Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3417/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, yalnız xx.xx.2023 tarixdə 3-1712-M- 73874/2023 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda təsbit edilənlərə əsasən, daxil olmuş müvafiq ərizəyə və əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq belə bir nəticəyə gəlinmişdir ki, fərdi hesabının sığorta hissəsində xx.xx.2017-ci il tarixinədək ümumilikdə 26984,70 manat qeydə alınmış pensiya kapitalı 58 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan müvafiq məbləğdə pensiya kapitalından azdır və minimum pensiya təminatına imkan vermir. İddiaçı qeyd edir ki, imtina məktubunun əsaslandırılması ilə bağlı cavabdeh orqan təsbit etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya münasibətdə isə müvafiq qaydada hesablanılmış əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1985-ci tarixindən xx.xx.1990-cı tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla ümumi sığorta stajı 28 il 9 ay 25 gün olmaqla qanunla tələb olunan müddətdən (14 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 25 gün sığorta stajına uyğun 21.210.48 manat, xx.xx.2006-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək (5 il 11 ay sığorta stajına uyğun olaraq) 5.774.22 manat olmaqla, ümumilikdə 26984,70 manat təşkil) edir ki, bu məbləğ 58 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 34.675.20 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Qeyd edilənlərdən də belə bir nəticəyə gəlinmişdir ki, vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubu ilə əlaqədar iddiaçı bildirir ki, sözügedən sənəd təsbit edilmiş müəyyən fakt və məlumatların doğruluğuna baxmayaraq, ümumi olaraq dəyərləndirildikdə əsassızdır, çünki hər şeydən əvvəl müvafiq orqana dəfələrlə müraciət etmiş olduğu və cavab almadığı keçmiş tarixlərdə (2021-ci ilin müxtəlif zamanlarında) ümumi pensiya kapitalının məbləği müvafiq yaşa uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından çox idi. Bu isə minimum pensiya təminatına rahatlıqla imkan verirdi ki, ona həmin tarixdən (2021-ci il) etibarən əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Buna baxmayaraq müraciətlər qanuna zidd bir şəkildə cavabsız buraxılmış və artıq ümumi pensiya kapitalının məbləği müvafiq yaşa uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından az olduğu bir zamanda cavab verilmişdir. İddiaçı bildirir ki, həmin məktubun sonrakı hissələrində həmçinin xüsusi hesaba əlavə vəsait ödəməklə əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malik olduğuyla bağlı məlumat da verilmişdir. Lakin bu yalnızca onsuz da almalı olduğu bir vəsaitə görə əlavə pul vəsaiti xərcləmək olar. Əsas məqsədlə bağlı qeyd etmək vacibdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən etibarən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir ki, bunun əsas səbəbi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələbləri ilə əlaqələndirilmişdir. Belə ki, bu tələblərə uyğun olaraq əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd edilmişdir ki, yuxarıda qeyd olunan bütün illəri nəzərə aldıqda qanunla tələb olunan müddətdən çox ümumi sığorta stajının olması faktı ilə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan müvafiq pensiya kapitalından çoxdur (ilkin mmüraciətləri zamanı (2021-ci il əsas götürülməklə)). Bu baxımdan ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir və bu səbəbə görə cavabdeh orqanın imtina məktubunda əsaslandırması əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı M.Rəhman 28 mart 2023-cü il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini və imtina olunacağı təqdirdə çatışmayan pensiya kapitalı məbləği barədə xüsusi hesab göstərilməklə rəsmi cavabın 3 saylı Bakı DOST Mərkəzinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzindən daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda baxılmışdır. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023cü il tarixli 3-17-1/2-M-73874/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan minimum pensiya kapitalının olmaması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alıdığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla ümumi sığorta stajı 28 il 9 ay 25 gün təşkil edir. İddiaçının ümumi sığorta stajı qanunla tələb olunan müddətdən çox (14 il 4 aydan) olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 22 il 10 ay 25 gün sığorta stajına uyğun 21.210,48 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (5 il 11 ay sığorta stajına uyğun olaraq) 5.774,22 manat olmaqla, ümumilikdə 26.984,70 manat təşkil edir. Bu məbləğ 58 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 34.675,20 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəməklə əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanın malikdir. İddiaçıya təqdim edilmiş imtina məktubunda bildirilmişdir ki, qeyd edilən maddələrin tələblərinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya məbləğində əmək pensiyası təyin etmək üçün çatışmayan hissəsini (xx.xx.2023-cü il tarixədək 8.555,00 manat) məktubda qeyd edilmiş müvafiq bank rekvizitlərinə ödəməklə əlilliyə görə əmək pensiyası hüququ əldə edə bilər. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron sisteminə “Elektron hökumət portalı” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsi ilə gücləndirilmiş elektron imza ilə daxil olaraq ərizə ilə müraciət edir. Ərizənin formasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. Həmçinin Qaydaların 2.2- ci bəndinə əsasən müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublkası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2022-ci il tarixdən İddiaçı orqanizminin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün ona həmin tarixdən 180 manat məbləğində müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehin iddiaya dair etirazına münasibətdə bildirmişdir ki, müvafiq orqana düzgün bir şəkildə 2021-ci ildən dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən sözügedən müraciətlərin heç birinə cavab verilməmiş, cavab almadığı keçmiş tarixlərdə (2021-ci ilin müxtəlif zamanlarında) ümumi pensiya kapitalının məbləği müvafiq yaşa uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından çox idi. Bu isə minimum pensiya təminatına rahatlıqla imkan verirdi ki, həmin tarixdən (2021-ci il) etibarən əlilliyə görə əmək pensiyası təyin edilsin. Buna baxmayaraq müraciətlər qanuna zidd bir şəkildə cavabsız buraxılmış və artıq ümumi pensiya kapitalının məbləği müvafiq yaşa uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından az olduğu bir zamanda cavab verilmişdir. Əvvəllər işlədiyi “X2 Sənaye Kompleksi” MMC-nin iddiaçının adına hesablanmış əməkhaqqıdan ayrılmış məcburi dövlət sosial sığorta haqlarının səhvən başqa şəxslərin adına vurulması onun hərəkətləri nəticəsində deyil, bu işə məsul olan dövlət orqanlarının məsuliyyətində olmuşdur. Həmin sığorta hissəsi bu işə məsul olan təşkilat tərəfindən 2023-cü iln mart ayında aradan qaldırılmışdır. Bu səhv iddiaçının artıq 3 ilə yaxındır ki pensiya təminatı cəhətdən hüququnun pozulmasına səbəb olmuşdur. Hazırda 2021-ci ildə ona əlilliyə görə əmək pensiyası təminatı üçün lazım olan iş stajı və pensiya kapitalının mövcud sayılması və ona həmin tarixdən əlilliyə görə əmək pensiyas hesablanmalıdır. Əgər sözügedən müəssisə iddia edirsə ki, 2021-ci il üçün çatışmayan pensiya kapitalı varsa, onda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanına əsasən sığortaolunanlar üzrə xüsusi hesaba və əlavə vəsaitlərin alınması qaydasının 2.2-ci bəndinə əsasən müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət Sosial Sığorta sistemində xüsusi hesabı aktivləşdirir elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları doldurur və çatışmayan pensiya kapitalını həmin hesaba ödəyir. Bu barədə sözügedən müəssisə tərəfindən ona heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı onun qanunla tələb olunan müddətdən çox ümumi sığorta stajının olması faktı ilə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan müvafiq pensiya kapitalından çoxdur.(ilkin müraciət zamanı (2021-ci il) əsas götürülməklə). Bu baxımdan əlilliyə görə əmək pensiyası təyin edilməlidir və bu səbəbə görə də cavabdeh orqanın imtina məktubunda əsaslandırması və iddiaçıya pensiya təyin edilməməsi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı ona xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 3 saylı Bakı DOST Mərkəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2021-ci ildən əlillik dərəcəsinin verildiyini bildirərək ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı ərizədə qeyd apararaq məlumat üçün bildirmişdir ki, xx.xx.2021-ci il tarixli müraciəti zamanı ondan asılı olmayan səbəblərdən 2011-2013-cü illər üzrə fərdi şəxsi hesabında sosial sığorta ödənişləri əks olunmamışdır. İndi həmin dövrlər də fərdi şəxsi hesabında öz əksini tapmışdır. -Soaial arayış kağızından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. -cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -xx.xx.1991-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış xx.xx.2011-xx.xx.2013-cü il tarixlərdə “X2 Sənaye Kompleksi” MMC-də işlədiyi keyfiyyət nəzarətçisi vəzifəsi daxil olmaqla, xx.xx.2017-ci il tarixədək müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. -xx.xx.1990-cı il tarixli ПB seriyalı 833002 №li diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildə X1 İnstitutuna daxil omuş, 1990-cı ildə həmin institutun “Heyvan mühəndisliyi” ixtisası üzrə tam kursu bitirmişdir. -H3 №4610114 hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. -Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “X2 Sənaye Kompleksi” MMC (VÖEN:**********) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 3 mart 2006-cı il tarixdə 1206-N6- 2824 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisə xx.xx.2011xx.xx.2013- cü il tarixlərdə vergi ödəyicisi olaraq vəziyyəti aktiv və işçilərinin illər üzrə orta say həddi 2011-ci il üzrə 375, 2012-ci il üzrə 533, 2013-cü il üzrə 531 ədəd olmuşdur. Müəssisə qeydiyyata alındığı tarixdən yenidən təşkil olunması tətbiq olunmadığından hüquqi varisliyi yaranmamışdır. Müəssisənin təsisçisinin 30 dekabr 2022-ci il tarixli qərarına əsasən adı dəyişdirilərək "xxxx" MMC kimi qeyd olunub. Azərbaycan Respublikası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqqına münasibətlər vergi orqanlarının səlahiyyətlərinə xx.xx.2019-cu ildən aid edilmişdir. Bu səbəbdən də 2011-2013-cü illərə dair əmək haqqı cədvəllərinin təqdim edilməsi imkan xaricindədir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, diplomun surətinə əsasən xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1990-cı tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 25 gün, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 5 il 11 ay əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 28 il 9 ay 25 gün təşkil edir. İddiaçı pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 25 gün sığorta stajına uyğun 21210,48 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 5774,22 manat olmaqla, ümumilikdə 26984,70 manat təşkil edir ki, bu məbləğ 58 yaşına uyğun olaraq (müraciət etdiyi tarixə) qanunvericiliklə tələb olunan 34675,20 manat pensiya kapitalından azdır. Eyni zamanda xx.xx.2021-ci il tarixinə sözügedən şəxsin pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 25 gün sığorta stajına uyğun 17452,69 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək 4751,23 manat olmaqla, ümumilikdə 22.203,92 manat təşkil edir ki, bu məbləğ 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 24192 manat pensiya kapitalından azdır (xx.xx.2021-ci il tarixdə). Məlumat üçün bildirilir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilərək pensiya kapitalının hesablanmasında nəzərə alınmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçının “X2” MMC-də işlədiyi dövrdə əmək haqqından ayrılmış sığorta ödənişlərinə əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2.010,2 manat pensiya kapitalı qeydə alınmışdır. Müvafiq sorğu ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti üzrə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -3 saylı Bakı DOST Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. -Cavabdeh pensiya qurumu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə baxılmış və ona 22 iyul 2021-ci il tarixdə 3-cü dərəcəli əlillik dərəcəsinin müəyyən edildiyi, əlilliyin müəyyən edildiyi tarixdəki yaşına uyğun olaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 13 il 8 ay iş stajı və 23616 manat pensiya kapitalının tələb olunduğu, qeyd olunanların nəzərə alınaraq, əlilliyə görə əmək pensiyası hüququna baxılması üçün müvafiq sənədlərlə “DOST” mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/1-M-76642/23 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qərarın 7-ci bəndinin ikinci hissəsinə aşağıdakı qeyd aparılmışdır: Vətəndaşın ümumi sığorta stajı 28 il 9 ay 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (14 il 4 ay) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun 21210,48 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2023 il tarixinədək 5774,22 manat olmaqla, ümumilikdə 26984,7 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə 58 yaş üçün tələb olunan 34675,2 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Vətəndaşa əlilliyə görə sosial müavinət təyinatı aparılıb. 10 08.2023-cü il tarixədək xüsusi hesaba ödəniləcək vəsaitin məbləği: 8.555,00 manat. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş iddiaçı cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hesablanmaqla və həmin təyinat üçün hazırda mövcud olan pensiya kapitalı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Bu məqsədlə iddiaçının cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. İddiaçının İİİ dərəcə əlil statusuna malik olması və sosial sığorta stajı tərəflər arasında mübahisələndirilmir. İşin mübahisəli halı iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlıdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi ilə bağlı aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığortaya görə əmək pensiyası üçün tələb olunan sığorta məbləği 200-ə qədər hesablanır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığortası ilə müəyyən edilmiş qaydada düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta ödənişidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığortası pensiya əlilliyə görə əmək haqqının təyin olunduğu tarixə qənaət edilmiş kapitaldır (bu Qanunun 27-ci idarəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi şəxsi sığortasının sığortası hesablanmış pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi ilə bağlı ayların sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Göründüyü kimi, qanunvericilik orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həm də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması ilə şərtləndirmişdir. Lakin hazırkı mübahisə üzrə işin müəyyən edilmiş hallarına görə istər 2021-ci ilin noyabr ayındakı, istərsə də 2023-cü ilin mart ayındakı müraciətləri üzrə aparılmış inzibati icraat zamanı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan şərtlərin ödənilməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixinə iddiaçının pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 25 gün sığorta stajına uyğun 17452,69 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək 4751,23 manat olmaqla, ümumilikdə 22.203,92 manat təşkil etmişdir ki, bu məbləğ 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 24192 manat pensiya kapitalı üçün yetərsiz qalmışdır. Həmçinin iddiaçı onun xx.xx.2021-ci il tarixli müraciətinə cavab verilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, pensiya qurumu tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 13 il 8 ay iş stajı və 23616 manat pensiya kapitalının tələb olunduğu bildirilmişdir. İddiaçı həmin imtinanı mübahisələndirməmiş, bununla da cavabdehin mövqeyi ilə razılaşmasını nümayiş etdirmişdir. İddiaçının həmçinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə müraciəti zamanı tələb olunan pensiya kapitalının yığılmamasına səbəb 2011-2013-cü illərdə işlədiyi “X2 Sənaye Kompleksi” MMC-nin onun adına hesablanmış müvafiq köçürmələrin səhvən başqa şəxslərin adına vurulmasıdır. Hesab edilməlidir ki, işəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya verməməsi iddiaçının pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Məhkəmə həmin dəlillə də razılaşmayaraq qeyd edir ki, iddiaçının “X2 Sənaye Kompleksi” MMC-də iş dövrü üzrə gəlirlərini, həmin gəlirlərə hesablanmış sosial sığorta haqqının məbləğini, bu məbləğin məhz cavabdehin təqsirindən onun fərdi hesabına daxil edilmədiyini təsdiq edən hər hansı sübut işdə yoxdur. İddiaçının özünün də qeyd etdiyi kimi, həmin dövr üzrə sığorta hissəsi müəssisə tərəfindən 2023-cü ilin mart ayında aradan qaldırılmış və cavabdeh tərəfindən fərdi hesabının sığorta hissəsində nəzərə alınmışdır. İddiaçının hazırda mövcud olan indiki pensiya kapitalı üzrə 2021-ci ilin noyabr ayından əlilliyə görə əmək pensiyası təyin edilməsi isə qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3417/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3417/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver