Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3414/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” MMM məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamının onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin “xxxx” MMM-nin istifadəsinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-3414/2021 saylı 11 yanvar 2021-ci il tarixli qərardadı ilə “xxxx” MMM iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 362,94 kv.m-dən ibarət fərdi yaşayış evinin və yerləşdiyi 0,21121 ha torpaq sahəsinin “xxxx MMM-nin istifadəsinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında olan 362.94 kv/m ibarət olan daşınmaz əmlakın mülkiyyətçisidir. ünvan 1 ünvanında olan 362.94 kv/m olan daşınmaz əmlakın üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 514 nömrəli reyestr kitabının 48382 nömrəli vərəqində mülkiyyət hüququ qeydiyyata alınmışdır. O, mülkiyyətində olan mənzili satmaq qərarına gələrək mülkiyyəti barədə alıcı ilə razılaşmış. Bundan sonra həmin alıcılar onun mülkiyyət hüququnu təsdiq edən sənədlərin və mülkiyyətində olan mənzilin hüquqi rejimini yoxlatdıran zaman onlara həmin mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən üçüncü şəxsin adına verilmiş sərəncamın olması məlum olduğu üçün mənzili almaqdan imtina etmişlər. Bundan sonra o, Bakı şəhər İcra Hakimiyyətinə şifahi müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısının 137 saylı, 1998-ci il tarixli sərəncamı ilə “xxxx” MMM-ə torpaq sahəsi ayrılmışdır. Həmin vaxt həmin sərəncamın ona təqdim edilməsi barədə tərəfindən xahiş edilsə də lakin, bu barədə yazılı müraciət etməyi tövsiyyə edilmişdir. O, həmin sərəncamın ona təqdim edilməsi və həmin sərəncamın ləğv edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, lakin onun müraciətləri cavabsız qalmışdır. Cavabdeh orqan onun müraciətlərinə dair heç bir münasibət bildirməmişdir. Nəzərə alınmalıdır ki, həmin sərəncamın mövcudluğu onun konstitusiya ilə təsdiq olunan mülkiyyət hüququnu pozur. Həmin sərəncamın verilməsindən 22 il müddət keçməsinə baxmayaraq hazırki ana qədər təyinatı üzrə heç bir hərəkət aparılmamışdır. Sərəcəma dair təyinatı üzrə heç bir hərəkət aparılmaması sərəncamın formal xarakterli olmasını təsdiq edir və onun mülkiyyət hüququnu məhdudlaşdırmağa xidmət edir. Nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş mübahisələndirilən sərəncam verilən zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 09 noyabr 1991-ci ildə qəbul edilmiş Torpaq Məcəlləsinin 32-ci maddəsinə əsasən kənd təsərrüfatı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq səhəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir. “xxxx” MMM-ə ayrılmış torpaq sahəsinə dair X2 və Planlaşdırma göstərişlərinin 2 il müddətinə etibarlı olması, 2 il müddətində torpaq sahəsindən, inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda AR Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən ayrılmış torpaq sahəsinin geri alınması göstərilmişdir. Hazırki vəziyyətdə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən “xxxx” MMM-ə verilmiş sərəncamın icra edilməməsi nəticəsində xüsusi mülkiyyətindən istifadə hüququ və mülkiyyəti üzərində sərəncam vermək hüququ məhdudlaşmaqdadır. Belə ki, həmin sərəncamın hazırki vaxta qədər formal olaraq hərəkətsiz qalması nəticəsində o, öz mülkiyyətini başqa tikinti şirkətlərinə sata bilmir. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş üzrə məhkəmənin iclası 16 may 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun, həmçinin əlavə izahat verərək, bildirmişdir ki, iddiaçı yaxın vaxtlarda mülkiyyətindəki əmlakı başqa bir şəxsə satmaq üçün razılığa gəlmiş, lakin həmin şəxsə müvafiq dövlət orqanı tərəfindən əmlakın yerləşdiyi torpaq sahəsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı mövcud olduğu deyilmiş, daha sonra iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə sorğu verilmiş, sərəncamın surəti tələb edilmiş, lakin inzibati oran tərəfindən müraciətə cavab verilməmişdir. Hazırda həmin torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamının mövcudluğu iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “xxxx” MMM nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək, qeyd etmişdir ki, hazırki iş üzrə iddia qaldırmaq müddəti iddiaçı tərəfindən ötürülmüşdür.Belə ki, iddiaçı 1998-ci ildən qəbul edilmiş, lakin onun hüquqlarına müdaxilə etməyən, iddiaçının mülahizəsinə görə, 2017-ci ildən sonra – yəni, özünün sərəncamın əhatə dairəsinə aid olan ərazidə ev almasından sonra, 2017-2018-ci illərdə iddiaçının da cavabdeh qismində iştirak etdiyi mülki icraat qaydasında baxılan başqa bir işdə “xxxx” MMC-nin adına sərəncam verilməsindən xəbərdar olduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli 2(004)-102/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsu 14 saylı evin 1/3 hissəsinə və 2/3 hissəsinə dair, iş üzrə iddiaçıların və 3-cü şəxslərin arasında “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi pay hüququnun qeydə alınması”na dair mübahisənin həll edilməsi ilə yanaşı, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin cavabdehlər X4 və İddiaçı qarşı “cavabdehlər arasında bağlanmış 05.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X5 ilə “xxxx” MMC arasında Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 14 saylı fərdi yaşayış evinin 2/3 hissəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh X3 üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə digər tərəflər və “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10.01.2019-cu il tarixli 2(103)-1696/2019 saylı qətnaməsi ilə “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın (Sədrlik edən və məruzəçi hakim M.Əhmədova, hakimlər Ə.Nurməmmədov və Ə.Şadiyev) 19 avqust 2019-cu il tarixli, 2(102)-5602/19 saylı qərarı ilə: - müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan Yasamal rayon məhkəməsinin 18.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə “xxxx” MMC-nin iddiası üzrə cavabdehlərdən biri olan İddiaçı məhkəmənin iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı irəli sürülmüş tələblərin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.08.2019-cu il tarixli qətnaməsinin məzmununda (qətnamənin 9-cu səh-nin son abzası, 10-11-ci səh) müəyyən olunur ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi evin əvvəlki müıkiyyətçisi A.Aydəmirov Bakı Şəhər İcra Hakimiyyətinin 19.02.1998-ci il tarixli 137 saylı sərəncamının onun “mülkiyyətində” olan mübahisəli evə aid olan hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, Məhkəmənin 19.12.2014-cü il tarixli qərarı ilə A.Aydəmirovun iddia tələbi rədd edilmişdir. Daha sonra qətnamənin məzmununda müəyyən olunur ki, A.Aydəmirovun iddiasının əsası belə olmuşdur ki, “xxxx” MMC-nin adına 137 saylı 19.02.1998-ci il tarixli sərəncam verilməsindən istifadə edərək, MMC müxtəlif dövlət orqanlarına müraciət edərək, mübahisəli evin alqı-satqı edilməsinin, ipoteka ilə yüklü edilməsinin, habelə digər hərəkətlər edilməsini qadağan etməklə onun konstitusion hüquqlarını pozmuşdur...” Sözügedən qətnamədə “xxxx” MMC-nin məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının 137 saylı 19.02.1998-ci il tarixli sərəncama əsaslanaraq evin əvvəlki mülkiyyətçisi A.Aydəmirovla evin alqı-satqısına dair “beh müqavilə”ləri bağlaması və s. bütün zəruri xüsusatlar öz əksinin tapmışdır. Bu xüsusatlar belə qənaətə gəlməyə əsas verir ki, hazırki iş üzrə İddiaçı ən geci istinad olunan, iş üzrə tərəfi (cavabdeh) olduğu mülki iş üzrə qətnamələrdən məlumatı var idi ki, onun mülkiyyətinə rəsmiləşdirdiyi B.Səfəroğlu küçəsi 14 saylı evin yerləşdiyi torpaq sahəsinə dair 137 saylı 19.02.1998-ci il tarixli Sərəncam mövcuddur. Hesab edilir ki, İddiaçı iddia ərizəsinin məzmununda, guya, sərəncamı almadığına, Bakı Şəhər İcra Hakimiyyətinə sərəncamı əldə etməsi üçün müraciət etdiyinə dair yazdıqları da yalnız mülahizədir, məhz qanunla müyyən edilmiş 30 günlük müddətin ötürüldüyünü bildiyi üçün, müddətin ötürülməsinin hüquqi nəticəsindən yayınmaq məqsədilə belə mülahizələr irəli sürmüşdür. Həmçinin, nəzərə alınmalıdır ki, iş materialında İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə, guya, ona bəlli olmayan 137 saylı 19.02.1998-ci il tarixli sərəncamın ona təqdim edilməsi üçün hansı tarixdə müraciət etdiyini təsdiq edən hər hansı mötəbər sübut, təsdiqləyici dəlil mövcud deyildir. İddiaçı mülkiyyətində olan evin əvvəlki mülkiyyətçisi olmuş A.Aydəmirov da 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək 137 saylı 19.02.1998-ci il tarixli sərəncamı mübahisələndirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2014-cü il tarixli qərarı ilə A.Aydəmirovun iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİKnın 15.04.2015-ci il tarixli qərarı ilə sözügedən qərar qismən dəyişdirilmiş, yenə də iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin İİK-nın 29.07.2015-ci il tarixli 2-1(102)- 852/2015 saylı qərarı ləğv edilmiş, A.Aydəmirovun iddiası mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. İşin faktiki hallarından aydın olur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamı ilə “xxxx” firmasının 16.01.1998-ci il tarixli И-008/98 saylı məktubu və “Şal” məhdud məsuliyyətli şirkətinin 24.12.1997-ci il tarixli 30/İУ-97 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, Bakı şəhər İcra Hakimiyyətinin “İnterservis” müdriyyətinə “xxxx” firmasının rəhbərliyi ilə müvafiq müqavilənin bağlanması tapşırılmış, “Şal” MMŞ-nə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yaşayış evləri tikintisi üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin 12.12.1995-ci il tarixli, 1614 saylı sərəncamı ləğv edilmişdir. Hazırda iddiaçı ünvan 2 ünvanda yerləşən 362,94 kvm-dən ibarət fərdi yaşayış evinə və yerləşdiyi 0,21121 ha torpaq sahəsinə aid hissədə Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamını mübahisələndirir. İlk növbədə qeyd edilməlidir ki, 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İşin araşdırılmış hallarından məlum oldu ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 14-də 0,293952 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaklar üzərində X1 paylı mülkiyyət hüququ üzrə mülkiyyət hüququ mövcud olmuş, 05 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətindəki əmlakı İddiaçı satmışdır. Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 14 saylı evin İddiaçı payına uyğun 2/3 hissəsi üzərində naturada bölgüsü aparılmışdır. Belə olan halda Məhkəmə tərəfindən araşdırılmalı hal iddiaçının sözügedən əmlakları əldə etdiyi tarixdən, yəni 05 dekabr 2017-ci ildən sonra mübahisələndirilən sərəncam barədə məlumatlı olub-olmaması ilə bağlıdır. İş materiallarından, işin araşdırılmış hallarından və tərəflərin mıhkəmə iclasları zamanı verilmiş izahatlarından məlum olur ki, mübahisələndirilən sərəncam qəbul edildikdən sonra bir sıra məhkəmə mübahisələri mövcud olmuş, 2017-ci ildə əmlak iddiaçı tərəfindən alqısatqı yolu ilə əldə edilmiş, həmin dövrdən sonra mülki icraat qaydasında mübahisələr mövcud olmuş, mülki icraat qaydasında baxılan işlərin bir neçəsində İddiaçı tərəf qismində iştirak etmiş, mövcud əmlaka dair “xxxx” MMM-lə bağlı mübahisələrdən məlumatlı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli 2(004)-102/2018 saylı qətnaməsindən görünür ki, digər tələblərlə yanaşı iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin cavabdehlər X4 və İddiaçı qarşı “cavabdehlər arasında bağlanmış 05.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X5 ilə “xxxx” MMC arasında Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 14 saylı fərdi yaşayış evinin 2/3 hissəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh X3 üzərinə qoyulması” barədə iddiası olmuş, həmin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.08.2019-cu il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının 137 saylı 19.02.1998-ci il tarixli sərəncamına əsaslanaraq evin əvvəlki mülkiyyətçisi A.Aydəmirovla evin alqı-satqısına dair “beh müqavilə”ləri bağlaması və s. bütün zəruri xüsusatlar öz əksinin tapmışdır. Göründüyü kimi, hazırki İddiaçı həmin məhkəmə mübahisələrində tərəf qismində iştirak etmiş, hətta “xxxx” MMC-nin iddia tələbinə qarşı etiraz ərizəsini təqdim etmişdir. İşə əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, sözügedən evin əvvəlki mülkiyyətçisi olmuş X5 Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamını mübahisələndirmiş, Ali Məhkəmənin İİK-nın 29.07.2015-ci il tarixli 2-1(102)- 852/2015 saylı qərarı ilə A.Aydəmirovun iddiası müddətin keçməsi səbəbilə mümkün sayılmamışdır. Beləliklə, yuxarıda qeyd edilən hallar iddiaçının mübahisələndirilən sərəncamdan ən geci Bakı Apellyasiya Məhkəməsində müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə baxılan zamanı məlumatlı olması nəticəsinə gəlməyə imkan verir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən sərəncamın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin sərəncam barədə iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd);Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3414/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3414/2021
16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver