrə ilə qeyd edilmişdir. - “Asan-3” tərəfindən 04.12.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan və Bakı şəhəri, Cavabdeh Nəsimi rayon MKTB 23 saylı MKİS tərəfindən verilmiş 555 №li 08.12.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, A.Məhərrəmov küçəsi, ev 31, mənzil 49-da İddiaçı və X8 daimi qeydiyyatdadırlar. - 18.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin imzası və Müəssisənin möhürü ilə təsdiq olunmuş X5 ərizəsindən görünür ki, sonuncu ünvan 4 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bacısı İddiaçı adına dəyişdirilməsinə və bacısı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - İddiaçının qardaşının ölümü ilə əlaqədar onun icarədarı olduğu A.Məhərrəmov küçəsi, 31 №li evin 49 №li mənzilinə dair onunla icarə müqaviləsinin bağlanması barədə müraciətlərinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş; - 5/M-216-068 №li 02.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, onun sözügedən mənzilə qeydiyyatı olmadığından xahişinin təmin olunması mümkün deyildir; - 6/M-4-068 №li 16.01.2021-ci il tarixli məktubla bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla birlikdə A.Məhərrəmov küçəsində yerləşən 31 nömrəli evin 49 saylı mənzildə qardaşı X8 qeydiyyatdadır. Odur ki, qardaşı X5 onunla kirayə müqaviləsi bağlanmasına dair cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş razılıq ərizəsi təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********41 №li 17.05.2021-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 27.2014-cü il tarixli qətnaməsinə (məktubda səhvən Nəsimi rayon, İHB-nın sərəncamı qeyd olunmuşdur) əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 31, 49 saylı mənzilə dair X3 hüquqları ləğv edilmişdir (məktuba Oktyabr rayon Mənzil İdarəsi tərəfindən Rayon İcraiyyə Komitəsinin 13.07.1962-ci il tarixli qərarına əsasən verilmiş 03616 saylı 30.07.1962-ci il tarixli orderin və Bakı şəhəri Cavabdeh başçısının “Mənzil kirayə müqaviləsinin vət. X7 ilə bağlanması barədə” 2158 №li 18.11.1996-cı il tarixli sərəncamın və s. sənədlərin surətləri əlavə olunmuşdur). - Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 6/362 №li 26.04.2021ci il tarixli məktubda və məktuba əlavə olunmuş Bakı şəhəri, Cavabdeh Nəsimi rayon MKTB 23 saylı MKİS tərəfindən verilmiş 215 №li 22.04.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 31 saylı evin 49 saylı mənzili Cavabdeh balansındadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə müəssisəsinin 19.04.2021-ci il tarixli 17/18-1281 №li məktubu ilə Bakı şəhər, Cavabdehnə ünvanlanmış X5 ərizəsindən görünür ki, sonuncu ünvan 4 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bacısı İddiaçı adına dəyişdirilməsinə və bacısı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinaları əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır (85-ci maddə). 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 59.3-cü maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Həmin Məcəllənin 81.2-ci maddəsində qeyd edilmişdir ki, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İş materiallarından görünür ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı ilə mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtina olunması üçün qeyd olunmuş hər iki əsas müraciətçi tərəfindən aradan qaldırılsa da, sonuncunun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən, sonuncunun həmin mübahisəli mənzildə qeydiyyatda olmadığı və qeydiyyatda olan digər şəxsin (qardaşının) razılığı olmadığı göstərilsə də qeyd olunan hallar inzibati orqan tərəfindən inzibati icraat qaydasında araşdırılmamış və məhkəmə araşdırması müəyyən olunan hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, ünvan 1-a dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə ünvan 1-a dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar