Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3407/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3 və "xxxx" MMC) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli 130 saylı Sərəncamı ilə, İddiaçı ayrılan Goradil bağlar massivində yerləşən 1200 kv.m ölçüdə 270 “z” saylı bağ sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 130 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı ilə 194 nömrəli Bakı şəhəri, Binəqədi rayonu, Görədil Bağ tikinti kooperativinin nəzdində 270 “z" nömrəli bağtorpaq sahəsi İddiaçı Çingiz qızına ayrılaraq istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 130 nömrəli xx.xx.1991-cü il tarixli bağ sahəsinin ayrılması, adına keçirilməsi, bölünməsinə dair Sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara İddiaçı Görədil BTK nömrəli 194 bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərəncamı ilə İddiaçı adına Görədil BTK nömrəli 194 nömrəli bağ sahəsinin ayrılması, ada keçirilməsi və bölünməsi arxiv arayışında göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının İnkişafı və İstismarı birliyi Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdində 270 “z" saylı 0.12 hektar (1200 kvm) bağtorpaq sahəsi 30 nömrəli orderlə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi tam qanuni istifadəsinə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daim, demək olar ki, gündəlik abadlıq işləri aparmış, həmin ərazini bağ kimi istifadə etmiş və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək müntəzəm olaraq torpaq vergisi ödəmişdir. Bu onillər ərzində istər bağ qonşuları (qonşuları özləridə təsdiq edə bilərlər) tərəfindən bağ sahəsi ilə bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsiylə bağlı heç bir mübahisə yaranmamışdır. Cavabdeh tərəfindən **********61 saylı məktubla imtina verilmişdir. İmtinada qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ sahəsi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciəti qeydiyyata alındıqdan sonra torpaq sahəsinə heç bir mühəndis tərəfindən baxış keçirilmədən, naturada illərdir istifadəsində olan bağ sahəsinin ölçüsünü yerləşdiyi yeri müəyyənləşdirmədən, iddiaçının iştirakı təmin etmədən imtina edilmişdir. İddiaçıya torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991 -ci il tarixli 130 saylı qüvvədə olan sərəncamına əsasən ayrılmışdır. Hazırki cavab isə qanunsuzdur və iddiaçının hüquqlarını poza bilməz. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən əvvəllər eyni məzmunlu dəfələrlə müraciət edilmiş və fərqli konfiqurasialı ərazilər göstərilmişdir. Həmçinin göstərilən sahə "xxxx" MMC-nin adına tərtib edilmiş yerquruluşu planı ilə üst-üstə düşür. Bundan əlavə qeyd olunan ərazidə sxematix xəritədə bağ nömrəsi aşkar edilməmişdir. Goradil massivi 270Z saylı bağ sahəsinə dair iddiaçının adına verilmiş order X2 xx.xx.2005-ci il tarixli aktına əsasən ləğv edilərək həmin Birliyinin xx.xx.2005-ci il tarixli, 200 saylı Protokoluna əsasən Goradil massivi 270Z saylı bağ sahəsinə digər fiziki şəxsin (X3) adına order verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 130 saylı sərəncamından görünür ki, Goradil massivində 194 saylı BTK-nın tərkibində İddiaçı bağ sahəsinin ayrılması qərara alınmışdır. Goradil bağlar sahəsində 194 saylı kooperativ tərəfindən verilmiş 30 nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 130 nömrəli qərarına əsasən İddiaçı Göradil bağlar sahəsində 194 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 270z nömrəli bağ ayrılmışdır. İddiaçı hazırda bu sənədə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq sərəncam və orderi təqdim etmişdir. Lakin işdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, sözügedən sahəyə xx.xx.2024-cü il tarixdə təkrar baxış keçirilmişdir. 270 z saylı bağ sahəsi kimi iddia olunan sahə ümumi sahədən şərti olaraq göstərilmişdir. Ümumi sahənin 1 tərəfinin çox hissəsi 2 daş hasar, 1 tərəfinin isə çox hissəsinə mişar daşı düzülmüşdür. Sahədə tikili yoxdur. Faktiki şərti olaraq göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Əvvəlki müraciətlərdə vətəndaşın özü tərəfindən 270z saylı bağ sahəsi kimi müxtəlif ərazilər göstərilmişdir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyindən və həmin hissədə sxematik xəritədə bağ nömrələri olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uygundur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 270z saylı bağ sahəsi kimi iddia olunan sahə ümumi sahədən şərti olaraq göstərilmişdir. Ümumi sahənin bir tərəfinin çox hissəsinə 2 daş hasar, bir tərəfinin isə çox hissəsinə mişar daşı düzülmüşdür. Şərti göstərilən sahə 1200.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə "Nardaran İnvest” MMC-nin adına tərtib edilmiş yerquruluşu planı ilə üst-üstə düşür. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyindən və həmin hissədə sxematik xəritədə bağ nömrələri olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. İddiaçı tərəfindən əvvəllər eyni məzmunlu dəfələrlə müraciət edilmiş və fərqli konfiqurasialı ərazilər göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. İstinad olunan normalardan görünür ki, torpaq üzərində yeni mülkiyyət münasibətləri yaradılması məqsədilə 1996-cı ildə torpaq islahatı aparılarkən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış o bağ sahələrinin onların əvəzsiz qaydada mülkiyyətinə verilməsi qərara alınmışdır ki, həmin torpaq sahəsi vətəndaşın istifadəsinə olsun və bui istifadə qanuni xarakter daşısın. İşin hazırkı hallarından görünür ki, torpaq sahəsi iddiaçıya 1991-ci ildə ayrılsa da, o həmin bağ sahəsindən istifadə etməmiş, cavabdehə müraciəti zamanı hər dəfə fərqli ərazilər göstərmişdir. Məsələn, iddiaçı 2020-ci ildə cavabdehə müraciət edərkən onun naturada göstərdiyi torpaq sahəsi digər şəxsin adına qeydiyyta alınmış, hazırda gösərdiyi ərazi isə "xxxx" MMC-nin istifadəsində olan ərazi olmuşdur. Göründüyü kimi, 270z saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan və bu barədə qüvvədə olan kadastr planı tərtib edilmiş bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Oxşar mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. O da qeyd edilməlidir ki, iddiaçı sonuncu dəfə göstərdiyi bağ sahəsinin 270z saylı bağın ərazisinə uyğun gəldiyini göstərsə də, işdən görünür ki, həmin hissədə sxematik xəritədə bağ nömrələri mövcud deyil və iddiaçının daha əvvəl, yaxud sonuncu göstərdiyi ərazinin 270z saylı bağın ərazisinə uyğun gəldiyini müəyyən etmək mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçı basqasının istifadəsində olan bağ sahəsinin 270z saylı bağa uyğun gəldiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübutu təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-3407/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3407/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver