Məhkəmə qərarları › İş №2-1(112)-3409/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3409/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3409/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladı İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 01/5007 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’’ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həyat yoldaşı X2 qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkan xaricindədir. Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə müraciət edərək, hazırkı iş üzrə iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Qanuni nümayəndə xx.xx.1977-ci il tarixində Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmışdır. xx.xx.2004-cü il tarixdə ona məcburi köçkün statusu və onu təsdiq edən 054219 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. X7 ilə olan nikahından xx.xx.2005-ci il tarixdə qızı İddiaçı anadan olmuşdur. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə 01/5007 nömrəli xx.xx.2022-ci il tarixli məktubla məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda istinad etdiyi qaydalar xx.xx.2013-cü il tarixdə qüvvəyə minmişdir və iddiaçının qızı 2005-ci il təvəllüdlü İddiaçı vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tədbiq edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 28 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X8 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Binəqədi rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1977-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatdadır. AA seriyalı 097227 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Şuşa şəhərini 1992-ci ildə tərk etmişdir, cavabdehin xx.xx.2004-cü il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X8 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. AZ-İ №754566 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X3r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan şəxslərin adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-33303-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2002-ci il, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 28 ünvanında qeydiyyatdadırlar. İşdə olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 3-36/2-455/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsinin elektron məlumat bazası 2007-2023-cü illəri əhatə etdiyindən Qanuni nümayəndə barəsində heç bir qeyd aşkar edilmədi və həmin şəxsin məcburi köçkün statusunun olub-olmaması barədə məlumat verilməsi imkan xaricindədir. Şuşa Rayon İcra Hakimiyyətinin 5-21 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1977-ci il təvəllüdlü Qanuni nümayəndə verilən aylıq müavinət 2017-ci il tarixdə ailəyə məxsus şəxsi mənzil olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli, 2017-ci il 24 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci, yəni “Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, 1 qrup Qarabağ müharibəsi əlilləri, xidmət işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)" maddəsinə, həmçinin Dövlət qaçqınkom tərəfindən göndərilmiş “mənzil mülkiyyətçisi olan məcburi köçkünlərin adlı siyahısı’’na uyğun olaraq dayandırılmışdır. Qanuni nümayəndə müvafiq sənədləri təqdim etdikdən və araşdırma aparıldıqdan sonra, verilən vahid aylıq müavinət 2019-cu ilin mart ayından bərpa olunmuşdur. xx.xx.1984-cü il təvəllüdlü X4 məcburi köçkün statusu olmadığı üçün, məcburi köçkünlərə verilən yemək xərci müavinəti habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət verilmir. İddiaçı vahid aylıq müavinətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6 maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmadığı üçün bərpası mümkün deyildir. Şuşa Rayon İcra Hakimiyyətinin 5-77/2-159/5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı 2017-ci ilin dekabr ayından bu günə kimi vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Şuşa Rayon İcra Hakimiyyətinin 5-77/2-297/5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı da daxil olduğu “mənzil mülkiyyətçisi olan məcburi köçkünlərin adlı siyahısı”nda babası - X5 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 9a, 0, 28 ünvanda mənzil; nənəsi - X1 adına Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 5/13, 5, 70 saylı və Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi 4, 0, 76 saylı mənzillər vardır. Hal-hazırda Qanuni nümayəndə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 9a, 0, 28 ünvanda yaşayır. İddiaçı hazırda atasının məcburi köçkün statusuna malik olmasına və özünün məcburi köçkün kimi aylıq müavinət almasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2005-ci ildə anadan olmuşdur, o məcburi köçkün kimi 2017ci ilədək aylıq müavinət almışdır və 2018-ci ildən Şuşa şəhəri ünvanı üzrə qeydiyyatdadır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara;. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçının anasının məcburi köçkün olmaması, qeydiyyatının isə işğaldan azad olunmuş rayon olmaması işin mübahisəsiz halıdır. Buna baxmayaraq iddiaçının məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Lakin həmin norma iddiaçıya tətbiq olunmamış, onun müavinəti digər bir əsasla, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmə əsası ilə dayandırılmışdır, hansı ki, həmin yaşayış sahəsi iddiaçının babasına məxsus olmuşdur. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) yuxarı instansiya məhkəməsi tərəfindən də ifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar