Məhkəmə qərarları › İş №2-1(112)-3411/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3411/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3411/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili işlər orqanlarında xidmətdən xaric olunma ilə bağlı təhvil-təslim vərəqəsinin verilməsi, o cümlədən: 13 mart 2020-ci il tarixindən 07 may 2020ci il tarixinədək ödənilməmiş əmək haqqı - 1.136 AZN (min yüz otuz altı manat), müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı - 916.67 AZN (doqquz yüz on altı manat, 67 qəpik), müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul müavinəti - 1.833,34 AZN (min səkkiz yüz otuz üç manat, 34 qəpik), xidmətdən tərxis olunmaya görə - 1.785,67 AZN (min yeddi yüz səksən beş manat, 67 qəpik) və müvafiq iş ili üçün maddi yardım - 567 AZN məbləğində pul vəsaitlərinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 avqust 2011-ci il tarixində Daxili işlər orqanlarında xidmətə qəbul olmuş, 8 il 9 ay xidmət etdikdən sonra müvafiq əmrlə xidmətdən xaric olunmuşdur. Sonuncu xidmət yeri DİN-in Baş Cinayət-Axtarış İdarəsinin Əməliyyat-Axtarış İdarəsinin əməliyyat müvəkkili vəzifəsi olmuşdur. İddiaçı xidmətdən xaric olunması ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı məlumat verilməmiş, müvafiq əmrin surəti ilə iddiaçı müəyyən olunmuş qaydada tanış edilməmiş və buna lazımi şərait yaradılmamış və ya digər hər hansı formada həmin əmrin surəti iddiaçıya göndərilməmişdir. Sonuncu dəfə 2020-ci ilin may ayında DİN-in Daxili Təhqiqatlar İdarəsinə dəvət olunmuş və orada izahat vermiş, sonradan isə barəsində aparılan xidməti araşdırmanın nəticəsi və xidmətdə qalma məsələsinin müqəddəratı barədə hər hansı məlumat verilməmişdir. Bundan əlavə, xidmətdən xaric olunduqdan sonra əmək kitabçası da iddiaçıya verilməmişdir. İddiaçının ünvanladığı çoxsaylı şikayətlər nəticəsində əmək kitabçası 2023-cü ilin mart ayında verilmiş, lakin xidmətdən xaric olunma ilə bağlı əmrlə iddiaçı tanış edilməmişdir. Yalnız 05 oktyabr 2023-cü il tarixində cavabdeh orqana ünvanlanmış vəkil müraciətinə 20 oktyabr 2020-ci il tarixli 3-13-21/2-9426/2023 nömrəli məktubla cavab alındıqdan sonra məlum olmuşdur ki, İddiaçı 07 may 2020-ci il tarixli Ə1600 ş/h-001-20 nömrəli əmrlə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin” 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. Həmin əmrin surəti ilə bu günki günə qədər tanış olmamışdır. Cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xidmətdən xaric olumnası ilə bağlı müvafiq əmr çıxarıldıqdan sonra sonuncu ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhvil-təslim aparılması, son-haqq hesabın icra olumnası və iddiaçının almalı olduğu xidmətdən təxris olunmaya görə müavinat və digər ödənişlərin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmədiyindən təhviltəslim vərəqəsinin və bundan irəli gələn yuxarıda qeyd olunan ödənişlərin verilməsi mümkün olmamışdır. İddiaçı nəinki xidmətdən xaric olunması barədə ümumiyyətlə məlumatlandırılmış, həm də onunla lazımi qaydada təhvil-təslim aparılmamış, almalı olduğu ildə bir dəfə müalicə olunması ilə bağlı bir aylıq əmək haqqı məbləğində pul müavinatının, ildə bir dəfə ödənilən maddi yardım, istifadə olunmamış məzuniyyətlə bağlı kompensasiyanın, xidmətdən tərxis olunma ilə bağlı ödənişin alınması hüququndan məhrum edilmişdir. Bundan əlavə, İddiaçı 07 may 2020-ci il tarixində xidmətdən xaric olunmasına baxmayaraq, sonuncu əmək haqqını 13 mart 2020-ci il tarixində almış, həmin tarixdən xidmətdən xaric olunduğu tarixədək isə əmək haqqının alınmasından da məhrum olmuşdur. İddiaçının cavabdeh orqanda sonuncu işlədiyi vəzifədə əmək haqqı aldığı bank hesabından çıxarışlardan görünür ki, İddiaçı həmin vəzifədə sonuncu əmək haqqının məbləği 916,67 AZN (doqquz yüz on üç manat, 67 qəpik) təşkil etmişdir. Beləliklə, İddiaçı ödənilməli olan məbləğləri hesablayanda: 13 mart 2020-ci il tarixindən 07 may 2020-ci il tarixinədək ödənilməmiş əmək haqqı - 1.136 AZN (min yüz otuz altı manat) (aprel ayı üçün əmək haqqı 916,67 AZN + may ayında işlənilmiş 6 iş günü üçün 220 AZN (həmin ay 25 iş günü olmuşdur)); Müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı - 916.67 AZN (doqquz yüz on altı manat, 67 qəpik); Müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul müavinəti - 1.833,34 AZN (min səkkiz yüz otuz üç manat, 34 qəpik); Xidmətdən tərxis olunmaya görə - 916,67 AZN + aylıq vəzifə, rütbə maaşı və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri 869 AZN = 1.785,67 AZN (min yeddi yüz səksən beş manat, 67 qəpik); Müvafiq iş ili üçün maddi yardım - 567 AZN təşkil edir. Lakin cavabdeh orqana dəfələrlə bununla bağlı müraciət olunmasına baxmayaraq, sonuncu müxtəlif səbəblərlə təhvil-təslim vərəqəsinin verilməsi və müvafiq ödəmələrin verilməsindən boyun qaçırmışdır. Belə ki, iddiaçının DİN-in Baş Kadrlar İdarəsinə etdiyi elektron müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar DİN-in Maliyyə-Plan İdarəsi ilə əlaqə saxlanılması tövsiyə olunur. DİN-in Maliyyə-Plan İdarəsinə edilmiş elektron müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ödəniş DİN-in xx.xx.2010-cu il tarixli 552 nömrəli əmrininin və DİN-in xx.xx.2019-cu il tarixli Q25-001 -19 nömrəli Qərarın tələblərinə əsasən “Təhvil-təslim vərəqəsi”ni təqdim etmədiyi səbəbindən ödənilməmişdir. Cavabdeh orqana həmin normativlərin surətlərinin təqdim olunması ilə bağlı müraciət olunsa da, heç bir cavab alınmamışdır. Təhvil-təslim vərəqəsinin əldə olunması ilə bağlı DİN-in Baş Kadrlar İdarəsinə edilmiş təkrar müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, təhvil-təslim vərəqəsinin verilməsi xidməti vəsiqənin təhvil verilməsindən sonra mümkündür. Göründüyü kimi, İddiaçı xidmətdən xaric olunduqdan sonra nə müvafiq əmrin surəti, nə əmək kitabçası vaxtında verilmiş, nə də sonuncu ilə təhvil-təslim aparılmış, etdiyi müraciətlərə də formal cavablar verilərək, iddiaçıya qarşı süründürməçiliyə yol verilmişdir. İddiaçının xidmətdən xaric olunması ilə bağlı təhvil-təslim vərəqəsinin və onun əsasında müvafiq ödəmələrin alınması hüquqlarının pozulması isə bugünədək davam etməkdədir. Cavabdeh orqanın təhvil-təslim vərəqəsinin verilməsinin xidməti vəsiqənin verilməsi ilə əlaqələndirilməsi və həmin vəsiqənin qaytarılmaması səbəbindən qanunla qorunan hüquqlarının pozulması tamamilə əsassız və qanunsuzdur. Sözügedən xidməti vəsiqədən son illərdə iddiaçı tərəfindən istifadə olunmasının lüzumsuzluğu səbəbindən hazırda həmin vəsiqənin müqəddəratı məlum deyildir. Bundan əlavə, iddiaçı xidmətdən xaric olunarkən cavabdeh orqan tərəfindən xidməti vəsiqənin təhvil verilməsinin zəruriliyi və bundan sonra təhvil-təslim vərəqəsinin almalı olduğu barədə hər hansı formada məlumatlandırılmamış, yalnız uzun müddət keçdikdən sonra, iddiaçıya onun hüquqlarının pozulduğu məlum olduqdan sonra etdiyi müraciətə cavab olaraq, cavabdeh orqan xidməti vəsiqənin qaytarılmaması əsası ilə müvafiq öhdəliklərin icra olunmasından imtina edir. Hesab edir ki, cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən xidmətdən xaric olunmuş İddiaçı təhvil-təslim vərəqəsi verilməli, qanunla nəzərdə tutulmuş ödəmələr və kompensasiyalar müvafiq qaydada ödənilməlidir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidmətdən xaric olunma ilə əlaqədar təhvil-təslim vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə sərəncamınıza baxılmış və 17 noyabr 2023-cü il tarixdə iddiaçıya “xidmətdən xaric olunma ilə əlaqədar təhvil-təslim vərəqəsi” verilmişdir.

4. Daha sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən: 13 mart 2020-ci il tarixindən 07 may 2020-ci il tarixinədək ödənilməmiş əmək haqqı – 1.083,66 AZN (min səksən üç manat, 66 qəpik), müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı – 916.67 AZN (doqquz yüz on altı manat, 67 qəpik), müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul muavinəti – 1.553,89 AZN (min beş yüz əlli üç manat, 89 qəpik), xidmətdən tərxis olunmaya görə ödənilməmiş məbləğ - 512,84 AZN (beş yüz on iki manat, 84 qəpik), müvafiq iş ili üçün maddi yardım təşkil edən 567 AZN (beş yüz altmış yeddi manat) məbləğində pul vəsaitlərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

5. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində irəli sürdüyü tələb qismən, yəni təhvil-təslim vərəqəsinin verilməsi və ödənilməli olan məbləğlərin qismən ödənilməsi hissəsində cavabdeh qurum tərəfindən icra olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya xidmətdən xaric olunması ilə bağlı verilməli olan məbləğlər tam həcmdə verilməmişdir. Belə ki, cavabdeh Daxili İşlər Nazirliyinin iddiaçıya və məhkəməyə ünvanladığı məktublarda qeyd edilmişdir ki, iddiaçıya 2020-ci ilin aprel ayının iki günü üçün 52,34 manat əmək haqqı, 2020-ci il üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 279,45 manat kompensasiya və xidmətdən təxris olunmaya görə 1.272,83 manat, ümumilikdə 1.604,62 manat məbləğində vəsait köçürülmüşdür. Cavabdeh orqan tərəfindən iddianın qalan hissəsinə, yəni 13 mart 2020-ci il tarixindən 07 may 2020ci il tarixinədək ödənilməmiş əmək haqqının, müvafiq iş ili üçün müalicə olunma ilə əlaqədar ödənilməli olan bir aylıq əmək haqqının, məzuniyyətə görə kompensasiyanın tam məbləğdə, eləcə də xidmətdən təxris olunmaya görə məbləğin tam həcmdə və maddi yardımın ödənilməsinə dair hər hansı münasibət bildirilməmiş, sözügedən məbləğlərin ödənilməməsini qanunveriliciklə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. İddiaçının iddia tələbində göstərilmiş icra olunmalı öhdəliklərlə cavabdeh orqanın icra etmiş olduğu öhdəlikləri nəzərdən keçirsək, aşağıdakıları müəyyən etmiş olarıq: 1) İddiaçıya xidmətdən xaric olunma ilə bağlı təhvil-təslim vərəqəsi həqiqətən verilmişdir; 2) 13 mart 2020-ci il tarixindən 07 may 2020-ci il tarixinədək işlədiyi müddət üçün iddiaçıya ödənilməli olan əmək haqqı qismən ödənilmiş, 1.136 AZN (min yüz otuz altı manat) məbləğində pul vəsaiti ödənilməli olan halda, 2020-ci ilin aprel ayı üçün cəmi iki gün hesablanmaqla, 52,34 AZN (əlli iki manat, 34 qəpik) ödənilmişdir; 3) Müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı – 916.67 AZN (doqquz yüz on altı manat, 67 qəpik) məbləğində pul vəsaiti ödənilməmişdir; 4) Müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul muavinəti – 1.833,34 AZN (min səkkiz yüz otuz üç manat, 34 qəpik) məbləğində pul vəsaiti ödənilməli olan halda, cəmi 279,45 AZN (iki yüz yetmiş doqquz manat, 45 qəpik) ödənilmişdir, qalan məbləğ isə ödənilməmişdir; 5) Xidmətdən tərxis olunmaya görə - 1.785,67 AZN (min yeddi yüz səksən beş manat, 67 qəpik) məbləğində pul vəsaiti ödənilməli olan halda, cəmi 1.272,83 AZN (min iki yüz yetmiş iki manat, 83 qəpik) ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir 6) Müvafiq iş ili üçün maddi yardım təşkil edən 567 AZN (beş yüz altmış yeddi manat) məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbində qeyd olunan öhdəliklərin qismən icra edilməsi iddia tələbinin etiraf etməsi mənasına gəlsə də, sözügedən öhdəliklər tam olaraq icra olunmamış, icra olunmama isə hər hansı dəlillə əsaslandırılmamışdır. Sözügedən məbləğlərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsi əsaslarını və işin faktiki hallarını nəzərdən keçirsək, aşağıdakıları müəyyən etmiş oluruq: 1. Ödənilməmiş əmək haqqının tam ödənilməsi. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 07 may 2020-ci il tarixinədək daxili işlər orqanlarında xidmət etmiş, həmin tarixli əmrlə xidmətdən xaric olmuşdur. İddiaçının əmək haqqı aldığı bank hesabından çıxarışa nəzər yetirdikdə məlum olur ki, iddiaçı tərəfindən sonuncu dəfə əmək haqqı 13 mart 2020-ci il tarixində alınmışdır. Belə olan halda, iddiaçının həmin tarixdən xidmətdən xaric olunduğu günədək işlədiyi üçün, əmək haqqı müvafiq qaydada hesablanmaqla verilməli idi. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, iddiaçıya cəmi iki iş günü üçün əmək haqqı hesablanmaqla qaytarılmışdır. 2. Müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul vəsaitinin verilməsi. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 97-ci maddəsində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. İddiaçı həmin məbləğ nə xidmət etdiyi müddətdə, nə də xidmətdən xaric olunduqdan sonra verilmişdir. Sözügedən məbləğin ödənilməsi öhdəliyi qanunvericiklə nəzərdə tutulsa da, cavabdeh orqan tərəfindən həmin məbləğin ödənilməməsi hər hansı dəlillə əsaslandırılmamışdır. 3. Müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul muavinətinin tam ödənilməsi. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 81-ci maddəsində qeyd edilmişdir ki, bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir. Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir. Həmin Əsasnamənin 88-ci maddəsində göstərilmişdir ki, əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. İddiaçı müvafiq iş ilində əsas məzuniyyətindən istifadə etməmiş, beləliklə, həmin məzuniyyətə görə kompensasiya qismində sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq və məzuniyyətə çıxarkən verilən bir aylıq əməkhaqqı məbləğində pul müavinəti almalı idi. Həmin məbləğləri hesabladıqda, 1.833,34 AZN (min səkkiz yüz otuz üç manat, 34 qəpik) məbləğində pul vəsaiti edir, lakin cavabdeh inzibati orqan tərəfindən həmin məbləğdən yalnız 279,45 AZN (iki yüz yetmiş doqquz manat, 45 qəpik) ödənilmişdir. Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Nəzərə alsaq ki, İddiaçı iş ili 15 avqust 2011-ci ildə başlanmışdır, demək sonuncu iş ili üçün iddiaçı əsas məzuniyyətindən istifadə etməmiş və kompensasiya və pul muavinatının tam məbləğdə almalı idi. 4. Xidmətdən təxris olunmaya görə ödənilməli məbləğin tam həcmdə ödənilməsi. AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi“ haqqında 20 aprel 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarının 8-ci hissəsində qeyd edilmişdir ki, xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində ödənilir. İddiaçının əmək haqqı aldığı bank hesabından çıxarışdan görünür ki, iddiaçının sonuncu vəzifə və rütbə maaşının məbləği 916,67 AZN təşkil etmişdir. Qanunun yuxarıda qeyd olunan normasına müvafiq olaraq, həmin məbləğdən (916,67 AZN) təxris olunmaya görə ödənişi hesabladıqda, 916,67 AZN + aylıq vəzifə, rütbə maaşı və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri 869 AZN = 1.785,67 AZN (min yeddi yüz səksən beş manat, 67 qəpik) əldə edirik. Lakin cavabdeh orqan tərəfindən iddiaçının aylıq vəzifə və rütbə maaşları müvafiq olaraq 585 AZN və 144 AZN hesablandığından, təxris olunmaya görə müavinat da 1.272,83 AZN məbləğində hesablanmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının aylıq vəzifə və rütbə maaşlarının məhz qeyd olunan məbləğdə olması hər hansı dəlillə əsaslandırılmamış, lakin iddiaçının bank hesabındakı çıxarışından məlum olur ki, aylıq əmək haqqı 916,67 AZN məbləğində olmuşdur. 5. Müvafiq iş ili üçün maddi yardım məbləğinin ödənilməsi. AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi“ haqqında 20 aprel 2000-ci il tarixli Qərarının 1.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin. Lakin cavabdeh orqan tərəfindən qeyd olunan tələbdə yerinə yetirilməmiş, iddiaçıya ödənilməli olan maddi yardım ödənilməmişdir. Beləliklə, cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən iddia ərizəsində göstərilmiş tələblər qismən icra olunsa da, qalan hissəsinin icra olunmasına qanunvericiliklə müəyyən edilmiş kifayət qədər əsasların olmasına baxmayaraq, əsassız olaraq icra olunmasından imtina olunmaqdadır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı hesabına 2020-ci il aprel ayının iki günü üçün 52,34 manat əmək haqqı, 2020-ci il üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 279,45 manat kompensasiya və “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əsasən pensiya almaq hüququ olmadan tərxis edilən, xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə (585,00 manat), rütbə (144,00 manat) maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində hesablanmaqla xidmətdən tərxis olunmaya görə 1.272,83 manat, ümumilikdə 1.604,62 manat məbləğində vəsait köçürülmüşdür. Qeyd edilənlər barədə DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-27/2-V- 4867/1/2023 nömrəli məktubu ilə İddiaçı yaşadığı ünvana və e-mail ünvanına məlumat göndərilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı hesabına 2020-ci il aprel ayının iki günü üçün 52,34 manat əməkhaqqı, 2020-ci il üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 279,45 manat kompensasiya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına əsasən pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə (585,0 manat), rütbə maaşları (144,0 manat) və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində hesablanmaqla xidmətdən tərxis olunmaya görə 1272,83 manat, ümumilikdə 1604,62 manat məbləğində vəsait köçürülmüşdür. Maddi yardımın verilməsi tələbi ilə bağlı bildiririk ki, DİN-in müvafiq əmrinə əsasən DİO əməkdaşlarına maddi yardım xidmət etdiyi dövr ərzində əməkdaşın raportu əsasında ödənilir. Eyni zamanda, DİN-in müvafiq əmrinə əsasən, əməkdaşlara müalicə olunmaları ilə əlaqədar müavinət bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda isə onların raportları əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilir. Qeyd olunanlar baxımından, O. Vəliyevə müalicə olunması ilə əlaqədar müavinət və maddi yardım ödənilməsi mümkün deyildir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı DİN-in inzibati binasına sonuncu dəfə girişçıxışı xx.xx.2020-ci il saat 13:53-14:20 radələrində qeydə alınmışdır. Eyni zamanda İddiaçı 2020-ci ilin mart ayı ərzində DİN-in inzibati binasına giriş-çıxış vaxtları barədə məlumatlar Sizə təqdim olunur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın ətmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. İddia tələbi pul təminatının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

16. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin:

81. Bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir. Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir.

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

17. AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi“ haqqında 20 aprel 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarının:

8. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir: a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində; b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.

18. İddia tələbi cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən 13 mart 2020-ci il tarixindən 07 may 2020-ci il tarixinədək ödənilməmiş əmək haqqı – 1.083,66 AZN, müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı – 916.67 AZN, müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul muavinəti – 1.553,89 AZN, xidmətdən tərxis olunmaya görə ödənilməmiş məbləğ - 512,84 AZN, müvafiq iş ili üçün maddi yardım təşkil edən 567 AZN məbləğində pul vəsaitlərinin İddiaçı ödənilməsi öhdəliyini cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasıdır.

19. İddia tələbinin 13 mart 2020-ci il tarixindən 07 may 2020-ci il tarixinədək ödənilməmiş əmək haqqı – 1.083,66 AZN məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin İ hissəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

20. Əmək Məcəlləsinin: Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

21. Məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, İddiaçı DİN-in inzibati binasına sonuncu dəfə giriş-çıxışı xx.xx.2020-ci il saat 13:53-14:20 radələrində qeydə alınmışdır. Göründüyü kimi iddiaçının işdə olmadığı günlərə görə əmək haqqı tələb etməsi əsassızdır.

22. İddia tələbinin müvafiq iş ili üçün almalı olduğu müalicə olunma ilə əlaqədar bir aylıq əmək haqqı – 916.67 AZN məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, DİN-in müvafiq əmrinə əsasən, əməkdaşlara müalicə olunmaları ilə əlaqədar müavinət bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda isə onların raportları əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilir.

23. İddia tələbinin müvafiq iş ili üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya və pul muavinəti – 1.553,89 AZN məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 81-ci maddəsinə əsasən bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir. Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir.

24. İddiaçı xx.xx.2011-ci il tarixdə Daxili İşlər orqanlarında işə qəbul edilmişdir, 2019-cu il üçün iddiaçıya məzuniyyət pulu ödənilib. İddiaçının 2020-ci iş ili üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 279,45 manat kompensasiya təşkil edir, həmin məbləğ isə cavabdeh tərəfindən iddiaçının hesabına köçürülüb.

25. İddia tələbinin xidmətdən tərxis olunmaya görə ödənilməmiş məbləğ - 512,84 AZN məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi“ haqqında 20 aprel 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarına əsasən pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində hesablanmaqla xidmətdən tərxis olunmaya görə ödəniş ödənilir.

26. Cavabdeh orqan tərəfindən pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə (585,0 manat), rütbə maaşları (144,0 manat) və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində hesablanmaqla xidmətdən tərxis olunmaya görə 1272,83 manat iddiaçıya ödənilmişdir.

27. İddia tələbinin müvafiq iş ili üçün maddi yardım təşkil edən 567 AZN məbləğində pul vəsaitlərinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi“ haqqında 20 aprel 2000-ci il tarixli Qərarının 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, maddi yardım DİN-in müvafiq əmrinə əsasən DİO əməkdaşlarına maddi yardım xidmət etdiyi dövr ərzində əməkdaşın raportu əsasında ödənilir.

29. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar