Məhkəmə qərarları › İş №2-1(112)-3411/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3411/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3411/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mübahisələndirmə barədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-278/5 saylı, xx.xx.2019-cu il tarixli və 30 saylı, xx.xx.2020-ci il tarixli qərarların ləğv edilməsi, onun “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi, ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan vətəndaşı və Kabil vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Onun dini inancı yoxdur və o, dini xurafata qarşı çıxır. Onun barəsində bu məlumatlar yaşadığı yer üzrə axunda çatdırılıb. Bundan əlavə o, məsciddən səsgücləndirici vasitəsilə azan oxunmasına qarşı çıxıb və buna görə yerli axund və yerli əhali tərəfindən hədələnib. 10 avqust 2019-cu ildə o, ailə üzvləri ilə birlikdə Azərbaycana gəlib. 13 sentyabr 2019-cu ildə, o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, dini inancı olmadığına görə və səsgücləndirici vasitəsilə azan oxunmasına qarşı çıxdığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qyaıtmaq istəmir. 12 dekabr 2019-cu ildə DMX İQ-278/5 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3411/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia “şikayət instansiyasının 30 saylı, xx.xx.2020-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: O 0299375), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ailə üzvləri (arvadı, xx.xx.1989-cu il təvəllüdlü İbrahimi Fahima, oğlanları, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü İbrahimi Komail, qızı xx.xx.2013-cü il təvəllüdlü İbrahimi Setayesh) ilə birlikdə 13 sentyabr 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-278/5 saylı qərarına əsasən Əfqanıstan Respublikasının vətəndaşı İbrahimi Mohammada qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı ərizəçi Əfqanıstan İslam Respublikasının Kabil şəhərində (pasportda Qəzni qeyd edilib) anadan olduğunu, milliyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, orta məktəbi Kabil şəhərində “X4” və “Həbibiyyə” liseylərində oxuduğunu, 2008-ci ildə orta məktəbi bitirdiyini, 2010-cu ildə “X7” Universitetinə “Elektrik mühəndisi” fakültəsinə daxil olduğunu, lakin 2 il təhsil aldıqdan sonra fərdi əməklə məşğul olduğu üçün təhsilini yarımçıq qoyduğunu, uşaq olarkən Əfqanıstanda baş vermiş müharibədən qaçaraq valideynləri ilə birlikdə Pakistanın Kvetta şəhərinə köçdüyünü, Pakistanda yaşayarkən bir dəfə 1999-cu ildə işləmək məqsədilə İranın Tehran şəhərinə getdiyini, 1 il burada yaşaraq dərzilik etdiyini, 2001-ci ildə atası vəfat etdikdən sonra anası ilə birlikdə Əfqanıstana qayıtdığını, 2 il bundan əvvəl anası ilə birlikdə X2 ziyarətinə getdiyini qeyd etmişdir. Özü və ailə üzvləri barədə məlumat verən İddiaçı 11 il əvvəl Fahima İbrahimi (Nuri) Məhəmməd Əfzəl adlı xanıma ailə qurduğunu, 2 oğlu və 1 qızının olduğunu, ailədə 8 uşaq olduqlarını, atasının 2001-ci ildə ürək çatışmazlığından vəfat etdiyini, anası və qardaşı Nəcibin Azərbaycanda yaşadıqlarını, digər qardaşı X3 şəhərində, 2 qardaşının İsveçin Stokholm şəhərində, 1 qardaşının Kanadanın Vankuver şəhərində, bacısının isə Norveçdə yaşadıqlarını bildirmişdir. Ərizəçi dini inancının olmadığı və dini xurafata qarşı etiraz etdiyi barədə məlumatın qonşuları tərəfindən axunda çatdırıldığına, 14 iyul 2019-cu ildə evlərinin yaxınlığında yerləşən 2 məsciddən səsucaldıcı vasitəsilə gələn azan səslərindən narahat olduğundan məscidin axnduna etiraz etdiyinə və nəticədə məsciddəki camaat tərəfindən təqdib olunduğuna görə ailə üzvləri ilə birlikdə Özbəkistandan keçməklə viza əsasında xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldiklərini qeyd etmişdir. İddiaçı arvadı Fahima İbrahimi ərizəçinin dediklərini təkrar edərək onun (ərizəçinin) dini xurafata qarşı danışıqlarını qonşularının məscidin axunduna çatdırdığını, bu məsciddən gələn azan səslərinin onları narahat etdiyi üçün əri buna etiraz etdikdə axund tərəfindən döyüldüyünü bildirmiş və bu səbəbdən gələcəkdə də təqib oluna biləcəklərini ehtimal etdiklərini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibalı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi qardaşının dinlə bağlı bəzi fikirlərini, dinə münasibətini müxtəlif məclislərdə, qonşularla söhbətlərdə bildirdiyini, bu səbəbdən də, qonşuların qınaq obyektinə çevrildiyini, gələcəkdə dinsiz olması barədə qonşuları tərəfindən təqibə məruz qalacaqlarını qeyd etsə də, dediklərindən nə özünün, nə də digər ailə üzvlərinin ciddi təqib və təhdidə məruz qalmadıqları müəyyən olmuşdur. İddiaçı və ailə üzvlərinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, onlar vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-278/5 saylı qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 30 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçınınAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-278/5 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində iddiaçıya "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar