Məhkəmə qərarları › İş №2-1(112)-3407/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3407/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3407/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin ana qrafasında düzəliş edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamədə ana qrafasında doğma anası “X1” qeyd edilməsinə dair öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, iddiaçı 1985-ci ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamə ana qrafasında o zaman nikahda olan anam X2 qeyd edilmişdir. 1985-ci ildə xalası X5 tərəfindən övladlığa götürülmüşdür. Övladlığa götürüləndən sonra doğum şəhadətnamədə ana qrafasına X5 qeyd edilmişdir. X3 övladlığa götürməkdə məqsədi çox uşaqlı ana kimi pensiya almaq olmuşdur. Öz məqsədinə nail olandan sonra anasının dediyinə xalası ona baxmaqdan imtina etmiş və ona yenidən öz doğma anası X1 baxmışdır. Hətta baxmaqdan əlavə 2003-cü ildə xalası Şəhla Əliyeva xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi 1 saylı binanın 26 saylı mənzildən onu qeydiyyatdan çıxartmışdır. Bununla bağlı müvafiq qətnamə də mövcuddur. Həmin vaxtdan sonra müxtəlif ünvanlarda kirayələrdə anası ilə birlikdə yaşamışdır. Xalası onu övladlığa götürsə də, ona həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirməmişdir. Ona görə də iddiaçı qərara gəldi ki, doğum haqqında şəhadətnamədə ana qrafasında əvvəlki məlumatların bərpa etsin, yəni ana qrafasında doğma anası X1 qeyd edilsin. Bu məqsədlə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh övladlığa götürülmə haqqında akt qeydinin ləğv edilib əvvəlki məlumatlarının bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

3. Nəsimi rayon XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə X4 bacısı qızı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Cavanşir qızını övladlığa götürməsinə icazə verilmiş, soyadı Əliyeva, adı Ella saxlanması, ata adı Ağamirzə qızı kimi göstərilməsi, ata qrafasında X6, ana qrafasında X5 yazılması, doğum yerinin Bakı şəhəri, təvəllüdünün xx.xx.1985-ci il olaraq qeyd edilməsi qərara alınmışdır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

6. Ailə Məcəlləsindən: Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi 131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

7. Mülki Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən övladlığa götürülmənin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir.

8. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının çatmaq istədiyi məqsəd Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə övladlığa götürülmənin ləğv edilməsi haqqında iddia ərizəsi verməklə nail ola bilər.

9. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

10. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar