Məhkəmə qərarları › İş №2-1(112)-3410/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3410/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3410/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X7, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçı xx.xx.1981ci il tarixdən hal-hazıradək işləməklə 25 ildən artıq ümumi iş stajına malikdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin sizə dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz çilingər vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Eyni zamanda bildiririk ki, sözügedən arayışda da qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığınız müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağınız barədə də hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alnmaqla 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-cü ildən (Əmr 06/k) xx.xx.2004-cü ilə kimi (Əmr № 62, 30.09.04) - Nəsimi rayon bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.2004-cü ildən (Əmr № 05/k) xx.xx.2004-ci ilə kimi Nəsimi rayon AXS-nə çilingər vəzifəsində işləmişdir. (Əmr № 32/k xx.xx.2011), xx.xx.2011-ci ildən (Əmr №19/k ) Nəsimi rayon X11 Kanalizasiya şəbəkəsi qurğuların istismarı xidmətindaə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Qeyd olunanlara əsasən onun hazırkı vaxta kimi 25 ildən çox əmək stajı vardır və həmin stajın 20 ilindən çoxu zərərli iş sahəsinə aiddir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Nəsimi rayon Sukanal İdarəsi” 13 №li xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə kimi "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı sularının axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə 13 il 04 ay 09 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci 1 tarixi 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkəsində daimi məşğul olan qəza -bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Deməli onun zərərli sahədə əmək fəaliyəti 12 il 6 aydan çox olduğu halda, cavabdeh ona güzəştli sahə üzrə əmək pensiyasına çıxmağına əsasız imtina etmişdir. Onun işlədiyi illəri zərərli iş sahəsinə aiddir. X12 İdarəsi Su və Kanalizasiya İstismarı sahəsində işlədiyi sahə daimi xarakterdədir və İdarə tərəfindən verilmiş Arayışda “Daimi ” sözünün yazmaması onun işlədiyi kanalizasiya işlərini daimi olmaması demək deyildir. Belə ki, hər gün Bakı Şəhəri Nəsimi rayonu Kanalizasiya xətti daimi işləyir və o və onunla işləyən şəxslər hər gün zərərli sahədə işləyirlər. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin emtəkdən xx.xx.2024-cü il tarixli məktubla imitna etmiş, iddiaçı xx.xx.2024-cü tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. İddiaçı cavabdeh təşkilata ərizə ilə ilk dəfə müraciət edərkən iş yerindən güzəştli arayışlar təqdim etsə də, cavabdeh iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışlarda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə aid olmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və hazırda da eyni əsasa istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Bakı Kanalizasiya İstehsalat X2 İstismarı Müəssisəsi üzrə xx.xx.2002-ci il tarixli 06/k saylı əmrinə əsasən Nəsimi rayon sahəsinə xx.xx.2002-ci il tarixdən qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bakı Kanalizasiya İstehsalat Birliyinin və onun struktur bölmələrinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2004-cü il tarixli 62/k saylı əmrə əsasən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2004-cü il tarixdən xitam verilmişdir. xx.xx.2004-cü il tarixli 05/k saylı əmrə əsasən Nəsimi rayon Qəza Xidməti Sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2011-ci il tarixli 38/k saylı əmrinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə) əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 29 və 35ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qəzabərpa işləri üzrə çilingər peşəsində doqquz il iki ay işləmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin İstismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 4 ay 9 gün təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Cavabdeh formal mülahizələrə əsasən və heç bir əsaslandırma etmədən öz mülahizəsinə əsasən qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları (mexaniklər, motorçular) vəzifələrinə adi olmadığını bildirir. Cavabdehin mövqeyindən belə çıxır ki, iddiaçı daimi olaraq yeraltı kanalizasiya şəbəkələrində qəza-bərpa işləri ilə məşğul olmalıdır. Bu isə həmin qaydaların və həmin peşənin məntiqi ilə uzlaşmır. İddiaçının daimi olaraq yeraltı kanalizasiya şəbəkələrində qalması və qəza-bərpa işləri məşğul olması mümkün olmamaqla, qaydalarda daimi sözünün yazılması da heç bir halda bu məqsədi daşımır. Bundan başqa məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2- 1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)- 88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)- 2532/2023 nömrəli qərarları). Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2024-ci il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. X3 xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar