Məhkəmə qərarları › İş №2-1(112)-341/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-341/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-341/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı borc məbləğinin silinməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-“xxxx” açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə “xxxx” ASC) Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi vərəqədə “xxxx” ASC-yə hesablanmış 23.602 (iyirmi üç min altı yüz iki) manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” ASC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə “xxxx” ASC-nin şəxsi vərəqəsində hesablanmış 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsini göstərməklə, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə “xxxx” ASC-nin şəxsi vərəqəsində hesablanmış 8.536,01 (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21.11.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1də yerləşən dövlət torpaq sahəsinin icarəsinə görə “xxxx” ASC-yə (bundan sonra ABB) 2013-cü ildən- 2018-ci ilə qədər 12.913,98 manat məbləğində, 31.08.2018-ci il tarixdən – 11.07.2019-cu il tarixə qədər isə 23.602 manat məbləğində qanuni əsası olmayan borc hesablanmışdır. Həmin borcun hesablanmasının qanunsuz olması və borcun geri qaytarılması barədə cavabdehə dəfələrlə olunmuş müraciətlər cavabsız qalmışdır. Vergilər Nazirliyi borcun hesablanmasının – ABB tərəfindən ödənişlərin şəxsi vərəqəyə daxil edilməsinin və torpaq icarəsinə görə haqların Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə deyil, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin hesablaşma hesabına köçürülməli olmasını əsas gətirərək, borcun silinməsi barədə öhdəliyindən imtina etmişdir. Aşağıdakı əsaslara görə Vergilər Nazirliyi tərəfindən hesablanan borc məbləği qanunsuz hesab olunur: ABB ilə Bakı şəhəri İcra hakimiyyəti arasında bağlanmış 21.11.2003-cü il tarixli, 0252 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi ABB–nin inzibati binasının tikintisi üçün Bankın istifadəsinə verilmişdir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən ödənişlər (icarə haqları) dövlət büdcəsinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda ABB-nin inzibati binasının (qeyriyaşayış sahəsinin) dövlətə məxsus və icarədə olan torpaq sahəsində yerləşdiyi qeyd edilir. ABB ilə Bakı şəhəri İcra hakimiyyəti arasında bağlanmış 21.11.2003-cü il tarixli müqavilənin 1.3 və 7.4-cü bəndlərinin və Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 №li Fərmanının tələblərinə görə ABB tərəfindən ödənişlər (icarə haqları) Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına köçürülməlidir ki, ABB də sözügedən icarə haqlarını tam şəkildə dövlət büdcəsinə köçürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddianın dəyişdirilməsi barədə ərizələrdə göstərilmişdir ki, Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Bakı şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə Bankın adına hesablanmış 15.066,31 manat məbləğində əsassız borc vergi orqanı tərəfindən artıq şəxsi vərəqədən silinmişdir. Lakin cavabdehin Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə hesabladığı 8.536,01 manat həcmində borc məbləği hazırki vaxtadək Bankın şəxsi vərəqəsində qalmaqdadır. Vergi orqanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə 8.536,01 manat məbləğində borcun hesablanmasının 0079 nömrəli torpaq icarəsinə dair müqavilə ilə əsaslandırmışdır. Halbuki, Bankla Bakı şəhər İcra hakimiyyəti arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 26.02.2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 09 iyun 2020-ci il tarixli **********511900 №li və 04.02.2021-ci il tarixli **********797500 №li müvafiq olaraq iddiaya və iddiaya edilmiş əlavəyə dair yazılı etirazlarda göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində “xxxx” ASC tərəfindən vergi orqanına müraciət edildiyi, müraciətdə 21.11.2003-cü il tarixli 0252 nömrəli icarə müqaviləsi üzrə torpaq sahəsinin icarəsi ilə bağlı icarə haqlarının ödənildiyi, ödənişi təsdiq edən sənədlər müraciətə əlavə edilərək, borc məbləğinin silinməsinin xahiş edildiyi müəyyən edilmiş, buna müvafiq olaraq 21.11.2003-cü il tarixli 0252 nömrəli icarə müqaviləsi üzrə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə hesablanmış məbləğlər (torpaq icarəsi haqları) vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsi üzrə hesablanmış borcun silinməsi ilə əlaqədar iddiaçı tərəfindən vergi orqanına müraciət edilməmiş, hesablanmış icarə haqlarının ödənilməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim olunmamışdır. Bakı şəhər İcra hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən vergi orqanına təqdim edilmiş məlumat əsasında sözügedən torpaq sahəsi üzrə vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Bundan başqa “İnterservis” tərəfindən təqdim edilən məlumatda icarə müqaviləsi ilə bağlı məlumatlar da öz əksini tapmışdır. Belə ki, həmin məlumata əsasən torpaq sahəsinin 07.05.2002-ci il tarixli 0079 nömrəli torpaq icarə müqaviləsi əsasında icarəyə verildiyi, icarə müqaviləsinin qüvvədə olma müddətinin 49 il olduğu, torpaq sahəsinin Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşdiyi, icarəyə götürülmüş torpağın sahəsinin 1120 kv. metr olduğu və müqavilə üzrə torpaq icarəsi haqqının məbləğinin 1.219,43 manat olması barədə məlumatlar öz əksini tapmışdır. Həmçinin iddiaçı tərəfindən sözügedən torpaq sahəsi üzrə daimi istifadə hüququnun olması ilə bağlı Dövlət Aktı ilə əlaqədar vergi orqanına heç bir məlumat və təsdiqedici sənədlər təqdim olunmamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsi “İnterservis”də mövcuddur və onun əsasında da vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Vergi orqanında torpaq sahəsi üzrə 07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsinə xitam verilməsi və ya torpaq sahəsinin bankın faktiki istifadəsində olmaması ilə bağlı məlumat yoxdur və bank tərəfindən bu hallar barədə vergi orqanına heç bir məlumat və təsdiqedici sənəd təqdim edilməmişdir. Vergi orqanında olan cari məlumatlara əsasən 07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsi qüvvədədir və həmin müqavilədə göstərilən şərtlər əsasında vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Dəqiqləşdirilmiş iddia ərizəsində göstərilən 07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsi üzrə hesablanmış torpaq icarə haqqı üzrə borc məbləğinin silinməsi ilə əlaqədar iddiaçı tərəfindən vergi orqanına müraciət edilmədiyi, hesablanmış icarə haqlarının ödənilməsi və ödənişləri təsdiq edən sənədlər vergi oqanına təqdim edilmədiyi üçün borc məbləğinin silinməsi həyata keçirilməmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsinə və ona edlmiş əlavələrə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etirazlara uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarında olan; Bakı şəhər İcra hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən 11 mart 2011-ci il tarixli məktubla göndərilmiş “Bakı şəhəri üzrə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi haqqında 01.01.2011-ci il tarixə ümumi məlumat”dan müəyyən olunur ki, Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə xxxx (“İcarəçi”) arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinə dair aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə 0079 №li 07.05.2002-ci il tarixli; Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi və M.Qorki küçəsi, kəsişməsi, 340-cı məhəllədə yerləşən 2053 kv. metr torpaq sahəsinə dair aylıq icarə haqqı 2152,33 manat olmaqla 49 il müddətinə 0252 №li 21.11.2003-cü il tarixli icarə müqavilələri bağlanmışdır. Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə xxxx (“İcarəçi”) arasında 29 aprel 2004-cü il tarixdə imzalanmış 0079 №li 07.05.2002-ci il tarixli “Torpaq icarə müqaviləsinə Dəyişikliklər”dən görünür ki, tərəflər torpaq icarə müqaviləsi ilə bağlı aşağıdakı razılığa gəlmişlər: İcarə haqqı 01.01.2003-cü il tarixdən hesablanır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış **********05 №li 19.08.2020-ci il tarixli məktubda göstərilmişdir ki, 07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin müvafiq (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, icarəyə verilmiş torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi üzrə “xxxx” ASC tərəfindən icarə haqlarının ödənilib-ödənilməməsi haqqında məlumat verilməsinə dair) sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 01.03.2021-ci il tarixli **********27 №li məktubda göstərilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə “xxxx” ASC arasında icarə müqaviləsi bağlanmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********16 №li 05.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “xxxx” ASC-nin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və Dövlət aktı qeydiyyat kitabında 167 nömrə ilə 12.10.2001-ci il tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”ndan müəyyən olunur ki, Bakı şəhər İHB-nın 09 iyul 2001-ci il tarixli 481 saylı sərəncamına əsasən cizgidə göstərilən sərhəd daxilində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros. 533-cü məhəllə) 1119,68 kv. metr torpaq sahəsi bina tikintisi üçün “xxxx” ASC-nin daimi istifadəsinə verilmişdir. “xxxx” ASC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən çıxarışdan müəyyən olunur ki, vergi orqanı tərəfindən 0079 №li 07.05.2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsindən istifadəyə görə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə “xxxx” ASC-yə 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borc (torpaq icarəsi haqqı) hesablanmışdır. Beləliklə, iş materiallarından da göründüyü kimi iddiaçı cəmiyyətə mübahisələndirilən vergilərin (borcun) hesablanmasına əsas torpaq sahəsinə dair imzalanmış icarə müqaviləsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Torpaq icarəsi haqqında” Qanun, “İcarə haqqında” Qanun və digər normativ hüquqi aktlar ilə tənzimlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir ki, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 12-ci maddəsində (07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsi bağlanarkən qüvvədə olmuş redaksiyada) göstərilmişdir ki, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. Həmin Qanunun 14-cü maddəsində göstərilmişdir ki, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə xxxx (“İcarəçi”) arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinin aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə sonuncuya icarəyə verilməsinə dair 0079 №li 07.05.2002-ci il tarixli icarə müqaviləsi imzalansa da, həmin müqavilə üzrə qanunla müəyyən edilmiş qaydada icarə hüquq münasibətləri yaranmamışdır. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, qeyd olunan müqavilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə 07.05.2002-ci ildə icarə müqaviləsinin predmeti olan torpaq sahəsinin iddiaçının daimi istifadə hüququna verilməsi barədə Dövlət aktı qeydiyyat kitabında 12.10.2001-ci il tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, icarə hüquq münasibətlərinin yaranmadığı müqavilə üzrə hər hansı şəxsə (fiziki və ya hüquqi) şəxsə icarə haqlarının və müvafiq olaraq vergilərin (vergi borcunun) hesablanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsində göstərilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin şəxsi vərəqəsində hesablanmış 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borcun (torpaq icarəsi haqları) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin şəxsi vərəqəsində hesablanmış 8.536 (səkkiz min beş yüz otuz altı) manat, 01 (bir) qəpik məbləğində borcun (torpaq icarəsi haqları) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar