Məhkəmə qərarları › İş №2-1(112)-3418/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3418/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3418/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınması və yaşayış sahəsi ilə təmin olunanadək kirayə pulunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağı və yaşayış sahəsi ilə təmin olunanadək iddiaçıya kirayə pulunun verilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək AR SQ-da kursant, xx.xx.1997-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilədək DSX-də zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası DSX rəisinin xx.xx.2023-cü il tarixli 18 ş/h saylı əmrinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Polkovnik rütbəsinə malikdir, Silahlı Qüvvələrin veteranıdır. Hərbi xidmət illəri 32 il təşkil etmişdir. xx.xx.2023-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Qeyd etdiklərindən də göründüyü kimi, uzun müddət hərbi xidmətdə kadr zabit kimi çalışmışdır. Adına yaşayış sahəsinin olmaması onun və ailə həyatını çətinləşdirir. Hal-hazırda şəxsi hesabına kirayədə qalır. Xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. Bu günə kimi mənzil növbəsinə alınmamışdır. Bu yaxınlarda mənzil uçotuna alınmağı ilə bağlı bütün sənədləri toplayaraq Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu verilmiş və imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunununa əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınmağının mümkün olmaması qeyd olunmuşdur. Bu əsaslandırma ilə razı deyil. Yaşayış sahəsinə ehtiyacı və uzun illər hərbi xidmətdə qulluq etdiyi nəzərə alınaraq, mənzil növbəsinə alınmalı və yaşayış sahəsi verilənə kimi kirayə pulu ilə təmin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək kirayə pulunun cavabdeh tərəfindən ödənilməsi vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini qətiyyən əsaslandırmamışdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ailə tərkibi 4 nəfərlə ehtiyatda olan hərbi qulluqçu mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli 5-10/1 -Y-18/2-068/2- 1/1/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, DSX rəisinin xx.xx.2023cü il tarixli 18ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunur ki: - Hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi"nin 61ci bəndinin "z)" yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur, Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında bu qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən halların nəzərə alınması qeyd olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən iddiaçıya imtina olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi, iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Qeyd olunan qanun normalarından göründüyü kimi, iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən ona dair EZ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli hərbi bilet məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş SQ seriyalı 00312 saylı xx.xx.2023-cü il tarixli vəsiqəyə əsasən İddiaçı silahlı qüvvələr veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş DSX seriyalı 192 saylı xx.xx.2020-ci il tarixli vəsiqəyə əsasən İddiaçı odlu silahın saxlanılması və daşınması icazə verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə Lənkəran şəhəri tərəfindən təqdim edilmiş 54 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün xidməti mənzili təhvil vermişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən təqdim edilmiş 68 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən 1973-cü il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən 31 07.1997-ci il tarixədək AR SQ-da kursant, xx.xx.1997ci il tarixdən 02 05.2023-cü il tarixədək Azərbaycan Respublikası SQ-da DSX-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi Rayon İdarəsində qeydiyyatdadır. DSX rəisinin xx.xx.2023-cü il tarixli 18ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət’Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır N nömrəli hərbi hissə komandirinin N (nizami hissə üzrə) saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. X8 və İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi ev 17 mənzil 46 İddiaçı kirayəyə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 5- 10/2-Y-18/2-068/2-t/1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-10/1-Y-18/2-068/2-1/1/2023 saylı müraciətə baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, DSX rəisinin xx.xx.2023-cü il tarixli 18ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Belə ki, ehtiyata buraxılma səbəbi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci madddəsində və Nazirlər Kabinetinin qeyd olunan Qərarında mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından, mənzil növbəsinə götürülməyinə və mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-Y-00xx-xx/2023 **********96 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına hazırkı və keçmiş dövrlər ərzində Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak olub-olmamasına dair məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. İddiaçı adına hazırkı və keçmiş dövrlər ərzində Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş BR18/Y- 03 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X1 rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X6 ünvanlanmış 12-3/2-Y-11xx-xx-1101/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində Sizə verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X5 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X9 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, ... ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Hazırkı işin hallarına görə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin “j” bəndinə müvafiq olaraq, hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya hərbi qulluqçu kimi mənzil uçotuna götürülmə və mənzil kirayəsi üzrə kompensasiya ödənişi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi üzrə kompensasiyanın verilməsindən cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülmə və mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar