Məhkəmə qərarları › İş №2-1(112)-3408/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3408/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3408/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia tələbinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsi, iddia ərizəsinin qanuni qaydada araşdırılmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən "xxxx" MMC-də müddətsiz əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsində işləyir. Son bir neçə ildir ki, əməkdaşı olduğu İdarənin rəhbər vəzifəsinə qeyri-qanuni Məcid Ağapur (X6) adlı İran vətəndaşı rəhbər təyin olunmuş və o, İdarəyə gəldiyi ilk gündən müşahidə nəzarət kameralarının bütün əməkdaşlarını işdən çıxarmış, onların yerinə öz adamlarını yerləşdirmişdir. Digər mühafizəçiləri də məcburi şəkildə işdən çıxarmış və hazırda da davam edir. Onun bu qeyri-qanuni hərəkətləri İdarədə işçilər arasında çox ciddi narazılıqlar yaradır, narazı işçilərə cavab olaraq o, bildirir ki, patron belə deyib. Məcid Ağapur iddiaçıya da xidməti vəzifələrilə əlaqədar bir neçə dəfə əmrlər vermiş və iddiaçı həmin əmrləri yerinə yetirmişdir. Sonradan ona bildirmişlər ki, Məcid Ağapur qeyri-qanuni olaraq müəssisədə rəhbər vəzifədə çalışır. İddiaçı isə onun əmrlərini yerinə yetirdiyinə görə müvafiq qaydada məsuliyyət daşıyır. Bununla əlaqədar iddiaçı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2024-cü il tarixli cavab məktubu ilə qeyd etdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Həmin məktubda əsassız olaraq qeyd edilmişdir ki, “... “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 okiyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”. Cavabdeh təşkilatın qeyd etdiyi cavab qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, cavabdeh təşkilatın istinad etdiyi qanun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə”dir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı: 1.7.əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Cavabdeh təşkilat ona əsassız və qeyri-qanuni cavab verdiyinə görə iddiaçı onların rəsmi cavabından bir ay müddətində Bakı İnzibati Məhkəməsinə və eləcə də Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müvafiq qaydada müraciət etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq tələbinin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə vəsatət verərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü baxımından inzibati mübahisələrin məhkəmə aidiyyəti mühüm əhəmiyyət kəsb edir. İnzibati mübahisələrin predmetini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə X1 başladılmış inzibati xəta haqqında icraat ilə bağlıdır. Buna baxmayaraq, fiziki və hüquqi şəxslər o zaman inzibati məhkəmələrə müraciət edir ki, tərəflər arasında inzibati icraat haqqında qanunun və digər inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktların pozuntusu mövcud olur və həmin fiziki və hüquqi şəxsin bu pozuntu nəticəsində hüquqlarına və qanunla qorunan maraqlarına xələl gəlir. Hazırki vəziyyətdə iddia ərizəsində qeyd olunan münasibətlər inzibati hüquqdan yox, inzibati xətalar üzrə qanunvericilikdən yaranan münasibətlərdir. Həmçinin, bu münasibətlər nəticəsində İddiaçı fiziki şəxs olaraq hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəyməmişdir. İddiaçı X1 aparılan icraatın nəticəsindən narazı qaldığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, X2 qərarından rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırki iş üzrə iddia mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-də işləyir. Sübuta yetirilsin ki, Məcid Ağapur (X6) "xxxx" MMC-də qeyri-qanuni işləyir. Onun göstərişi əsasında icra etdiyi işə görə bir hadisə olarsa məsuliyyəti var. Həmin şəxs işçilərə, o cümlədən ona da tapşırıq verir. İlk əvvəllər işçilərə deyilmişdir ki, Məcid Ağapur (X6) guya qanuni işçidir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsini, müraciətinin qanuni qaydada araşdırılmasının cavabdehə həvalə edilməsini tələb edir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətini cavabdeh xx.xx.2024-cü il tarixli məktubla cavablandırmışdır. Həmin məktubda göstərilmişdir ki, “...Araşdırma zamanı təqdim etdiyiniz izahatda işçisi olduğunuz "xxxx" MMC-də rəhbər vəzifəsində çalışan X5 əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyi bildirmiş, mail yazışmaları və foto şəkilləri izahatınıza əlavə etmisiniz. Lakin təqdim etdiyiniz sübutlar iddianızı təsdiqləyəcək hüquqi qüvvəyə mlik olmamışdır. Müraciətinizlə əlaqədar "xxxx" MMC-nin ünvanına (AZ1029, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 90) tərəfimizdən 3-17- 5/2-27323/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və müraciətinizdə qeyd etdiyiniz məsələyə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq münasibət bildirilməsi tələb olunmuşdur. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş cavab məktubunda "xxxx" MMC-nin strukturunda X7 adlı şəxsin mövcud olmadığı, qeyd olunan şəxslə şirkət arasında hər hansı əmək və ya xidmət münasibətinin olmadığı qeyd edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. "xxxx" MMC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən etibarən bugünədək Cəmiyyətin Xidmət şöbəsində mühafizəçi vəzifəsində çalışmaqdadır. X7 adlı şəxs isə "xxxx" MMC tərəfindın hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyi, onunla Cəmiyyəti arasında hər hansı əmək münasibəti mövcud olmadığı və nəticə etibarilə hüquqi qüvvəsi olan əmək müqaviləsi olmadığı üçün Cəmiyyətdə belə bir işçi qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən, iş materiallarından və iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilir ki, əsl həqiqətdə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı ondan ibarətdir ki, onun mövqeyinə görə Məcid Ağapur (X6) "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə cavabdeh tərəfindən yoxlama aparılaraq üçüncü şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməlidir. Məcid Ağapur (X6) adlı şəxs ilə "xxxx" MMC arasında əmək müqaviləsinin olmaması iddiaçıya da məlumdur və bunu məhkəmə sorğusunun cavablandırması nəticəsində üçüncü şəxs də təsdiq edir. Beləliklə, bir daha təsdiq olunur ki, iddiaçının əsl həqiqətdə hüquqi marağı müraciətinə uyğun cavabdeh tərəfindən üçüncü şəxsdə yoxlama aparılaraq, Məcid Ağapurun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə üçüncü şəxs barəsində qanunvericiliyə uyğun (inzibati tenbeh) tədbir görülməkdən ibarətdir. Bunu iddiaçının məhkəməyə ilkin müraciəti də bir daha təsdiq edir. Belə ki, iddiaçı hazırki iddiadan əvvəl də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli imtina məktubunun qeyri-qanuni hesab edilməsi, Məcid Ağapur (X6) adlı İran vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx"MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-11616/2024 saylı qərardadı ilə həmin iddia iddia mümkün sayılmamış və həmin qərardaddan şikayət verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə görə əmək qanunvericiliyinin pozulmasına görə inzibati xəta hesab edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il № 795 Fərmanının 5.4-cü bəndinə görə həmin Məcəllənin 191.2-ci, 192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477- 1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Hazırkı mübahisənin kökündə cavabdehin üçüncü şəxs barəsində inzibati xətalara dair iş üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ durur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Maddə 99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. ... 99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. 99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir. 99.7. Bu Məcəllənin 40.0.2-40.0.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı:

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.7. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (bənd 1.1, 1.2, 1.3, 1.4, 2.1, 2.3, 6.1). Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Göstərilən məsələlər ilə bağlı məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, lakin o, mübahisəyə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı mübahisə üzrə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi izah olunur. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar