Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3409/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi,cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi üçün 26.12.2001-ci il tarixdən 01.04.2019-cu il tarixə kimi müddət ərzində müharibə veteranlarına hər ay təyin olunan 55 manatın cəmi 11880 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi üçün 26.12.2001-ci il tarixdən 01.04.2019-cu il tarixə kimi müddət ərzində müharibə veteranlarına hər ay təyin olunan 55 manatın cəmi 11880 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Lerik rayonunun Durğan kəndində anadan olmuşdur. 04.01.1994-cü ildə Yasamal rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq döyüş bölgəsində xidmət etməklə kiçik çavuş vəzifələrində çalışmışdır. 1994-cü ildə Döyüş bölgəsində olarkən Ağdam və Papravənd kənd istiqamətlərində xidmətdən tərxis olunduqdan sonra iddiaçı Müdafiə Nazirliyinə müharibə veteranı vəsiqəsi verilməsi üçün bir neçə dəfə müraciət etdikdən sonra nəhayət 28.07.2019-cu il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli fərmanı ilə müharibə veteranlarına ayda 55 manat müavinat təyin edilmişdir. Qeyd olunan fərmana uyğun olaraq təyin olunmuş müavinat 01.04.2019-cu il tarixdən 80 manat olmaqla Prezident təqaüdü ilə əvəz olunmuşdur. İddiaçı buraxılmış müddət əvəzində ona hər ay ödəniləsi olan 55 manatın ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd olunan filialın 17.10.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, guya əvvəlki dövr üçün ödəmələrin aparılması yol verilməzdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qanunvericiliyin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli fərmanın tələblərinə məhəl qoymamaqla ona ödəniləsi təqaüdün verilməsindən imtina edir. İddiaçı 4 il döyüş bölgəsində xidmət etməklə döyüş əməliyyatlarında iştirak etdiyi üçün bu onun dövlət tərəfindən ona verilən haqqıdır. Qanunun tələblərini öz bildiyi kimi yozmaq yol verilməzdir. Odur ki iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Hal-hazırda müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyatlar mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya, müavinət və digər ödənişlərin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüququna və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətdə) əsaslanmadə və Konstitusiyaya zidd olmaması prinsiplərinə uyğun həyata keçirilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаt və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsi, H3 65504556 seriya nömrəli hərbi bileti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 28 iyun 2019-cu il tarixli müharibə veteranı vəsiqəsinin surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 23.07.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubu, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş müraciətini və imtina məktubu təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 28 iyun 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya həmin tarixdən sonra müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüd təyin edilmişdir. İddiaçı ona 26.12.2019-cu ildən 01.04.2019-cu ilədək olan illərin hesablanaraq ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 11 iyul 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 aprel 2006-cı il tarixli, 11/27-12 saylı və 08 noyabr 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında «əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halı ondan ibarətdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28 iyun 2019-cu il tarixdə verilmişdir. 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Beləliklə, yuxarıda qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28 iyun 2019-cu il tarixində verilmiş, Azərbaycan Respublikası Prezidentinin 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, müharibə veteranı vəsiqəsini 23 oktyabr 2019-cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı 28 iyun 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki illər üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi üçün 26.12.2001ci il tarixdən 01.04.2019-cu il tarixə kimi müddət ərzində müharibə veteranlarına hər ay təyin olunan 55 manatın cəmi 11880 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi üçün 26.12.2001-ci il tarixdən 01.04.2019-cu il tarixə kimi müddət ərzində müharibə veteranlarına hər ay təyin olunan 55 manatın cəmi 11880 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3409/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3409/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver