Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3410/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı4 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 6 evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 evi İddiaçı4 məxsusdur. Onlar həmin evdə İddiaçı1 Hümbət qızı, oğlu İddiaçı3 və qızı İddiaçı2 ilə birlikdə yaşayır. O, həmin evi 2008-ci ildə inşa etmişdir və həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ərazidə fərdi yaşayış evlərinin sənədləşməsi prosesi yekunlaşmamışdır və bir çox evin mülkiyyət hüquqları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Lakin, həmin evlər özbaşına tikili sayılmır, dövlət tərəfindən uçota alınmış, evlərin nömrələri mövcud olmaqla dəqiq ünvanları vardır. Həmçinin qeyd etmək zəruridir ki, evin kommunal xərcləri onun tərəfindən ödənilir. O, haqlı olaraq uzun illərdir faktiki yaşadığı və özünə məxsus olan həmin evdə pasport qeydiyyatına alınmaq niyyətindədir. O, dəfələrlə polis orqanlarına müraciət edərək, qeydiyyat məsələsinin həll edilməsini xahiş etmişdir. Öz evlərinə qeydiyyata düşə bilmədikləri üçün məcburən o, və İddiaçı1 Nizami rayon Polis idarəsinin inzibati binasında İddiaçı3 və İddiaçı2 isə Sabunçu rayon Polis idarəsinin inzibati binasında qeydiyyatdadırlar. Sonuncu dəfə bu barədə ərizə ilə cavabdeh Sabunçu rayon Polis idarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan 23.10.2021-ci il tarixli imtina məktubunda qeydiyyata almaq üçün evin mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb elmişdir və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmədə iddiaçılar İddiaçı4 və İddiaçı1 Hümbət qızı ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçılara məxsus AZE 0******* və AZE 0******* saylı şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı4 və xx.xx.1961-ci ildə Qubadlı rayonunda doğulmuş İddiaçı1 ünvan 1 küçəsi ev 71, İnzibati bina ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli və AA******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən (şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan) müəyyən olunur ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı3 və xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-8, İnzibati Bina ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 22.02.2022-ci il tarixli **********27 №li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 25 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 25.02.2022-ci il tarixli 0183986-1222 saylı məktubunda qeyd olunmuşdur ki, ölkə vətəndaşlarına şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıldlğı yəni 13.09.2001-ci ilədək olan dövr üzrə yaşayış yeri üzrə qeydiyyat haqqında məlumatlar ünvan üzrə deyil, şəxsin anket məlumatları (soyad,adı,atasının adı və təvəllüdü) əsasında müəyyən edilir. ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 11 mart 2022-ci il tarixli 1/274 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 02.03.2022-ci il tarixli 50 saylı məktubunda qeyd olunmuşdur ki, qəsəbə nümayəndəliyində olan məlumata əsasən, İddiaçı4 adına Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 03 saylı, 15.03.1999-cu il tarixli çıxarışa və yerləşmə sxeminə əsasən təsərrüfat kitabı açılmış və qeydiyyatsız kimi qeydiyyata alınmışdır. 2011-ci ildən ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 15 mart 1999-cu il tarixli 03 nömrəli qərarından çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi Mənzil Tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş, Baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşlardan bir qrupu həyətyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə təqdim etmişdir. Təqdim olunmuş sənədlər Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin komissiyası tərəfindən yoxlanılmışdır. Qeyd olunanlara əsasən aşağıdakılar qərara alınmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayş evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın. Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Ümumi sahə № 25 (iyirmi beş), İddiaçı4 Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 6, mənzil 45. Vətəndaşlara ayrılmış torpaq sahəsində, Baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evlərinin tikintisinə icazə verilsin. Bakı şəhəri RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Yerləşmə sxeminin surətindən müəyyən olunur ki, Sabunşu RİH-nin Maştağa qəsəbə Nümayəndəliyinin 03 saylı 15 mart 1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı4 oğlna fərdi yaşayış evi tikmək üçün, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahədə ayrılmış 25 saylı torpaq sahəsinin (1200 kv. metr) yerləşmə sxemi tərtib olunmuşdur. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş 23.10.2021-ci il tarixli 37543Ə-3221 saylı cavab məktubunda qeyd edilmişdir ki, onun ailə üzvləri ilə birlikdə (İddiaçı4, X1, Əliyev Emil ilyas oğlunun, İddiaçı2) yuxarıda göstərilən ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəflərindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından vətəndaşların göstərilən ünvana qeydiyyata alınmaqları imkan xaricindədir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədiklər ünvan 6 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı ünvan 6 evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3410/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3410/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver