Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3407/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-ci ildən 2000-ci ilədək istifadə etmədiyi əsas məzuniyyətə görə hansı iş illəri üçün verilməsindən asılı olmayaraq həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq nəzərə alınmaqla hesablanıb kompensasiya ödənilməsi və həmin məbləğin birdəfəlik verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 26 sentyabr 1991-ci ildən 18 dekabr 2017-ci ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müstəntiq vəzifəsi olmuşdur. Hazırda təqaüddədir. 18 dekabr 2017-ci il tarixdə təqaüdə çıxdığı vaxt əmək haqqı 1353 manat olmuş, hazırda isə edilən artımlarla bağlı 1848 manat təşkil edir. Xidmət etdiyi müddətdə 1991-ci ildən 2000ci ilədək əsas məzuniyyətdən istifadə etməmişdir və məzuniyyət pulunu almamışdır. 26 aprel 2021-ci il tarixdə Azərbaycan Respulikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə ərizə ilə müraciət edərək yuxarıda qeyd olunan illər üzrə istifadə etmədiyi əsas məzuniyyətə görə hesablama apararaq ona kompensasiya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respulikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən həmin ərizəsinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsaslanaraq həmin qərar imzalandığı gündən qüvvəyə mindiyi üçün həmin tarixədək daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə görə pul müavinəti verilməməsi göstərilmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinin Vİİ bəndinin tələblərinə ziddir. 23 sentyabr 2021-ci il tarixdə isə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək yuxarıda qeyd olunan illər üzrə istifadə etmədiyi əsas məzuniyyətə görə ona kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-plan şöbəsində saxlanılan şəxsi vərəqəyə əsasən iddiaçıya əmək haqqı və məzuniyyət müavinəti tam ödənilmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Qeyd olunan qərar imzalandığı gündən qüvvəyə mindiyi üçün həmin tarixədək daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə görə pul müavinəti ödənilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-plan şöbəsində saxlanılan şəxsi vərəqəyə əsasən İddiaçı əmək haqqı və məzuniyyət müavinəti tam ödənilmişdir. 2005-ci ildən əvvəlki illərdə məzuniyyətlərə görə müavinətin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, əməkdaşlara işləmədikləri həmin ayın əmək haqqısı məzuniyyət kompensasiyası olaraq hesablanıb ödənilmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 76-cı bəndinə əsasən daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə). 78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir. Hazırda iddiaçı 1991-ci ildən 2000-ci ilədək istifadə etmədiyi əsas məzuniyyətə görə hansı iş illəri üçün verilməsindən asılı olmayaraq həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq nəzərə alınmaqla hesablanıb kompensasiya ödənilməsini və həmin məbləğin birdəfəlik verilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçıya əmək haqqı və məzuniyyət müavinəti tam ödənilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi müddətdə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqini tapmadı. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, iddiaçıya xidmət etdiyi müddət ərzində əmək haqqı və məzuniyyət müavinəti tam ödənilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3407/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3407/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver