Məhkəmə qərarları › İş №2-1(112)-3408/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3408/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3408/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi”” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qərarlara əsasən iddiaçının müvafiq yük gömrük bəyannamələri üzrə əvəzləşməyə təqdim etdiyi məbləğlər əvəzləşmədən çıxarılmış, nəticədə əlavə vergi öhdəliyi yaranmışdır. Vergi orqanı qeyd etmişdir ki, Vergilər Məcəlləsinin 159.3-cü maddəsinə görə müvəqqəti idxal şəklində buraxılan mallar ƏDV məqsədləri üçün idxal malları hesab edilmir. Bu səbəbdən də əvəzləşməyə təqdim edilə bilməz. Halbuki, qanunvericilikdə bununla bağlı qadağa mövcud deyil. Ümumiyyətlə iddiaçı Sazişlər çərçivəsində fəaliyyət göstərmişdir. Sazişlər üzrə əlavə dəyər vergisi haqqında protokollara əsasən iddiaçı karbohidrogen fəaliyyəti ilə bağlı mal, iş və xidmətlərin əldə edilməsi və idxalı üzrə ƏDV-dən azad hesab edilir. Bunun üçün, 0 dərəcə ilə azad oluma sertifikatı tələb olunur. Mal idxal olunanda isə ƏDV sertifikatı mövcud olmuşdur. Həmin sertifikatın etibarlı olması onun aylıq ƏDV məbləğlərini ödənilməsindən azad olması deməkdir. Ümumiyyətlə, müvəqqəti idxal xüsusi gömrük proseduru çərçivəsində edilən əlavə dəyər vergisi üzrə ödənişlər ƏDV protokolları üzrə sıfır (0) faizdən artıq dərəcə ilə ödənilmiş ƏDV hesab edilir. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinin 159.3-cü maddəsi ilə Gömrük Məcəlləsinin 194.1-ci maddəsi kolliziya təşkil edir. Halbuki, müvəqqəti idxal xüsusi gömrük proseduru çərçivəsində ƏDV-dən azad olma gömrük qanunvericiliyi ilə tənzimlənməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Məcəllənin 159.3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV məqsədləri üçün idxal malları sayılmır. Müvəqqəti idxal şəklində buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Cavabdeh qeyd edir ki, Saziş və protokollar ƏDV üzrə vergitutma obyektinin yaranmasını müəyyən etmir. Bu müddəalar yaranmış vergitutma obyekti üzrə hansı hallarda mövcud ƏDV öhdəliyinin yerinə yetirilməsindən azad etməni nəzərdə tutur. Protokolun istinad olunan 6.1-ci maddəsində nəzərdə tutulmuş halla bağlı isə cavabdeh hesab edir ki, bu 175-ci maddədə nəzərdə tutulan ƏDV əvəzləşməsini deyil, artıq ödənilmiş ƏDV-nin geri alınması və ya başqa vergi ilə əvəzləşdirmək hüququnu müəyyən edir. Cavabdeh, həmçinin hesab edir ki, hazırkı halla bağlı vergi və gömrük qanunvericiliyi arasında kolliziya da mövcud deyil. Gömrük qanunvericiliyində heç bir halda rüsum və vergilərin 3 faizi həcmində müəyyən edilən və ödənişləri vergi qanunvericiliyi ilə 18 faiz müəyyən edilmiş ƏDV ilə eyniləşdirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, iddia müddəti ilə bağlı mümkünlük şərtləri ödənilir. Belə ki, istər vergi orqanının qərarlarının elektron qaydada göndərilməsi ilə bağlı tələblərə riayət edilməməsi, istərsə də iddiaçının həmin qərarlardan inzibati qaydada şikayətlər verməsi iddia müddətinin ötürülmədiyinə əsas yaradır. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-30/2021 saylı iş üzrə 14.04.2021-ci il tarixli qərarında da analoji mövqedən çıxış edilmiş və qeyd edilmişdir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir Ali Məhkəmə 2-1(102)-462/2021 saylı 28.04.2021-ci il tarixli qərarında və digər qərarlarında da aidiyyəti mövqedən çıxış etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.3. əlavə dəyər vergisi; 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi vergi qanunvericiliyi ilə əlavə dəyər vergisi ilə bağlı vergi tutma obyekti hesab edilən və idxal edilməyən mallarla bağlı konkret tələb müəyyən edilmişdir ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan malların ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməməsi konkret olaraq göstərilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, Məcəllənin həmin müddəasının əksinə iddiaçının Saziş və Protokolların əvəzləşmə hüququnu yaratmasına münasibətdə də iddianın dəlilini məhkəmə əsassız hesab edir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 2.7-ci maddəsi Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Göründüyü kimi tərəfdar çıxılan beynəlxalq sazişlərin Məcəllə və digər aidiyyəti qanunvericiliyindən üstünlüyü tanınsa da, Sazişin üstünlüyü yalnız daxili sənədlərlə fərqli müddəa mövcud olduğu halda yaranır. Hazırkı hal üzrə isə Saziş və Vergi Məcəlləsi arasında hər hansı ziddiyyət mövcud olmamışdır. Belə ki, Saziş və protokollardan fərqli olaraq əlavə dəyər vergisi məqsədləri üçün vergitutma obyektinin nə olması, nə olmaması Vergi Məcəlləsi ilə müəyyən edilir. Saziş və protokollar isə Vergi Məcəlləsində adıçəkilən əlavə dəyər vergisi ilə bağlı yaranmış vergi öhdəliyindən tam və ya qismən azad olma ilə bağlı münasibətləri tənzimləyir, lakin əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin nədən ibarət olmasını müəyyən etmir. Məcəllənin 3.7-ci maddəsindən də görünür ki, Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Məhkəmə, gömrük və vergi qanunvericiliyi arasında ziddiyyətin mövcudluğu ilə də bağlı dəlili əsassız hesab edir. İddiaçı hesab edir ki, Gömrük Məcəlləsinin 194.1-ci maddəsi ilə Vergi Məcəlləsinin 159.3-cü maddəsi ziddiyyət təşkil edir. Gömrük Məcəllənin 194.1-ci maddəsindən də görünür ki, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Göründüyü kimi həmin maddə Vergi Məcəlləsinin 159.3-cü maddəsində nəzərdə tutulan mövqe ilə hər hansı fərqli mövqe nümayiş etdirmədən fərqli məsələnin tənzimlənməsinə xidmət edir. Həmin maddə gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilməsi ilə bağlı olub, rüsum və vergilərin 3 faizi həcmində müəyyən edilən ödənişlərin Vergi Məcəlləsində olan 18 faiz ƏDV ilə eyniləşdirmir. Göründüyü kimi istər əlavə dəyər vergisi məqsədləri üçün müvəqqəti idxal edilən malların vergitutma obyekti olmaması, istərsə də qanunvericilik normaları, o cümlədən Sazişlə müəyyən edilən müddəalar arasında ziddiyyətin olmaması, vergi qanunvericiliyinin yuxarıda adıçəkilən konkret tələbləri iddianın əsassızlığına dəlalət edir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsası mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar