Məhkəmə qərarları › İş №2-1(112)-3416/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3416/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3416/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəin nümayəndəsi X2 Üçüncü şəxslər Zəlimxan Mehrəli oğlunun və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X14, Zəlimxan Mehrəli oğlu, X9, X10, X7) qarşı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 5 №-li evin 1 otaqlı, yaşayış sahəsi 12,0 kv.m., köməkçi sahəsi 11,7 kv.m., ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının (RİH) 19.03.1996-cı il tarixli 173/3 №-li Sərəncamı ilə Xətai prospekti, 5 №-li evin 2 otaqlı, yaşayış sahəsi 36,0 kv.m. olan 70 №-li mənzili həmin binada həyat yoldaşı X1 olduğu və 6 nəfərdən ibarət yaşadıqları (həyat yoldaşı, iddiaçı və 4 uşaq) 2 otaqlı, yaşayış sahəsi 42,5 kv.m. olan 69 a №-li mənzilinə birləşdirilmiş və 70-69a №-li mənzil 4 otaqlı hesab edilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşı Z.M.Şərifovun adına Xətai prospekti, ev 5, mənzil № 70-69a ünvanı üzrə 19 mart 1996-cı il tarixli 028090 №-li order verilmişdir. Sonradan ailə münaqqişə zəminində həyat yoldaşının birinci həyat yoldaşından olan qızı - X11 arasında ziddiyyətlər məhkəmə müstəvisinə çıxarılmış AR Apellyasiya Məhkəməsinin 9 avqust 2002-ci il tarixli 1 MK-2725 №-li qətnaməsi ilə mübahisə predmeti barədə Nərimanov Rayon Məhkəməsinin 3 noyabr 2000-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Xətai prospekti ev 5, mənzil 70-69a-da yerləşən 18,5 kv.m., 24,0 kv.m. v. 24,0 kvm. üç yaşayış otağının cavabdeh X4 adına 12,0 kvm.-lik bir otağın iddiaçı X6 adına ayrıca kirayə müqavilələrinin bağlanması öhdəliyi Nərimanov Rayon İcra Hakimiyyətinə və Nərimanov rayonu MKTB-yə həvalə edilmişdir. L.Z.Şərifova yaşayış sahəsi 12,0 kv.m. olan 1 otağı üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmış və bu barədə adına müvafiq Qeydiyyat vəsiqəsi almış, daha sonra alqı-satqı müqaviləsi ilə X8 adına özgəninkiləşdirilmişdir. AR Apellyasiya Məhkəməsinin 01.06.2005-ci il tarixli 1 mk-2381/2005 saylı iş üzrə qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 12.10.2004-cü il tarixli qətnaməsi dəyişdirilmiş, mahiyyət etibarı ilə Bakı şəhəri Xətai prospekti 5 saylı evin, 70(70-69a) №-li mənzilinin yaşayış sahəsi 12,0 kv.m. olan 1 otağı təyinatı üzrə istifadə üçün Nərimanov RİH-in Sərəncamına qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli 2(005)- 1939/2012 saylı iş üzrə qətnaməsi ilə Y.M.Mirzəyeva Xətai prospekti 5 №-li evin sıxlaşdırılmış 1 otaqlı, 70 №-li mənzilindən çıxarılmışdır. İddiaçının sözügedən 1 otaqlı mübahisəli mənzildə 1991-ci il tarixdən yaşamağını və Nərimanov RİH-in nəzdində olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində dalandar vəzifəsində işlədiyini nəzərə alınmış Nərimanov RİH başçısının 20.02.2013-cü il tarixli 86 №-li mənzili iddiaçıya müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Nərimanov RİH başçısının 24.10.2013-cü il tarixli 492 №-li Sərəncamı ilə sözügedən mənzil iddiaçının daimi istifadəsinə verilmiş və 37 №-li MKlS-də iddiaçının adına müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 24.02.2015-ci il tarixli AR-nın Qanununa (№ 1199- İV QD) əsasən kirayəçisi olduğu Bakı şəhəri, Xətai prospekti, 5 №-li yaşayış evinin, yaşayış sahəsi 12,0 kv.m., ümumi sahəsi 23,7 kv.m. olan 1 otaqlı 70 №-li mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, bu barədə iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, cavabdeh, 06.09.2019cu il tarixli **********93 №-li məktubla ərizəmin təmin olunmasından imtina etmişdir. İmtina məktibunu 13.09.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh imtina məktubunda bildirmişdir ki, mənzil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdlr. İddiaçı bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qətnaməsi daha yüksək məhkəmə instansiyalarının müvafiq aktları ilə ləğv edilmiş, mübahisəli mənzil üzrə bütün tərəflərə mnasibətdə həmin tərəflərin mübahisəli mənzilə olan bütün hüquqlarına xitam verilmiş, mübahisəli yaşayış sahəsi təyinatı üzrə istifadə üçün həmin mənzilə (yaşayış sahəsinə) sərəncam vermək səlahiyyətləri olan Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir. Digər tərəfdən iddiaçı hesab edir ki, cavabdehin imtinasının, Nərimanov RİH başçısının 24.10.2013-cü il tarixli 492 №-li Sərəncamının yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra qəbul edilməsinin işin mahiyyətinə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı qanunvericilikdə nəzərdə tutulan bütün sənədlərin əslini cavabdeh inzibati orqana təqdim etmişdir.

3. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı (sədrlik edən X15) qərarına əsasən, iddia təmin edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu,Xətai prospektindəki 5 №-li evin 1 otaqlı, yaşayış sahəsi 12,0 kv.m., köməkçi sahəsi 11,7 kv.m., ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2- 1(103)-887/2020 saylı qərarı ilə (sədrlik edən X12) 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarı ləğv edilmişdir.

5. İş üzrə iddiaçı tərəfindən verilmiş kasassiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1965/2020 . saylı qərarı ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-887/2020 saylı, 18.06.2020-ci il tarixli qərarı ləğv olunaraq apellyasiya məhkəməsinə təkrar baxılması üçün göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(103)-560/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 13.12.2021-ci il tarixli 2-1(112)-11852/2021 saylı qərardadı ilə X9, X10, X7, Zəlimxan Mehrəli oğlu üçüncü şəxslər qismində icraata cəlb edilmişdir.

8. Məhkəmənin 01.04.2022-ci il tarixli hazırlıq icraatı iclasında tərəflər iştirak etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsini xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etməmişdir.

II. İddianın geri götürülmüş sayılması

9. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

12. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

13. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

14. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

15. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X16 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

16. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

17. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

18. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

19. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

20. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

21. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

23. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar