Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3408/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının inzibati binaya qeydiyyata alınması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və inzibati binaya qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildən Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasınə qeydiyyata alınmışdır. 2022-ci ildən isə, onun daimi yaşayış yeri üzrə pasport qeydiyyatı silinib və ona məxsus şəxsiyyət vəsiqəsi hüquqi sənəd kimi əhəmiyyətini itirib. Bakı şəhəri Yasamal RPİ-nin iddiaçının pasport qeydiyyatından çıxarılması ilə bağlı mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin G40-001-21 nömrəli göstərişinə əasən onun Yasamal RPİ-nin inzibati binasına qeydiyyata alınması qeyri-mümkündür. (27 sentyabr 2022-ci il tarixli 091-62704A-3222 nömrəli imtina məktubu). İddiaçının faktiki yaşadığı ünvanın da hüquqmüəyyənedən sənədləri yoxdur. Bu vəziyyətdə də belə tikili üzrə qeydiyyatın mümkünsüzlüyü bildirilir. Halbuki pasport qeydiyyatı əmlaka hər-hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında vəzifələrin icra olunması, hüquq və azadlıqların həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Göstərilənlərə və İPM-nin müddəalarına əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Yasamal RPİnin tələblə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının inzibati binaya olan qeydiyyatının bərpasının cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. «İnzibati icraat haqqında» Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; - inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 01 iyun 2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı 31 may 2005-ci il tarixdən 8 iyul 2010-cu il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 508, ev 12, mənzil 8-də, 8 iyul 2010-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Səbail rayonu, 4-cü N.Nərimanov döngəsi, ev 35-də, 27 noyabr 2019-cu il tarixdən 30 avqust 2022-ci il tarixədək isə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 30 avqust 2022-ci il tarixdə onun şəxsiyyət vəsiqəsi “qeydiyyatdan çıxarma” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. Hazırki işdə iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati binadan çıxarılmazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması inzibati aktın qəbul edilməsi ilə nəticələnməsə də, cavabdeh tərəfindən aparılmış inzibati icraat düzgün olmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya etimad göstərərək onu inzibati binaya qeydiyyata almışdır. Buna baxmayaraq, cavabdeh etimad göstərdiyi vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarmış, aparılmış inzibati icraat barəsində iddiaçını məlumatlandırmamış, onun dinləmə hüququnu təmin etməmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından yalnız şəxsiyyət vəsiqəsi qeyri-aktiv statusuna keçdikdən sonra məlumatlı olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış inzibati icraatın prosessual baxımından düzgün aparılmaması təkzib olunmaz bir haldır. Həmçinin qeyd edilməlidir ki, «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa, bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı iş üzrə 6 oktyabr 2021-ci il tarixli qərarı, 2-1(102)-1719/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərarı). Göründüyü kimi, kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Həmçinin qeyd olunmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Qanunun qeyd olunan müddəasından məzmunu belə deməyə əsas verir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyat alınması onun uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratdılmasına xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan qaydada inzibati icraat aparılıb-aparılmamasından asılı olmayaraq, cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı buna heç bir tutarlı əsas olmadan Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılması, həmçinin qeydiyyatının bəra olunmasından imtina ilə bağlı hərəkətləri qanunsuzdur və belə hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına (Bakı şəhəri, Ə.Salamzadə küçəsi 5) qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətləri qanunsuz sayılsın. İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına (Bakı şəhəri, Ə.Salamzadə küçəsi 5) qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3408/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3408/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver