Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3417/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişinin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xaliq-16” müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz yolla alınmış və bununla bağlı ona vurulmuş 1070 manat (900 manat +170 manat) maddi ziyanın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ödənilmiş 900 manat gömrük ödənişlərini geri qaytarılmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə, ödənilmiş 170 manat məbləğin isə cavabdeh “Xaliq-16” müəssisəsi tərəfindən ona ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi 04.09.2020-ci il tarixdə onlayn qaydada 5.590 ABŞ dolları məbləğində ödəniş edilərək alınmış, qeyd olunan ödənişlərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı tərəfindən ondan əsassız olaraq avtomobilin dəyəri 8.000 ABŞ dolları kimi nəzərə alınmış, ondan əlavə olaraq 900 manat pul tutulmuşdur. İddiaçı qeyd edir ki, avtomobilin dəyəri müəyyən edilərkən onun qiymətinin hansı səbəbdən yuxarı qeyd edilməsi əsaslandırılmamışdır. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə avtomobilin statistik dəyərinin 8.000 ABŞ dolları olması bəyan edilmişdir. Bu və əlavə məlumatlar gömrük bəyannaməsində iddiaçı tərəfindən qeyd edilərək gömrük orqanına təqdim edilmiş, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunur ki, nəqliyyat vasitəsi ilə bağlı gömrük bəyannaməsi ilə əlaqədar tərəflər arasında heç bir mübahisə yaranmamışdır. Mübahisə olmadığına görə də gömrük ekspertizasının təyin edilməsinə zərurət də müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçı tərəfindən müraciətin olmadığına əsaslanaraq, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xaliq-16” müəssisəsinə qarşı iddiası “ödənilmiş 170 manat məbləğin cavabdeh “Xaliq-16” müəssisəsi tərəfindən ödənilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirka edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi mahiyyəti üzrə baxılan hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Əlavə olaraq məhkəmə, iddianın mümkün sayılması ilə bağlı bir xüsusa da diqqət çəkir ki, ümumiyyətlə cavabdeh məhkəmə icraatı zamanı ilkin olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir və bu halı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müraciət məhz “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına” qeyd edilərək iddiaya cavab verməli olmayan orqana yəni, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlamışdır. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun müraciəti üzrə iddiaya baxılaraq məhkəmə iclasında cavabdeh inzibati orqana müraciət etməsi izah olunmuş və məhkəmə qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinin təmin edilməsi, hazırkı iş üzrə verilmiş iddia geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı müvafiq olaraq hazırki iddia tələbi üzrə eyni məzmunlu müraciət ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktub ünvanlanmışdır. Təkzib olunmaz haldır ki, həmin anda müraciət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə olmuşdur. Lakin, nəzərə alınmalıdır ki, X1 və Ödənişlər Baş İdarəsi tərəfindən iddiaçının məktubu - “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun araşdırılması, nəticəsi barədə Komitəyə və ərizə müəllifinə müvafiq cavabın verilməsi ilə bağlı aidiyyəti üzrə Aksiz mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi öz daxili strukturu əsasında iddiaçının müraciətini aidiyyəti üzrə cavab verən orqana yönəltmiş, müvafiq araşdırmanın aparılmasını və nəticəsi barədə həm Komitəni, həmçinin ərizəçini məlumatlandırılmalı olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki hər nə qədər də, iddiaçının müraciəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına olsa da, sonuncunun müraciəti aidiyyəti üzrə cavabdeh inzibati orqana göndərilmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, hazırki iş üzrə məhkəmə icraatı zamanı iddiaçıya aidiyyəti üzrə cavabdeh inzibati orqana bir daha müraciət etməli olduğu izah olunmuşdur. Bundan sonra, cavabdeh inzibati orqan tərəfindən iddianın mahiyyəti üzrə əsassız olmasına dair etiraz ərizəsi verilmişdir ki, bununla da cavabdeh artıq iddiaçı tərəfindən müraciətin daxil olduğunu öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehə ilkin müraciət olmasa belə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-807/2022 saylı iş üzrə qəbul etdiyi 07.01.2022-ci il tarixli qərarında məhkəmə birinci instansiya məhkəməsinin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh inzibati orqana müraciət etməsinin iddianın mümkün sayılmaması halı ilə razılaşmamış, iddiaya mahiyyəti üzrə baxılarkən iddiaçının hazırkı tələblə bağlı cavabdehə müraciət etməsi nəzərə alınmış, müraciətin cavablandırılması ilə bağlı fərqli hüquqi vəziyyətin yaranması iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılması müəyyən edilmişdir ki, prosessual qənaət prinsipi də əsas götürülməklə işə hazırkı iş üzrə də mahiyyəti üzrə baxılması qənaətinə gəlir. Belə ki, istər iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və icraata xitam verilməsi ilə nəticələnən 2-1(112)-6432/2021 saylı iş üzrə verilmiş etirazda, istərsə də 28 yanvar 2022-ci il tarixli hazırkı iş üzrə verilmiş etirazda iddia tələbinə münasibətdə cavabdehin mövqeyi aydındır. Həmin mövqedən də göründüyü kimi inzibati orqan tərəfindən iddianın təmini əsaslı hesab edilmir və invoys qiymətinin nəzərə alınmamasına istinad edilir. Belə olduğu təqdirdə, hər iki icraat üzrə təxminən 1 ilə yaxın gedən məhkəmə icraatları gedişində müraciətin olmamasına istinad edilməsi prosessual qənaət prinsipinə zidd olmaqla aşkar formallıqdır. Bununla bağlı qeyd edilməlidir ki, müraciətin mütləq olması ilə bağlı şərtin məqsədi məhkəmə icraatının tezləşdirilməsi və əlavə inzibati araşdırmanın aradan qaldırılmasına yönəlmiş, işin mahiyyəti üzrə mövcud inzibati icraat materiallarına əsasən baxılmasının intensivliyinə xidmət edir. Hazırkı halda isə iddianın mümkünsüz sayılması mahiyyəti üzrə mövqelərin tam aydın olduğu və inzibati araşdırmanın tam qaydada aparıldığı işin mahiyyəti üzrə baxılmasına mane olan hal kimi qiymətləndirilir. Məhkəmə işin materiallarını araşdıraraq iddiaya mahiyyəti üzrə baxılan hissədə isə iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 5.590 ABŞ dolları olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 13.600 manat məbləğin əsas götürülməli olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanuni və əsaslı olmaqla yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək təsdiqləmiş, əsaslı olaraq dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. İddiaçı malın dövriyyəyə buraxılışı həyata keçirildikdən sonra dəyərini mübahisələndirsə də gömrük rəsmiləşdirilməsi zamanı isə iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə də gömrük orqanı tərəfindən gömrük ekspertizası təyin olunmamış, malın dəyərinin ekspert tərəfindən müəyyən edilməsinə zərurət müəyyən edilməmişdir. Belə ki, Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciətiolduqda da aparılır. Göründüyü kimi, iddiaçı gömrük rəsmiləşdirilməsi zamanı gömrük ekspertizasının aparılmasına dair hüququndan istifadə etməmiş, mötəbərliyi şübhə doğurmayan iddiaçı tərəfindən doldurulmuş gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamənin 45-ci qrafasında göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na 1 nömrəli Əlavədən də göründüyü kimi “gömrük bəyannaməsi” üçün müəyyən edilmiş məcburi formada aidiyyəti qrafalarda əksini tapmış məlumatlarla yanaşı, 42-ci qrafada invoys dəyəri, həmçinin 45-ci qrafada gömrük dəyəri ilə də bağlı məlumatların qeyd edilməsi zərurət kimi müəyyən edilmişdir ki, qeyd olunan məlumatların, yəni gömrük dəyərinin invoys dəyəri ilə hər bir halda eyniyyət təşkil etməsinin məcburiliyinin olmaması öz əksini tapmışdır. Əks halda invoys dəyəri, gömrük dəyəri arasında fərqləndirmə aparılmasına zərurətin mövcud olmaz, fərqli qrafalarda fərqli məlumatların daxil edilməsinə ehtiyac yaranmazdı. Gömrük bəyannaməsindən də göründüyü kimi iddiaçı həm gömrük bəyannaməsində malın gömrük və statistik dəyəri ilə yanaşı onun invoys dəyərini də ayrıca qeyd etmiş, başqa sözlə malın gömrük dəyərinin 13.600 manat məbləğində olmasından məlumatlı olmuş, ödənişlərin həyata keçirilərək malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. İddiaçı hər nə qədər gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı invoysun əsas götürülməli olmasına istinad etsə də, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, gömrük orqanı əsaslı olaraq yuxarıda adıçəkilən hüquq normalarının tələblərini nəzərə almaqla gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi malların ehtiyat üsulunu rəhbər tutmuşdur. Məhkəmə diqqətə çatdırır ki, analoji iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2280/2021 saylı, 23.11.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunvericilik normalarının məzmunundan göründüyü kimi gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. İddiaçı göstərilən hüququ olduğu halda vaxtında bundan istifadə etməmiş, təqdim etdiyi **********9528 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyü səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmış və nəqliyyat vasitəsi iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 17.06.2020-ci il tarixdə **********9528 sorğu nömrəli bəyannaməsi iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edildiyindən, gömrük ödənişləri ödənilərək, gömrük rəsmiləşdirilməsi başa çatdırıldığından, nəqliyyat vasitəsi artıq iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxıldığından iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir” Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3417/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3417/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver