Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3416/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil Şıxsafa oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) 1 fevral 1987-ci il tarixdən 16 fevral 1990-cı il tarixədək indiki H.Əliyev adına X5 5, 10, və 2 nömrəli sexlərində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. Zavodun 9 fevral 1990-cı il tarixli 09 nömrəli əmri ilə 16 fevral 1990-cı il tarixdə Mexaniki təmir üzrə 10 nömrəli sexi həmin Zavodun tabeliyində olan və ona xidmət göstərən Təsərrüfat hesablı Təmir tikinti sahəsinin (T/h TTS) tabeliyinə verilmiş və "Texnoloji avadanlıqların təmiri sahəsi" adlandırılmışdır. 10 nömrəli sex T/h TTS-in tərkibində "Texnoloji avadanlıqların təmiri sahəsi" adlanmasına baxmayaraq eynilə əvvəlki kimi 10 nömrəli sexin fiunksiyalarını yerinə yetirmişdir. Həmin sahədə də 16 fevral 1990-cı il tarixdən 1 oktyabr 1992-ci il tarixədək olan dövrdə texnoloji avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər işləməklə əvvəlki peşəsindəki kimi eyni vəzifələri yerinə yetirmişdir. T/h TTS təkcə X8 xidmət göstərirdi. İddiaçı ancaq Zavodun texnoloji qurğularının təmiri ilə məşğul olmuşdur. Zavodun müvafiq əmri ilə "Texnoloji avadanlıqların təmiri sahəsi" 1 oktyabr 1992-ci il tarixdən T/h TTS-nin tabeliyindən çıxarılaraq yenidən birbaşa Zavodun tabeliyinə verilmiş və iddiaçı 1 avqust 2000-ci il tarixədək Zavodda 6-cı dərəcə üzrə çilingər işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 12-ci bölməsində 2130301a – 18547 kodla onun işlədiyi peşə zərərli iş şəraitində müəyyən edilmişdir. Zərərli iş şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədi ilə o, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. O, 30 noyabr 2020-ci il tarixdə mobil telefon vasotəsilə ora dəvət olunmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində müracətə cavab olaraq ona həmin qurumun 18 noyabr 2020-ci il tarixli **********5 nömrəli məktubu təqdim edilmişdir. Məktubla bildirilir ki, 1 yanvar 2006-cı il tarixə olan müddətə güzəştli iş stajı 12 il 6 aydan az olduğundan (yəni 10 il 10 ay 14 gün olduğundan) ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin qəbul etdiyi bu qərar əsassızdır. Belə ki, T/h Təmir-Tikinti Sahəsi Yeni Bakı Neftayırma Zavodunun (X5) tabeliyində olmuş və onun istehsalat sahələrində texnoloji avadanlıqların təmiri işlərini və digər işləri görmüşdür. Texnoloji avadanlıqların təmirində işçi qüvvəsi və maddi ehtiyatlardan səmərəli istifadə məqsədi ilə Zavodun 9 fevral 1990-cı il tarixli 9 nömrəli əmri ilə onun çilingər işlədiyi 10 nömrəli Texniki avadanlıqların təmiri sexi T/h hesablı Təmir-Tikinti Sahəsinin tabeliyinə verilmişdir. Təmir-Tikinti sahəsinin yerləşdiyi bina və bütün işçiləri Zavodun daxilində idi və ancaq Zavodun işlərini görürdülər. "xxxx" İstehsalat Birliyinin (X5) T/h Təmir-Tikinti İdarəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 11 may 1995-ci il tarixdə təsdiq edilmiş nizamnaməsindən görünür ki, Təmir-Tikinti İdarəsi "Azərnetyanacaq" İB-nin 8-3/38 nömrəli 5 aprel 1994-cü il tarixli əmrinə əsasən Yeni Bakı Neftayırma Zavodunun (X5) T/h Təmir-Tikinti Sahəsinin bazasında yaradılmışdır. Həmin İdarə "xxxx" İB-nin tabeliyindədir. Onun əsas vəzifəsini "xxxx"İB-nin təmir-tikinti işləri, başqa xidmətlər üzrə tələbatını aşağı xərclərlə və keyfiyyətlə yerinə yetirmək, əldə edilmiş mənfəət hesabına işçilərin iqtisadi və sosial maraqlarını təmin etməkdir. 10 nömrəli sexin T/h Təmir-Tikinti Sahəsinin tabeliyinə verilməsi və yenidən Zavodun tabeliyinə qaytarılması barədə əmrlərin Zavod tərəfindən verilməsi, hər iki yerdə eyni funksiyanın yerinə yetirməsi, həmçinin Təmir-Tikinti İdarəsinin Təmir-Tikinti Sahəsinin bazasında yaradılması və onun nizamnaməsinin Zavod tərəfindən təsdiq edilməsi Təmir-Tikinti Sahəsinin birbaşa Zavodun tabeliyində olmasını göstərən əhəmiyyətli sübut növüdür. Bu faktlar birbaşa göstərir ki, 16 fevral 1990-cı il tarixdən 1 oktyabr 1992-ci il tarixədək olan dövrdə iddiaçı zərərli iş şəraitində işləmişdir və qanunvericilikdlə müəyyən edilmiş qaydada ona həmin pensiya növü şamil edilib verilməlidir. İmtina məktubu 2020-ci ilin dekabr ayında təqdim olunduğundan, iddia müddəti buraxılmamışdır. Göstərilənlərə və İPM-in 2.2.2, 33, 38.2, 45, 68, 73, 75-ci maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun müddəalarına, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddısinin “b” bəndinə, AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarına əsaslanaraq, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə göstəriş verilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası, SOCAR tərəfindən tərtib edilmiş 9 sentyabr 2020-ci il tarixli arayış və orta-ixtisas təhsil alması barədə diplomun surətini təqdim etmişdir. İddiaçı iddia ərizəsində hal-hazırda qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbi ilə razılaşmır. Belə ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən normaları nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni 1 avqust 1997-ci il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. Lakin iddiaçının özünün də təqdim etdiyi sübutlardan göründüyü kimi, onun güzəştli pensiya hüququ verən peşələrdə çalışdığı müddət 10 il 10 ay 14 gün olmaqla qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və işəgötürən SOCAR tərəfindən tərtib edilmiş 9 sentyabr 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 10 fevral 1987-ci il tarixdən 16 fevral 1990-cı il tarixədək və 2 oktyabr 1992-ci il tarixdən 1 avqust 2000-ci il tarixədək, cəmi 10 il 10 ay 14 gün müddətində H.Əliyev adına X6 texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İşəgötürənin vermiş olduğu arayışda da iddiaçının məhz həmin illərdə işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olmasını qeyd edilmişdir. Həmçinin o da xüsusilə qeyd edilməlidir ki, SOCAR tərəfindən verilmiş qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 320 saylı qərarında 2 saylı siyahısıda olması qeyd edilsə də, həmin peşənin məhz hansı kod altında olması əks olunmamışdır. Şərh edilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Şıxsafa oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiı etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri) 2130301a – 18547 kodu ilə “texnoloji avadanlıqların təmiri üzrə çilingərlər” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı ona 57 yaşdan (24 sentyabr 2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajının 12 il 6 aydan az olmasını səbəb kimi göstərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması və müvafiq tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə olunmayan hallarına daxildir və işdə olan şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətlərindən də müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ tərəfindən 18 oktyabr 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 24 dekabr 1962-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, B.Nuriyev küçəsi, 54 nömrəli evin 16 nömrəli mənzilidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 2 oktyabr 2019-cu il tarixli 155 nömrəli arayışında aşağıdakılar bildirilir: - 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir, müharibə veteranıdır, ehtiyatda olağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Əliyev adına X5 SOCAR**********80020123X00211 nömrəli 15 oktyabr 2019-cu il tarixli (İddiaçı barəsində) arxiv arayışında aşağıdakılar bildirilir: - Yeni Bakı Neftayırma Zavodu 29 may 1964-cü il tarixdən X9 adına X3 Yeni Bakı Neftayırma Zavodu adlandırılmışdır. X9 adına X3 Yeni Bakı Neftayırma zavodu AR Nazirlər Kabinetinin 8 noyabr 1991-ci il tarixli 369 nömrəli qərarına əsasən Yeni Bakı Neftayırma Zavodu, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli 50 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli 13 nömrəli əmri əsasında isə, Yeni Bakı Neftayırma Zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli 25 nömrəli əmrinə əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" X10 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 nömrəli əmrinə əsasən "xxxx" X10 “HEYDƏR ƏLİYEV adına Bakı X10” adlandırılmışdır. Qeyd: ARDNŞ-nin 24 dekabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ” X10 1. Yanvar 2015-ci tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X8 qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X7 adına X10 adlandırılmışdır. X9 adına Yeni Bakı Neftayırma Zavodunun T/H TTS. 16 fevral 1990-cı il tarixdən (əmr № 9, 9 fevral 1990-cı il) Mexaniki təmir üzrə 10 nömrəli sex T/H TTS-nə verilib və texnoloji avadanlıqların təmiri sahəsi adlandırılıb. 16 fevral 1990-cı il tarixdən (əmr № 12/k 16 fevral 1990-cı il) 1 oktyabr 1992-ci ilə qədər (işdən çıxma əmri 90k 1 oktyabr 1992-ci il) T/H TTS-də texnoloji avadanlıqların təmiri üzrə çilingər peşəsində AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı, bölmə Xİİ, 2130301а – 18547 kodla müəyyən edilmiş qaydalara əsasən zərərli iş şəraitində işləmişdir. Köçürülmə yolu ilə işdən azad olunub. Arayış iş stajının təsdiq olunması üçün verilir. Əsas:T-2 şəxsi vərəqə. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Əliyev adına X5 SOCAR**********81200601A00021 nömrəli 9 sentyabr 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - İddiaçı 1 avqust 1981-ci il tarixdən 5 oktyabr 1981-ci il tarixədək, 20 dekabr 1983cü il tarixdən 16 fevral 1990-cı il tarixədək Yeni Bakı Neftayırma Zavodunda işləyib. 2 oktyabr 1992-ci il tarixdən indiyədək Heydər Əliyev adına X6 işləyir. 1 fevral 1987-ci il tarixdən 16 fevral 1990-cı il tarixədək 5, 10, 2 nömrəli sexlərdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, 2 oktyabr 1992-ci il tarixdən 1 avqust 2000-ci il tarixədək 13 nömrəli sexdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. Qeyd: AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajının 10 il 10 ay 14 gün olmasını qəbukl edir, lakin onun 16 fevral 1990-cı il tarixdən 1 oktyabr 1992-ci il tarixə olan müddətdəki iş stajını bu qəbildən olan əmək stajı qismindəı qiymətləndirmir. İddiaçının müvafiq dövrlərdə 2 il 7 aydan artıq müddət “texnoloji avadanlıqların təmiri üzrə çilingər” işlədiyi Mexaniki təmir üzrə 10 nömrəli sex Təsərrfüta hesablı olmaqla və Təmir tikinti sahəsinin tabeliyinə verilməklə "Texnoloji avadanlıqların təmiri sahəsi" adlandırılsa da, işçilərin iş funksiyası da nəzərə alınmaqla onun əvvəlki peşəsi ilə eyni sahəyə, yəni “neft emalı” sahəsinə aid peşədir. Bu hal, işdə olan arayış, nizamnamə, əmr və digər sənədlərin surətləri ilə də təsdiq olunur və qeyd olunajn xüsusatın təkzibi ilə bağlı cavabdeh inzibati orqanın hər hansı tutarlı dəlili yoxdur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı 16 fevral 1990-cı il tarixdən 1 oktyabr 1992-ci il tarixə olan müddətdəki həmin 2 il 7 aydan artıq iş stajı AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 12-ci bölməsində 2130301a – 18547 kodla müəyyən edilən peşəyə aiddir və bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajı toplanmış olur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi “H.Əliyev adına X11”nun müvafiq arayışları onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (24 sentyabr 2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3416/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3416/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver