Məhkəmə qərarları › İş №2-1(112)-3412/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3412/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3412/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 19 may 2021-ci il tarixli, **********7 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 65 yaşı var. Yaşa görə əmək pensiyası almaq üçün sənədlərini DSMF-nun 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi İdarəsi ərizəsini baxılması üçün DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. 19 may 2021-ci il tarixdə **********7 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim olunmuş X3 rayon Filialının arxiv arayışlarında qeyd olunmuş Kürdəmir kəndi “Moskva” Kolxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından, ona yaşa görə pensiya təyin olunması mümkün deyildir. Hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassızdır. Belə ki, Mərkəzin verdiyi imtinadan görünür ki, onun Mərkəz tərəfindən qəbul edilən stajı 7 aydır. Yəni, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 3 il 5 ay sığorta stajı çatmır. Lakin, bu staj hesablanarkən onun 1970-1978-ci illərdə Kürdəmir kəndi “Moskva” kolxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər sığorta stajına hesablanmır. Bu düzgün deyil. O, həmin illəri işləmişdir. Müvafiq olaraq sosial sığorta xərclərini də, ödəmişdir. Kolxozda işlədiyi müddətdə ona əmək kitabçası açılmamışsa, bu onun günahı deyil, onun vəzifəsi işləmək və sosial sığorta xərclərinin ödənilməsidir. Arxiv arayışlarından da, görünür ki, o, həqiqətən də, 1970-1978-ci illərdə Kürdəmir kəndi “Moskva” kolxozunda işləmişdir. Bu illər də, hesablanacağı təqdirdə, onun 27 il sığorta stajı olmalıdır. Bu da, ona pensiya təyin olunmasına tam əsas verir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1307/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı imtinanın əsassız hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-1307/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı 1970-ci il tarixdən 1978-ci il tarixədək Şamaxı rayonu Kürdəmir kənd “Moskva kolxozu”nda işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı qeyd olunan tarixlərdə Şamaxı-rayonu Kürdəmir kənd “Moskva kolxozu”nda işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.1-ci hissəsinə əsasən “əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1970-1978-ci illər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, təqdim olunan əmək kitabçasında və sadalanan sənədlərdə iddiaçının yuxarıda göstərilən dövrlərdə “Moskva kolxozu”nda işləməsinə dair qeydlər mövcud deyil. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan əlavə, İddiaçı 1970-1978-ci illərdə işlədiyini iddia etməsinə baxmayaraq, X3 rayon filialının 197 nömrəli, 03.08.2021-ci il tarixli arayışına əsasən, iddiaçının 1972-1973-cü illərdə yerinə yetirdiyi adam günü norması qeyd olunmamış, 1974-cü il üzrə 100, 1975-ci il üzrə 5, 1976-cı il üzrə 21, 1978-ci il üzrə 120 adam gününü yerinə yetirdiyi göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-1704/2019 nömrəli qərarına əsasən sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Lakin, hazırki iş üzrə 197 nömrəli arxiv arayışında “Moskva kolxozu” üzrə minimum adam günü norması müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 19 may 2021-ci il tarilxi, **********7 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialından daxil olmuş 08.04.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 19.09.1995-ci il tarixində tərtib edilmiş, ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən onun 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq, təqdim etdiyi arxiv arayışında göstərilən Moskva adına kolxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövlərin sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən iddiaçıya ünvanlanmış 01 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1972-1978ci illərdə Şamaxı rayonu Kürdəmir kənd Moskva adına kolxozda işləmiş, onun əmək günü (əmək haqqı) aşağıdakı qaydada olmuşdur: 1972-ci il üzrə adam günü norması göstərilməmiş, əmək günü 220-00, 1973-cü il üzrə adam günü norması göstərilməmiş, 1974-cü il üzrə 100 adam günü, əmək günü 228-00, 1975-ci il üzrə 5 adam günü, əmək günü 19-00, 1977-ci il üzrə adam günü 21, əmək günü 108-18, 1978-ci il üzrə 120 adam günü, 476-01 əmək günü olmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən iddiaçıya verilmiş 01 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1992-1994cü illərdə Şamaxı rayonu Kirovka kənd Pobeda kolxozunda 1998-2000-ci illərdə Meşə Mühafizəsi və bərpası müəssisəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən iddiaçıya verilmiş 01 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1978-1979cu illərdə Kürdəmir kəndi Moskva kolxozunda 1978-1980-ci illərdə işləmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən iddiaçıya verilmiş 01 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1995, 1996 və 1997-ci illərdə İsmayıllı rayonu Meşə təsərrüfatında işləmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.12.1980-ci ildə Şamaxı rayonu Qələbə sovxozunda avtomaşın sürücüsü qəbul edilmiş, 10.10.1995-ci il tarixdə işdən azad edilmiş, 24.10.1995-ci il tarixdə X2 işə qəbul edilmiş, 16.08.2000-ci il tarixdə işdən azad edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.05.1975-ci il tarixdən 20 may 1977-ci il tarixədək X4 hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı 1979-7980-ci illərdə Şamaxı Kürdəmir kənd Moskva kolzunda, 1980-1995-ci illərdə Kirovka kənd “Pobeda” sovxozunda, 1995-2000-ci illərdə Meşə Təsərrüfatı İdarəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən verilmiş 458 nömrəli, 27 dekabr 2021-ci il tarixli arxiv arayışıdan görünür ki, İddiaçı 1979-1980-ci illərdə Şamaxı rayon 2 nömrəli Yol İstismar İdarəsində işləmişdir. Şamaxı rayon 2 nömrəli Yol İstismar sahəsinin Dövlət X5nda saxlanılan əmr kitablarından arxiv çıxarışına əsasən (əmr № 66 k, 11 noyabr 1979-cu il) İddiaçı – 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” 19 may 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu 15.03.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən onun ümumi iş stajı 21 il 7ay təşkil edir. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun 21 il 7 ay sosial sığorta stajı olmaqla qanunla tələb olunan müddətdən 25 (ildən) azdır və 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hisəssində pensiya kapital qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında göstərilən Moskva adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Məhkəmə cavabdeh iddiaçının iş stajının 25 ildən az olması və Moskva adına kolxozda işlədiyi dövrlərin əmək kitabçasında öz əksini tapmaması səbəbindən sığorta stajına daxil edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən 21 il 7 ay əmək stajı vardır. Cavabdeh tərəfindən onun qəbul edilməyən əmək stajı əmək kitabçasında öz təsdiqini tapmayan arxiv arayışlarında göstərilən 1978-1978-ci illərdə Şamaxı rayonu Kürdəmir kənd Moskva adına kolxozda işlədiyi illərdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 tərəfindən verilmiş arayışlardan müəyyən edilmişdir ki, iddiaçı 1972-1978-ci illərdə Kürdəmir kənd Moskva kolxozunda işləmiş, onun həmin illərdə kolxozda adam günü və əmək günü aşağıdakı kimi olmuşdur: 1972-ci il üzrə adam günü norması göstərilməmiş, əmək günü 220-00, 1973-cü il üzrə adam günü norması göstərilməmiş, 1974-cü il üzrə 100 adam günü, əmək günü 228-00, 1975-ci il üzrə 5 adam günü, əmək günü 19-00, 1977-ci il üzrə adam günü 21, əmək günü 108-18, 1978-ci il üzrə 120 adam günü, 476-01 əmək günü olmuşdur. Məhkəmə hesab edir ki, arxiv məlumatlarına əsasən İddiaçı sözügedən kolxozda 1972-1973-cü illər üzrə adam günləri qeyd edilməsə də, iddiaçının əmək günü normasının qeyd etməsinə dair məlumatlar mövcuddur və həmin əmək günü normasının minimum adam günü normasına uyğun olmadığına dair hər hansı bir mötəbər sübut olmadığı nəzərə alınmaqla həmin illər də tam iş stajı kimi qəbul edilərək, 1972-1978-ci illər iddiaçının sığorta stajına daxil edilməlidir. Eyni zamanda iş materiallarına əlavə olunmuş arxiv arayışından görünür ki, iddiaçı 11.1979-11.1980-ci illərdə Şamaxı rayonu 2 nömrəli Yol İstismar İdarəsində işləmişdir. Məhkəmə hesab edir ki, həmin illərdə iddiaçının əmək stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972-1978-ci və 11.19.79-.11.1980-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə kolxozda və Şamaxı rayonu 2 nömrəli Yol İstismar İdarəsində işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı rayon Dövlət Arxivinin arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da, müəyyən edilməmişdir Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1972-1978-ci illərdə kolxozda və 11.1979-11.1980-ci illərdə Şamaxı rayonu 2 nömrəli Yol İstismar İdarəsində işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı rayon Dövlət Arxivinin arxiv arayışları ilə təsdiqləndiyindən və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1972-1978-ci illərdə kolxozda və 11.1979-11.1980-ci illərdə Şamaxı rayonu 2 nömrəli Yol İstismar İdarəsində işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən sovxoza məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı rayon Dövlət Arxivinin arxiv arayışları ilə təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də, əsaslı deyildir. Çünki, iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə eyni zamanda, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.01.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində qeyd edilir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni 15.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar