Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3413/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5, Üçüncü şəxs SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, SOCAR-ın Neft Kəmərləri İdarəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən mülkiyyətinə ayrılmış 2603 saylı xx.xx.2006-cı il tarixli qərarla 3000 m2 torpaq sahəsinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alıb adına müvafiq çıxarışın və texniki pasaportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2090 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə Binəqədi qəsəbəsinin inzibati ərazisində sahibkarlıq fəaliyyəti məqsədi ilə ona 3000 kv.m torpaq sahəsi ayrılaraq adına rəsmiləşdirilmişdir. Halhazırda qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Tərəfındən sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədi ilə mülkiyyətinə ayrılmış torpaq sahəsində planirovka işləri aparılmış ərazi istehsalata yararlı vəziyyətə gətirilmişdir. X3 olunması haqqında Azərbaycan Respublikası 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə və digər hüquqlar qanunvericilikdə müəyyən edilmiş bir qaydada qeydiyyata alınır. Bu maddəyə əsaslanaraq mülkiyyətinə ayrılmış 3000 kv.m torpaq sahəsinin qeydiyyata alınaraq çıxarış verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı ərazi idarəsinə müraciət etmişdir. Cavab müsbət olmayaraq imtina olunduğunu nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı və Abşeronda kənd təsərrüfat və sənaye əhəmiyyətli olmayan torpaq sahələrinin yararlı hala salınmaqla vətəndaşların istifadəsinə verilməklə bu torpaq sahələrində müəyyən məqsədlərlə yəni sahibkarlıq, istehsalat sexləri, anbar və ya müvafiq avto və ya digər dayanacaqlar eləcədə bu qəbildən olan xidməti işlər görülməsi üçün Bələdiyyələr tərəfindən vətəndaşların, iş adamlarının istifadəsinə ayrılmasına icazə verilir. Ona ayrılmış 3000 kv.m torpaq sahəsi məhz bu tip sahələr qrupuna aid olduğunu bilərək tərəfindən istifadəsində olan torpaq sahələrində torpağın istifadəyə yararlı hala salınması üçün əlavə torpaq daşınmaları və planirovka işləri aparmışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və R publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin ona ünvanladığı imtinası əsassız hesab edilməli və təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 2603 saylı 28 dekabr 2006-cı il tarixli Qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən ümumi sahəsi 3000 kv.m olan torpaq sahəsini onun adına müvafiq çıxarışın texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3413/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3413/2024 saylı qərardadı ilə SOCAR-ın “Neft kəmərləri” İdarəsi i iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ərizlərə ilə İdarəyə müraciət etmiş **********80 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpaqları olmaqla yanaşı bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bundan başqa, torpaq sahəsi bütövlükdə neft kəmərinin, bir hissəsi isə su boru xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 109 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən 2090 saylı 30 dekabr 2005-ci il tarixli qərarla mülkiyyətinə ayrılmış 3000 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-08204/2023 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 2090 nömrəli qərarından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 3000 kv.m torpaq sahəsini sahibkarlıq fəalliyyəti tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. İş materiallarına əlavə edilmiş torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayon ərazisində Etibar İsa oğlu X2 xx.xx.2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 3000 kv.m sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 2090 saylı qərar qəbul edilmişdir. Torpaqların alqı-satqısına dair akt bələdiyyə sədri və iddiaçı tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş X7 təklif olunan torpaq sahəsinin planı Binəqədi qəsəbə Bələdiyyəsinin mütəxəssisi tərəfindən imzalanmış və Bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2768/2023 nömrəli məktubunda bildirilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 2090 nömrəli qərarı ilə İddiaçı 3000 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********60 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda sözügedən ərazi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Həmin məktub ilə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 3000.0 kv.m, faktiki isə 3000.0 kv.m təşkil edir. Torpaq sahəsi dörd tərəfdən şərti olaraq göstərilmişdir. Tikli yoxdur. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə sxemində, sxem üzərində perimetrik ölçülər və sahə qeyd olunmayıb. Şərti olaraq göstərilən torpaq sahəsinin üzərindən torpaq örtüklü gediş-gəliş maşın yolu vardır. Ərizədə qeyd olunan digər suallarla bağlı aidiyyatı şöbələrdə baxılması məqsədə uyğundur. Şərti olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-35- 1/2-3179/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Eyni iddia üzrə məhkəmənin icraatında olmuş 2-1(112)6556/2023 saylı iş üzrə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16/2-1147/2024 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 2090 nömrəli sərəncamı, həmçinin iclas protokolu Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Eyni iddia üzrə məhkəmənin icraatında olmuş 2-1(112)6556/2023 saylı iş üzrə ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarilxi 3-16-16/2-10/5425 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********18 nömrəli mütəxəssis rəinə əsasən qeyd olunur ki, şərti olaraq göstərilən sahə 3000,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 3000,0 kvm torpaq sahəsinin koordinatları əlavə olunur. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməyib və göstərilən sahəyə aidiyyəti yoxdur. Mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülərin qeyd edilmədiyi və göstərilən sahəyə aidiyyəti olmadığı müəyyən olunur. Mütəxəssis rəyinə əsasən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və torpaq sahəsinin bir hissəsinin su xəttinin, bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin, bütövlükdə isə neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********36 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktından görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 3000.0 kv.m, faktiki isə 3000.0 kv.m təşkil edir. Torpaq sahəsi dörd tərəfdən şərti olaraq göstərilmişdir. Tikli yoxdur. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə sxemində, sxem üzərində perimetrik ölçülər və sahə qeyd olunmayıb. Şərti olaraq göstərilən torpaq sahəsinin üzərindən torpaq örtüklü gediş-gəliş maşın yolu vardır. Ərizədə qeyd olunan digər suallarla bağlı aidiyyatı şöbələrdə baxılması məqsədə uyğundur. Şərti olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********84 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Binəqədi rayonu, Binəqədi-Balaxanı yolu ünvanında yerləşən 3000.0 kv.m torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2024-cü il tarixli, 14-2/2-4570/2024 nömrəli məktubunda bildirilmişdir ki, həmin koordinatlarda olan 3000 m2 torpaq sahəsinin WGS 84/UTM zona 39N koordinat sistemində X Y 403848.0540 4482147.7349 403865.0197 4482140.2458 403844.1820 4482094.7949 403789.2864 4482119.0270 403804.3337 4482151.8574 koordinatlarda olan 2712 m2 hissəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Böyük- Şor-Sumqayıt (d720 mm, istifadəyə verildiyi tarix 1983) magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşir və neft kəməri torpaq sahəsinin daxilindən keçir. Torpaq sahəsinin WGS 84/UTM zona 39N koordinat sistemində X Y 403848.0540 4482147.7349 403804.3337 4482151.8574 403810.1192 4482164.4802 koordinatlarda olan 288 m2 hissəsi isə yuxarıda qeyd olunan neft kəmərinin mühafizə zonası xaricində yerləşir. Hesab edirik ki, iş üzrə cavabdehin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 20/01- 020 nömrəli Qərarının (xx.xx.2023-cü il tarixdə **********1020 reyestr nömrəsi verilməklə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir) 6.1-ci bəndi ilə magistral neft kəmərlərinin mühafizə zonaları müəyyənləşdirilmişdir. Belə ki, Qaydaların 6.1.1-ci bəndinin 1-ci abzasına əsasən, magistral neft kəmərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən, eləcə də, əhalinin və kəmərin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, mühafizə zonası daxilində yerləşən 2712 m2 hissəyə münasibətdə iddia tələbinin rədd olunması xahiş edilmişdir. «İnzibati Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 2090 nömrəli qərarı ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində 3000 kv.m torpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın mülkiyyətə verilməsinə dair inzibati aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "X3 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, 2005-ci il tarixdə bələdiyyə torpaq sahəsi ayırması üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. İddia olunan torpaq sahəsinin ayrılması barədə inzibati akt qərar formasında qəbul edilsə də həmin qərarın qəbul edildiyi Binəqədi qəsəbə bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 98 saylı iclas protokolu bələdiyyənin, eləcə də dövlət arxivində aşkar edilməmiş, Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən planı (cizgisi) təsdiq edilməmiş və torpaq sahəsinin normativ qiymətini müəyyən edilərək bələdiyyəyə göndərilməsi müəyyən olunmamışdır. Eyni zamanda hazırkı iş üzrə naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavabında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Belə olan halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının: 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; Beləliklə, mühafizə zonası bru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilir və ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikinti işlərinin aparılması qadağan olunmuşdur. İş üzrə elektron kadastr məlumatları, üçüncü şəxslərin məhkəmə sorğularına verilmiş cavablar, eləcə də eyni predmet və mübahisə üzrə daha əvvəl verilmiş iddia üzrə məhkəmə icraatı zamanı əldə edilmiş ekspert rəyi ilə iddia olunan torpaq sahəsinin SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Böyük- Şor-Sumqayıt (d720 mm, istifadəyə verildiyi tarix 1983) magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşdiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova