Məhkəmə qərarları › İş №2-1(112)-341/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-341/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-341/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 15.02.1995-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, Suraxanı rayonu İcra Hakimiyyəti Bülbülə Qəsəbə Nümayəndəliyi tərəfindən təsdiqlənmiş aktı və sxemi mövcuddur. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə yuxarıda qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyatı qaydada cavabdeh təşkilata 22.06.2020-ci il tarixdə müraciət etmişdir, lakin 35 gündən sonra, yəni 27.07.2020-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsassız və qanunsuz imtina bildirişi verilmişdir. İlk növbədə qevd etmişdir ki, cavabdeh təskilat tərəfindən ərizəçiyə imtina bildirisi 5 gün müddətində verilməli olduğu halda, prosessual müddəti pozaraq 35 qündən sonra bildiris tərtib edilmisdir, həmçinin həmin məktub Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiqlənmis “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 3 nömrəli əlavəsinə uyqun deyildir. Həmin bildirisdə qeyd olunanlar isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslara cavab vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bundan əlavə imtina bildirisində qevd edilənlər - yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi, torpağın hasarlanmaması və torpağın yaşıllıq ərazidə yerləsməsi “Dasınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyatından imtina əsası kimi nəzərdə tutulmamısdır, cavabdehin bu istinadı da özü-özlüyündə əsassızdır. Halbuki, elektron kadastr baza məlumatına əsasən istinad məsafələri müəyyənləşdirilə bilirsə, yerləşmə cizgisində həmin istinad məsafələrinin göstərilməməsi kimi uyğunsuzluğun aradan qaldırılması bir vəzifə borcu olaraq cavabdeh təşkilatın üzərindədir. Əgər bu halın əksini sübut edə biləcək faktiki sərtlərin mövcudluğu barədə inzibati orqanın hər hansı bir sübutu və va rəsmi sənədləri varsa, inzibati icraatın aparılması qaydalarına uyqun olaraq onu bu barədə məlumatlandırmaqa, zəruri sübutları təqdim etməyə borcludur. Bundan əlavə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi vaşayış evi tikintisi məqsədilə ona ayrılmıs 600 kv.m torpaq sahəsi ətrafında olan qonsular cavabdeh təskilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyestrindən çıxarıslarla təmin edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri göstərilməmişdir. Bundan əlavə tam hasarlanmayan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariyagigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafıq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2013-cü il tarixli, AZ-İ 006054 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1964-cü ildə doğulmuş X1 “Şükürov”dan “Zeynalabdinov”a dəyişdirilmiş və bu barədə soyadını, adını, ata adını dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin iyun ayının 21 günündə 27 №-li ilə qeyd edilmişdir. - Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vət. X4 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 №-li, 15.02.1995-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, Şükürov R.M oğluna ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş, Suraxanı rayonun baş memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Bülbülə qəsəbə nümayəndəsi A.Cavadov, R.Şükürov tərəfindən təşkil edilmiş 10.03.1999-cü il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı İcra Hakimiyyətinin 15.02.1995-ci il tarixli 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi S.Bəhlülzadə küçəsində 600 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünu daimi nişanlar qoyulmuş və R.Şükürova təhvil verilmişdir. - İdarə tərəfində iddiaçıya ünvanlanmış 27.07.2020-ci il tarixli, **********21 №-li məktubdan görünür ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 18.12.2020-ci il tarixli, **********14 №-li məktubdan görünür ki, müraciətlə bağlı İdarənin mühəndisi tərəfindən göstərilən (torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur) əraziyə texniki baxış keçirilmişdir. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarlıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasmda mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi tam şəkildə şam ağacları olan yaşıllıq massivinin şərti bir hissəsidir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2021-ci il tarixli, **********32 №-li məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kvm. torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarlıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi çoxillik əkmələrlə örtülü, ümumi istifadədə olan yaşıllıq massivinin sahəsidir. - Azərbaycan Respublikası Əmlak X5 yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********17 №-li, 03.06.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, müraciətə əsasən iddia edilən torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülüb, ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağıdır, ölçülmüş torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. - Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış Ç-DQ-329 №-li, 05.11.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Büibülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinin təyinatının müəyyən olunması məqsədilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin ümumi istifadədə olan yaşıllıq zolağında yerləşdiyi, 600 kv.metr torpaq sahəsinin hüdudları daxilində 46 (qırx altı) ədəd, hüdudlarından kənarda isə 47 ədəd olmaqla ümumilikdə ərazidə 93 ədəd 45-50 illik şam ağaclarının mövcud olduğu müəyyən olunmuşdur. Hazırda torpaq sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanmışdır. Hasarın kim tərəfindən çəküdiyini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 06.01.2022-ci il tarixli, 27/04 №-li məktubdan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə baxış keçirilərkən qeyd edilən ünvandakı ərazinin yaşıllıq zolağına aid olduğu və təqdim olunmuş koordinat nöqtələrinin hüdudları daxilindəki yaşıllıq ərazidə (600 m2) normal bioloji inkişafda olan diametrləri 20-44 sm-lik 81 ədəd çoxillik Şam ağaclarının olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 №-li, 15.02.1995-ci il tarixli sərəncamına əsasən Bülbülə qəsəbəsində yaşayan Zeynalabdinov (Şükürov) Rasim Murtuz oğluna fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, həmin torpaq sahəsi naturada ayrılaraq Zeynalabdinov (Şükürov) Rasim Murtuz oğluna təhvil verilmişdir İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyinin müəyyən edilməsi əsas göstərilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq sərəncamın verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (09.11.1991-ci il tarixli): - 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələri bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, koopertiv, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. - 8-ci maddəsinə əsasən torpaq islahatı həyata keçirmək məqsədi ilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilarları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. - 9-cu maddəsinin tələbinə görə dövlət mülkiyyətində olan torpaqları rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. - 10-cu maddəsinə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardmçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün – həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. - 11-ci maddəsinə əsasən topraq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. - 12-ci maddəsinə əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçir. Məhkəmə tərəfindən mübahisə üzrə işin halları araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı Zeynalabdinov (Şükürov) Rasim Murtuz oğluna iddia etdiyi torpaq sahəsi həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun ayrılmışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq olmaqla meşə fonduna aid torpaq sahəsi deyildir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinin tələblərinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında, Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların: - 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 №-li, 15.02.1995-ci il tarixli sərəncamı hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Belə olan halda iddiaçı həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağ olmaqla meşə fonduna aid torpaq sahəsi olmadığından, həmin sahədə ağacların mövcud olması, həmçinin elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni istifadəsində olan və sonradan mülkiyyətinə keçmiş 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə mütəxəssis tədqiqatı ilə bağlı prosessual xərc 311 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə prosessual xərc cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat tutularaq "xxxx" MMC-nin hesabına (Benefisarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YEQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar