Məhkəmə qərarları › İş №2-1(112)-341/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-341/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-341/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə xx.xx.2022-ci il tarixli bildiriş ilə xəbərdar edilmişdir. Qeyd edilən məhkəmə iclasında tərəflər iştirak etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı iştirak etməmişdir. İclas xx.xx.2022-ci il tarixə təxirə salınmış və həmin tarixli məhkəmə iclasında tərəflər iştirak etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 3-17-4/2-4003/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli 3-17-4/2- Ə-1677/2023 nömrəli çağırış məktubu göndərilmiş, həmçinin telefon nömrəsi ilə əlaqə saxlanılaraq xx.xx.2023-cü il tarixə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixə vətəndaşın müraciəti qeydə alınmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında tərəflər iştirak etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 5891 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X2 iddiası ilə bağlı təyin edilən məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmişlər. İddiaçıya yenidən bildiriş və hüquqi yardım barədə məktub göndərilmiş, təyin edilmiş iclasa gəlmədiyi halda iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsinin mümkünlüyü izah edilmişdir. Hazırkı məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində (bir ildən artıq müddətdə) ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə və hüquqi yardım məktubunda aydın ifadə edilmiş, qeyd edilən bildiriş və hüquqi yardım məktubu iddiaçıya lazımi qaydada çatdırılmışdır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarından: ... İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, həmin Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında həmin Məcəllənin 55.3-cü maddəsi göstərilməmişdir... ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, həmin Məcəllənin 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən və həmin Məcəllənin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar