Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3411/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nun 11 saylı Reqional Ərazi İdarəsinin 25 may 2021-ci il tarixli **********9 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 65 yaşının tamam olduğu 21.02.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun 65 yaşı var. O, yaşa görə əmək pensiyası almaq üçün sənədlərini cavabdehə təqdim etmişdir. 25 may 2021-ci il tarixdə imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim olunmuş əmək kitabçasına görə onun sığorta stajı 22 il 3 aydır. X3 rayon Filialının arxiv arayışlarında qeyd olunmuş Şamaxı rayonu Astraxanovka kənd “Kommunizm" kolxozunda işlədiyi dövrlər isə əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil olması qanunvericiliyin tələblərinə uyğun olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Cavabdehin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Astraxanovka (indiki Qızmeydan) kəndində anadan olmuşdur. O, 1971-1976-ci illərdə Astraxanovka kənd “Kommunizm" kolxozunda işləmişdir. Sonra o, hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra müxtəlif yerlərdə işləmiş və bunlar əmək kitabçasında öz əksini tapmışdır. Yalnız onun 1971-1976-cı illərdə Astraxanovka kənd “Kommunizm" kolxozunda işlədiyi 6 il əmək kitabçasında öz əksini tapmadığından ona pensiya təyin olunmur. Lakin bu, onun günahı deyil, o, həmin dövrləri işləmiş və həmin illər üçün sosial sığorta haqları da ödənilmişdir. Hərbi xidmət illəri də daxil olmaqla onun 29 ilə yaxın sığorta stajı var. Ona yaşa görə pensiya təyin olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının 1971-1976-cı illərdə “Astranovka kənd Kommunizm” kolxozunda işləməsi əmək kitabçasında yazılmadığı üçün qanunvericiliyin tələblərinə əsasən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmədiyi müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5nın 19.11.2020-ci il tarixli, 196 nömrəli arxiv arayışında qeyd olunan 1971-1976-cı illərdə (5 il) Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi dövrlər onun əmək kitabçasında öz əksini tapmadığı üçün və Dövlət X5nın 27.04.2021-ci il tarixli, 153 nömrəli arxiv arayışında Yeni Astraxanovka kolxozuna aid əməkhaqqı cədvəllərində 20.09.1992-ci il tarixindən 12.12.1995-ci il tarixinədək olan dövr (3 il 2 ay 22 gün) üzrə iddiaçının adına rast gəlinmədiyi bildirildiyi üçün həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olur ki, şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır, bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçının kolxozda işlədiyi illər 1971-1976-cı illəri əhatə edir. Onun kolxozdakı iş stajı isə aşağıdakı qaydada nəzərə alınmalıdır: “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1970-1974-cü və 1977-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 25.05.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialından daxil olmuş 28.04.2021ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 16.10.1978-ci il tarixində tərtib edilmiş, İT-İ №0062398 saylı əmək kitabçanızın surətinə və təqdim etdiyiniz sənədlərə əsasən Sizin 01.01.2006-cı il tarixədək ümumi sığorta stajınız 22 il 3 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızn sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndınə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndınə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz arxiv arayışında göstərilən Şamaxı rayonu Astraxanovka kənd "Komunizm” adına kolxozunda işlədiyiniz dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələblərinə uyğun deildir. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən məhkəməyə ünvanlanmış 18.01.2022-ci il tarixli 16/12 nömrəli məktubdan görünür ki, Şamaxı rayon Astraxanovka kənd "Kommunizm" kolxozunun minimum əmək günü norması kişilər üçün 180-dir. Həmin məktuba əlavə edilmiş 18.01.2022-ci il tarixli 16/12 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 1971-1976-cı illərdə Şamaxı rayonu Astraxanovka kənd "Kommunizm" kolxozunda işləmiş, onun əmək günü (əmək haqqı) aşağıdakı qaydada olmuşdur: 1971-ci il adam günü 240, pul 460, minimum 180; 1972-ci il adam günü 260, pul 574, minimum 180; 1973-cü il adam günü 312, pul 940, minimum 180; 1974-cü il adam günü 310, pul 1230, minimum 180; 1975-ci il adam günü 310, pul 1100, minimum 180; 1976-cı il adam günü 130, pul 940, minimum 180. Əsas: Fond. 330. siyahı 2. s/v.28.v.689. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.10.1978-ci ildə Əli- Bayramlı qazma işləri idarəsində 2-ci dərəcəli təmirçi çilingər işinə qəbul edilmiş, 19.02.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 01.06.1979-cu ildə ticarət müdiri işinə qəbul edilmiş, 15.07.1980-cı ildə öz xahişi ilə başqa işə keçməsi ilə əlaqədar işdən azad olunmuş, 15.08.1980-cı ildə Səyyar mexanikləşdirilmiş dəstə-16 “Elektromexanizasiya” trestində 3-cü sinif sürücü işinə qəbul edilmiş, 10.12.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 12.04.1983-cü ildə Şamaxı sürücülük məktəbində təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuş, 07.07.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 15.09.1983-cü ildə İsmayıllı rayonu 63 nömrəli SMD-yə 2 dərəcəli fəhlə işinə qəbul edilmiş, 21.10.1983-cü ildə ərizəsinə əsasən işdən azad edilmiş, 01.12.1983-cü ildə “Elektromexanizasiya” tresti SMD-16-da 3-cü sinif sürücü işinə qəbul olunmuş, 27.04.1984-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 27.04.1984-cü ildə Şamaxı rayonu təsərrüfatlararası heyvandarlıq qarışıq yem zavoduna sürücü təyin edilmiş, 01.04.1991-ci ildə İdarələrin birləşməsi ilə əlaqədar olaraq Otlaq istismar idarəsinə sürücü təyin edilmiş, 19.03.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, 16.04.1992-ci ildə Şamaxı təsərrüfatlararası balıqçılıq müəssisəsinə gözətçi təyin edilmiş, 16.09.1992-ci ildə işdən azad edilmiş, 20.09.1992-ci ildə yeni Astraxanovka Kolxozuna gözətçi qəbul edilmiş, 12.12.1995-ci ildə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmiş, 20.09.1996-cı ildə S.Ə.Şirvani adına Üİ və EM Şərab zavoduna gözətçi qəbul edilmiş, 24.10.2000-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2020 - 30.06.2021, kişilər üzrə pensiya yaşı 65 il. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı 06.10.1978-ci ildə Əli-Bayramlı qazma işləri idarəsində 2-ci dərəcəli təmirçi çilingər işinə qəbul edilmiş, 19.02.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 01.06.1979-cu ildə ticarət müdiri işinə qəbul edilmiş, 15.07.1980-cı ildə öz xahişi ilə başqa işə keçməsi ilə əlaqədar işdən azad olunmuş, 15.08.1980-cı ildə Səyyar mexanikləşdirilmiş dəstə-16 “Elektromexanizasiya” trestində 3-cü sinif sürücü işinə qəbul edilmiş, 10.12.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 12.04.1983-cü ildə Şamaxı sürücülük məktəbində təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuş, 07.07.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 15.09.1983-cü ildə İsmayıllı rayonu 63 nömrəli SMD-yə 2 dərəcəli fəhlə işinə qəbul edilmiş, 21.10.1983-cü ildə ərizəsinə əsasən işdən azad edilmiş, 01.12.1983-cü ildə “Elektromexanizasiya” tresti SMD-16-da 3-cü sinif sürücü işinə qəbul olunmuş, 27.04.1984-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 27.04.1984-cü ildə Şamaxı rayonu təsərrüfatlararası heyvandarlıq qarışıq yem zavoduna sürücü təyin edilmiş, 01.04.1991-ci ildə İdarələrin birləşməsi ilə əlaqədar olaraq Otlaq istismar idarəsinə sürücü təyin edilmiş, 19.03.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, 16.04.1992-ci ildə Şamaxı təsərrüfatlararası balıqçılıq müəssisəsinə gözətçi təyin edilmiş, 16.09.1992-ci ildə işdən azad edilmiş, 20.09.1992-ci ildə yeni Astraxanovka Kolxozuna gözətçi qəbul edilmiş, 12.12.1995-ci ildə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmiş, 20.09.1996-cı ildə S.Ə.Şirvani adına Üİ və EM Şərab zavoduna gözətçi qəbul edilmiş, 24.10.2000-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (cəmi 20 il 02 ay 17 gün). Eyni zamanda iddiaçı 1971-1976-cı illərdə Şamaxı rayonu Astraxanovka kənd "Kommunizm" kolxozunda işləmiş, onun əmək günü (əmək haqqı) aşağıdakı qaydada olmuşdur: 1971-ci il adam günü 240; 1972-ci il adam günü 260; 1973-cü il adam günü 312; 1974-cü il adam günü 310; 1975-ci il adam günü 310; 1976-cı il adam günü 130. Həmin məktuba əsasən Şamaxı rayon Astraxanovka kənd "Kommunizm" kolxozunun minimum əmək günü norması kişilər üçün 180-dir. İddiaçı həmin kolxozda il ərzində müəyyən edilmiş əmək günləri minimumu 180 olduğu nəzərə alınmaqla, 1971-1975-ci il illər 5 il, 1976-cı il 7 ay, cəmi 5 il 7 ay staja malikdir. Göründüyü kimi, həm iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər, həm də kolxozda işlədiyi dövr nəzərə alınmaqla, iddiaçı ümumilikdə 25 il 9 ay 17 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı 21.02.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 21.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3411/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3411/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver