Məhkəmə qərarları › İş №2-1(112)-3419/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3419/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3419/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı «Reckitt and Colman (Overseas) Health Limited» Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC-yə) qarşı qərarın və əmtəə nişanının qeydiyyatının ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC-yə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 08 sentyabr 2020-ci il tarixli, A12-7/20 nömrəli qərarının ləğv edilməsi və "xxxx" MMC-yə məxsus 2019 0909 qeydiyyat nömrəli “Nobufen Нобуфен” əmtəə nişanına hüquqi mühafizənin verilməsi, əmtəə nişanına dair şəhadətnamədə sadalanan ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər barəsində dövlət qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı “İddiaçı” şirkətinin (bundan sonra - Reckitt & Colman şirkəti) patent müvəkkili tərəfindən "xxxx" MMC-yə məxsus 2019 0909 qeydiyyat nömrəli “Nobufen Нобуфен” əmtəə nişanına hüquqi mühafizənin verilməsi, əmtəə nişanına dair şəhadətnamədə sadalanan ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr və 35ci, 39-cu siniflərinə aid xidmətlər barəsində etibarsız sayılması xahişi ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 08 sentyabr 2020-ci il tarixli (xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir), A12-7/20 nömrəli qərarı ilə etiraz ərizəsi əsassız hesab olunaraq təmin edilməmişdir. Hesab edilir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 08 sentyabr 2020-ci il tarixli (xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir), A12-7/20 nömrəli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və "xxxx" MMC-yə məxsus 2019 0909 qeydiyyat nömrəli “Nobufen Нобуфен” əmtəə nişanına aid qeydiyyat ləğv edilməlidir. Belə ki, ilk növbədə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “a” bəndinin tələblərini pozaraq verildiyi üçün "xxxx" MMC-nin adına N 2019 0909 nömrəli qeydiyyat üzrə “Nobufen Нобуфен” əmtəə nişanına hüquqi mühafizənin verilməsi, əmtəə nişanına dair şəhadətnamədə sadalanan Əmtəə Xidmətlərinin Beynəlxalq Təsnifatının (ƏXBT) 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər barəsində etibarsız sayılmalıdır. Mübahisə edilən N 2019 0909 saylı qeydiyyat üzrə “Nobufen Нобуфен” əmtəə nişanı, ƏXBT-ın 05-ci sinifinə aid eyni əmtəələr barəsində Azərbaycan Respublikasında “İddiaçı” şirkətinin adına qeydiyyatdan keçmiş 981292 nömrəli qeydiyyat üzrə, xx.xx.1994-cü il tarixli prioriteti olan “NUROFEN” qeydiyyat üzrə, xx.xx.1998-ci il tarixli prioriteti olan “НУРОФЕН” və 2000 0206 nömrəli qeydiyyat üzrə, xx.xx.2008-ci il tarixli prioriteti olan “NUROGEN” (birləşdirilmiş) əmtəə nişanları (bundan sonra “NUROFEN”/“НУРОФЕН” əmtəə nişanları) ilə qarışıq səviyyəsinə qədər oxşardır. “NUROFEN”/“НУРОФЕН” əmtəə nişanları Azərbaycanın əczaçılıq preparatları bazarında geniş tanınan olduğundan, ƏXBT-in 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər üçün onlarla qarışıq səviyyəsinə qədər oxşar olan “Nobufen Нобуфен” əmtəə nişanının "xxxx" MMC-nin adına qeydə alınması, həmin əmtəə nişanının “NUROFEN”, “НУРОФЕН” preparatlarının istehsalçısına məxsus olması barədə təsəvvür yaratmaqla istehlakçını çaşdıra bilər, bu da həqiqətə uyğun deyil. Birincisi işarələrin ayrı-ayrı fərqlərinə baxmayaraq, bir işarə bütövlükdə digər işarəyə (əmtəə nişanına) bənzəyirsə, bir işarə digəri ilə qarışıq səviyyəsinə qədər oxşar hesab edilir. Şifahi işarələrin oxşarlığı səs (fonetik), qrafik (vizual) və məna (semantik) əlamətlərinə görə qiymətləndirilir. Sadalanan əlamətlər hər biri həm ayrı-ayrılıqda, həm də müxtəlif birləşmələrdə nəzərə alına bilər. Mübahisəli “Nobufen Нобуфен” əmtəə nişanı və onunla tutuşdurulan “NUROFEN”, “НУРОФЕН” əmtəə nişanları fantaziyalı və müstəqil semantik mənaya malik olmadığından, bu halda oxşarlığın əsas meyarları fonetik və qrafik meyarlardır. Bununla yanaşı “Nobufen Нобуфен” və “NUROFEN”, “НУРОФЕН” əmtəə nişanlarının əczaçılıq preparatları daxil olmaqla həmçinin ƏXBT-in 05-ci sinfinə aid əmtəələr üçün nəzərdə tutulduğu nəzərə alınsa, işarələrin qarışığının istehlakçının sağlamlığı, hətta, həyatı üçün son dərəcə mənfi nəticələri ola bilər, buna görə də nəzərdən keçirilən işarələrin müqayisəli təhlili zamanı xüsusilə ciddi yanaşma tətbiq edilməlidir. Fonetik-səs oxşarlığı müqayisə edilən nişanlarda yaxın və üst-üstə düşən səslərin olması; işarəni təşkil edən səslərin yaxınlığı; bir-birinə münasibətdə yaxın səslərin və səs birləşmələrinin yerləşməsi; uyğun gələn hecaların olması və onların yerləşməsi; işarələrdə hecaların sayı; nişanların tərkibində uyğun gələn səs birləşmələrinin yeri; sait tərkibinin yaxınlığı; samit tərkibinin yaxınlığı; işarələrin uyğun gələn hissələrinin xarakteri; vurğu əlamətlərinə əsasən müəyyən edilir. “Nobufen Нобуфен” və “NUROFEN”/“НУРОФЕН” kimi işarələr fonetik oxşarlığın yüksək dərəcəsinə malikdir və səslərin, hecaların, samit və sait səslərin bərabər sayından ibarətdir, yəni səsin uzunluğuna görə eyni, həmçinin aşağıdakı əsas fonetik əlamətlərə görə oxşarlıqla xarakterizə olunur; - müqayisə edilən işarələrdə uyğun gələn səslərin olması: nəzərdən keçirilən əmtəə nişanlarının tərkibində [n], [o], [u], [fj, [e], [n] kimi 7 səsdən 6-sı (yəni, müqayisə edilən əmtəə nişanlarının səs tərkibinin 86%-i) üst-üstə düşür; uyğun səs birləşmələrinin olması: işarələrə son mövqedə eyniləşdirilmiş səs birləşmələri daxildir - [-fen]; sait səs tərkibinin eyniliyi: baxılan işarələrə daxil olan bütün 3 sait səs tamamilə üst- üstə düşür- [o], [u], [e]; samit səs tərkibinin yaxınlığı: baxılan işarələrə daxil olan 4 samit səsdən 3-ü üst-üstə düşür, eyni qaydada birbirinin ardınca gedir və əlamətlərdə eyni mövqeyi tutur - [n], [f], [n]; vurğu: baxılan işarələrdə vurğu son hecəyə düşür [- fen]. “Nobufen Нобуфен” işarəsinin onunla tutuşdurulan “NUROFEN”/“НУРОФЕН” əmtəə nişanlarından fonetik fərqi yalnız mübahisəli əmtəə nişanında samit səsin başlanğıcından üçüncü olan [b] və onunla tutuşdurulan nişanlarda [r], həmçinin [o], [u] sait səslərin yerlərinin dəyişməsindən ibarətdir. Belə ki, “Nobufen Нобуфен" işarəsində [o] səsi birinci, [u] səsi isə ikinci hecada yerləşir, halbuki “NUROFEN”/“НУРОФЕН əmtəə nişanlarında, əksinə, [u] səsi birinci, [o] səsi isə ikinci hecada yerləşir. Bu fərq “Nobufen Нобуфен” və “NUROFEN”/“НУРОФЕН” işarələrinin birmənalı olaraq fərqləndirilməsi üçün kifayət deyil, çünki baxılan işarələri təşkil edən 7 səsdən 6-sı tamamilə üst-üstə düşür. Bundan əlavə, bu halda işarələrin ilkin və orta hissələrinin səslənməsinin oxşarlığı və son hissələrin eyniliyi var ki, bu da istehlakçıda “Nobufen Нобуфен” işarəsinin “NUROFEN”/“НУРОФЕН” əmtəə nişanlarının və ya eyni istehsalçı, yəni “Reckitt & Colman” şirkətinin məhsul xəttində yeni əmtəə nişanının törəməsi olduğu barədə təəssürat varadır. İkincisi qrafik oxşarlıq. Qrafik oxşarlıq ümumi vizual təəssürat; şrift növü; hərflərin xarakteri nəzərə alınaraq qrafik yazı (məsələn, çap və ya yazılı, baş və ya kiçik hərflər); bir-birinə münasibətdə hərflərin yeri; hərflərdən istifadə edilməklə sözün yazıldığı əlifba; rəng və ya rəng birləşməsi. “Nobufen Нобуфен” və “NUROFEN”, “НУРОФЕН” işarələri yüksək qrafik oxşarlığa malikdir və eyni sayda hərflərdən ibarətdir, yəni uzunluğu ilə eynidir və aşağıdakı əsas vizual əlamətlərə görə oxşarlıqla xarakterizə olunur. Bu fərq istehlakçılar tərəfindən "Nobufen Нобуфен" və “NUROFEN”, “НУРОФЕН” işarələrinin vizual qavrama zamanı birmənalı olaraq fərqləndirilməsi üçün kifayət deyil. İşarələrin oxşarlığı, işarələrin bəyan edildiyi (qeydə alındığı) əmtəələrin (xidmətlərin) eynicinsliliyi ilə bağlıdır. Əmtəələrin (xidmətlərin) eyniliyi zamanı, həmçinin eyniliyə yaxın olan eynicinsliliyi zamanı - əmtəələrin (xidmətlərin) fərdiləşdirilməsi üçün istifadə olunan işarələrin qarışması ehtimalı daha çoxdur. Əmtəələrin eynicinsliliyinin müəyyən edilməsi üçün xüsusilə əmtəələrin növü (növü), onların istehlak xassələri və funksional təyinatı (istifadəsinin həcmi və məqsədi), hazırlandığı materialın növü, əmtəələrin qarşılıqlı tamamlanması və ya bir-birini əvəz etməsi, satış şərtləri (o cümlədən ümumi satış yeri, pərakəndə və ya topdan satış şəbəkəsi vasitəsilə satış), istehlakçıların dairəsi, əmtəələrin istifadəsinin ənənəvi və ya üstün olan tərzi və digər əlamətlər kimi hallar nəzərə alına bilər. Əmtəələrin eynicinsliliyi barədə nəticə, əmtəələrin təbiəti və ya təyinatı səbəbindən istehlakçılar tərəfindən eyni mənşə mənbəyinə aid edilə bildiyi təqdirdə qeyd edilmiş əlamətlərin məcmusu üzrə təhlilin nəticələri əsasında çıxarılır. Əmtəələrin eynicinsli olmasının əlamətləri əsas və köməkçi əlamətlərə bölünür. Əsas əlamətlərə aşağıdakılar aiddir: əmtəələrin növü; əmtəələrin təyinatı; əmtəələrin hazırlandığı materialın növü. Digər əlamətlər köməkçi əlamətlərə aiddir. ƏXBT-ın 05-ci sinfi N 2019 0909 nömrəli qeydiyyat üzrə “Nobufen Нобуфен” əmtəə nişanı və tutuşdurulan 981292 nömrəli qeydiyyat üzrə “NUROFEN”, 991238 nömrəli qeydiyyat üzrə “НУРОФЕН” və 2000 0206 nömrəli qeydiyyat üzrə “NUROFEN” (birləşdirilmiş) əmtəə nişanları ƏXBT-ın 05-ci sinfinə aid aşağıdakı əmtəələr üçün nəzərdə tutulmuşdur: Qeydiyyat № N 2019 0909 “Nobufen Нобуфен” əczaçılıq və baytarlıq preparatları; tibbi məqsədlər üçün gigiyena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası; insanlar və heyvanlar üçün qida əlavələri; plastırlar, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar; dezinfeksiyaedici vasitələr; ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər. Qeydiyyat № 981292 “NUROFEN” № 991238 “НУРОФЕН” № 2000 0206 “NUROFEN” (birləşdirilmiş) əczaçılıq preparatları və maddələri. Baxılan əmtəə nişanlarına eyniləşdirilmiş formullar - “əczaçılıq preparatları” daxildir. Bundan başqa, “Nobufen Нобуфен” əmtəə nişanının siyahısında olan “tibbi məqsədlər üçün gigiyena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, plastırlar, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar; dezinfeksiyaedici vasitələri” kimi əmtəələr həmçinin eynicinsli əmtəələrdir ki, bunlar üçün tutuşdurulan əmtəə nişanları qeydə alınmışdır, çünki onlar bir-birini tamamlayır, eyni şərtlər və satış kanalları ilə xarakterizə olunur və eyni istehlakçılar üçün nəzərdə tutulmuşdur. Müqayisə edilən əmtəələr pərakəndə şəbəkədə eyni apteklər vasitəsilə yayılır. Onlar həmçinin hər hansı ev və avtomobil dərman qutusunda var və çox vaxt bu və ya digər xəstəliyin, travmanın və s. müalicəsi və ya qarşısının alınması üçün birlikdə istifadə olunur. Məsələn, dərman vasitələri çox vaxt gigiyena preparatları, plastırlar, sarğı materialları, dezinfeksiyaedici vasitələr və s. ilə birlikdə istifadə olunur. Əczaçılıq preparatları da pəhriz maddələri ilə birlikdə istifadə edilə bilər. Məsələn, əczaçılıq preparatları və plastırlar müxtəlif təbiətə malik olsalar da, xəstəliyin və ya travmanın müalicəsi kimi onlann eyni təyinatı var. Bundan əlavə, onlar eyni satış kanalları və müvafiq ictimaiyyətə malikdir. Beləliklə, bu əmtəələr eynicinslidir. Yuxarıda göstərilən nümunə ilə müqayisədə, tutuşdurulan əmtəə nişanlarının siyahılarında "tibbi məqsədlər üçün gigiyena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, plastırlar, sarğı materialları; dezinfeksiyaedici vasitələr” eynicinsli əmtəələr hesab olunmalıdır ki, bu əmtəələr üçün mübahisələndirilən, N 2019 0909 qeydiyyat üzrə “Nobufen Нобуфен” ticarət nişanı qeydə alınmışdır, çünki baxılan əmtəələr eyni təyinata, satış kanallarına malikdir və eyni istehlakçılar üçün nəzərdə tutulmuşdur. Baxılan əmtəələr barəsində istehlakçıda onların bir istehsalçıya mənsub olduğu haqqında təsəvvür yarana bilər. Bundan başqa baxılan əmtəələr bütövlüklə pərakəndə şəbəkə vasitəsilə satılan, nisbətən qısamüddətli istifadə üçün nəzərdə tutulan ucuz mallara aid edilir. Pərakəndə şəbəkə vasitəsilə satılan məhsullar üçün qarışdırma ehtimalı topdansatış şəbəkə vasitəsilə və bağlanmış müqavilələrə uyğun olaraq yayılan məmulatlardan daha yüksəkdir. Qısamüddətli istifadə olunan və ya ucuz mallara alıcıların diqqətlilik dərəcəsi aşağı düşür və qarışdırma ehtimalı müvafiq olaraq artır. Bundan əlavə, eyni hüquq sahibinin tutuşdurulan əmtəə nişanlarının bloku olduqda, eynicinsli əmtəələr kimi baxılan mallann dairəsi genişləndirilə bilər. Tutuşdurulan əmtəə nişanlarının ƏXBT-in 05-ci sinfinə aid əmtəələr üçün qeydə alınmış, bir istehsalçıya məxsus “NUROFEN”/ “НУРОФЕН” əmtəə nişanlarının seriyasına daxil olduğunu nəzərə alaraq, eynicinsli kimi baxılmalı əmtəələrin dairəsi, qarışması son dərəcə mənfi sosial nəticələrə səbəb ola biləcək əczaçılıq və tibbi məhsullardan bəhs edilirsə genişlənməlidir. ƏXBT-ın 35-ci və 39-cu sinifləri əmtəələr və bu əmtəələrlə bağlı xidmətlər, xüsusilə də müqayisə edilən əmtəə nişanlarının yüksək oxşarlıq səviyyəsi mövcud olduğu halda, eynicinsli hesab edilə bilər. N 2019 0909 nömrəli qeydiyyat üzrə “Nobufen Нобуфен” əmtəə nişanının siyahısında ƏXBT-nin 35-ci sinif xidmətləri olan “dərman preparatlarının satışı üzrə xidmətlər” və ƏXBT-nin 39-cu sinif xidmətləri olan “dərman preparatlarının daşınması və saxlanılması”, 981292 nömrəli qeydiyyat üzrə “NUROFEN”, 991238 nömrəli qeydiyyat üzrə “НУРОФЕН” və 2000 0206 nömrəli qeydiyyat üzrə “NUROFEN” (birləşdirilmiş) tutuşdurulan əmtəə nişanlarının siyahısındakı ƏXBT-nin 05-ci sinfinə aid əmtəələr olan “əczaçılıq preparatları və maddələri” ilə eynicinslidir, çünki bunlar yanaşı gedən əmtəə və xidmətlərdir. Belə ki, mübahisə edilən əmtəə nişanınm qeydə alındığı, ƏXBT-nin 35-ci sinif xidmətləri olan “dərman preparatlarının satışı üzrə xidmətlər” və ƏXBT-in 39-cu sinif xidmətləri olan "dərman preparatlarının daşınması və saxlanılması”, tutuşdurulan əmtəə nişanlarının siyahısındakı ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr olan “əczaçılıq preparatları və maddələri”nə bilavasitə aid olur və buna görə də eynicinslidirlər. Belə əmtəə və xidmətlərlə bağlı istehlakçıda onların eyni şəxsə məxsus olduğu barədə təəssürat yarana bilər. Daha sonra qeyd etmək lazımdır ki, bir əmtəə nişanı digəri kimi qəbul edilirsə və ya istehlakçı söhbətin eyni olmayan əmtəə nişanından getdiyini dərk edirsə, lakin hər iki əmtəə nişanının eyni müəssisəyə aid olduğunu düşünürsə, qarışdırma təhlükəsi baş verir. Belə təhlükə bir neçə hallardan: birincisi, daha əvvəlki prioriteti olan nişanın fərqləndirici qabiliyyətindən; ikincisi, tutuşdurulan nişanların oxşarlığından; üçüncüsü, nişanla işarələnmiş əmtəə və xidmətlərin eynicinsliliyinin qiymətləndirilməsindən asılıdır. Hüquq sahibi olan “Reckitt & Colman” şirkətinin daxil olduğu Reckitt Benckiser şirkətlər qrupunun https://www.rb.com/ru/6peHati/nurofen saytının məlumatlarına görə, “NUROFEN” (“НУРОФЕН”) ağrının effektiv surətdə yüngülləşdirilməsi üçün yeni üsullar təklif edən, tablet və təsiredici maye maddəsindən ibarət kapsul formasında buraxılan ağrıkəsici vasitələrin dünyada ən surətlə artan brendidir. “NUROFEN” (“НУРОФЕН”) preparatları, ən azı 12 il ərzində Azərbaycan bazarında yer tutur və sözsüz yerli istehlakçılar arasında geniş şöhrət qazanmışdır. Hal-hazırda istənilən aptekdə resept olmadan satılan və müxtəlif növ ağrı və yüksək hərarətə qarşı bir vasitə kimi fəal reklam edilən “NUROFEN” (“НУРОФЕН”) preparatı haqqında eşitməyən bir şəxs çətinliklə tapmaq olar. N 2019 0909 nömrəli qeydiyyat üzrə, mübahisəli olan “Nobufen Нобуфен” əmtəə nişanının qeydiyyata alınması üçün müraciət edildiyi tarixdə “NUROFEN” (“НУРОФЕН”) preparatı, şübhəsiz ki, yalnız adi istehlakçılara deyil, həm də mübahisə edilən nişanın ərizəçisi (Hüquq sahibi) olan "xxxx" MMC-yə də məlum idi. "xxxx" MMC-nin isə əczaçılıq istehsalçısı olaraq rəqibinin olduqca məşhur preparatının bazarda mövcud olması barədə xəbəri olmaya bilməzdi. “Nobufen Нобуфен” və “NUROFEN”/“НУРОФЕН” əmtəə nişanlarının yeddi səsdən və hərfdən altısına görə eyni olduqlarını və ƏXBT-ın 05-ci sinfinə aid eynicinsli əmtəələr üçün nəzərdə tutulduğunu, həmçinin daha əvvəlki əmtəə nişanlarının yüksək fərqləndirici qabiliyyətə malik olduqlarını və Azərbaycan bazarında ən məşhur əczaçılıq preparatlarından birinə çevrildiyini nəzərə alaraq, istehlakçıların “Nobufen Нобуфен” əmtəə nişanının “NUROFEN”/“НУРОФЕН” preparatının istehsalçısına məxsus olduğunun qəbul etməsi ehtimalı yüksəkdir. Bununla yanaşı, bir daha qeyd etmək vacibdir ki, halhazırda söhbət istehlakçıların sağlamlığına və hətta həyatına təsir göstərə biləcək ƏXBTın 05-ci sinfinə aid əmtəələrdən gedir. İstehlakçıların “Nobufen Нобуфен” əmtəə nişanının “NUROFEN”/ “НУРОФЕН” preparatının istehsalçısına məxsus olduğunu qəbul etməsi həm istehlakçılar, həm də “Reckitt & Colman” şirkətinin nüfuzu üçün mənfi nəticələrə səbəb ola bilər, məsələn, istehlakçılar “Nobufen Нобуфен” əmtəə nişanı altında dərmanlar alıb qəbul etsələr və onların artıq tanıdıqları “NUROFEN”/“НУРОФЕН” məhsul xəttinin davamı kimi məşhur istehsalçıya məxsus olduqlarını səhvən hesab etsələr gözlənilən effekti əldə etməyəcəklər. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, "xxxx" MMC-yə məxsus “Nobufen Нобуфен” əmtəə nişanı ƏXBT-nin 05, 35 və 39-cu siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2019-cu il tarixdə "xxxx" MMCnin adına Azərbaycan Respublikasında 2019 0909 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – xx.xx.2018). “İddiaçı” şirkətinə məxsus Nurofen əmtəə nişanı ƏXBT-nin 05 - əczaçılıq preparatları və maddələri əmtəələri üzrə xx.xx.1998-ci il tarixə 981292 sayla (ilkinlik tarixi: xx.xx.1994); Нурофен əmtəə nişanı ƏXBT-nin 05-ci sinif “əczaçılıq preparatları və maddələri” əmtəələri üzrə xx.xx.1999-cu il tarixdə 991238 sayla (ilkinlik tarixi: xx.xx.1998); əmtəə nişanı ƏXBT-nin 05-ci sinif “Əczaçılıq preparatları və maddələri” əmtəələri üzrə xx.xx.2000-ci il tarixdə 20000206 sayla qeydiyyata alınmışdır (ilkinlik tarixi: xx.xx.1998). Apelyasiya şurarı işi araşdıraraq müəyyən etmişdir ki, “Nobufen Нобуфен” (2019 0909) və onunla müqayisə edilən Nurofen (981292) Нурaфен (991238) 2000 0206 əmtəə nişanları fonetik, qrafik və semantik cəhətdən oxşar deyillər. Nişanlardakı sözlərin əvvəl hissələri (ilk iki hecalar) fonetik, qrafik və semantik cəhətdən tam fərqlidir (2019 0909) saylı “Nobufen Нобуфен” nişanında “nobu” “нобу” hissələri və 981292 saylı qeydiyyat Нурaфен nişanında “нура” hissələri, həmçinin 2000 0206 saylı qeydiyyat nişanda təsvir fonetik, qrafik və məna etibarilə fərqlidir), nişanlarda “fen” sonluğunun üst-üstə düşməsi onların qarışdırılacaq dərəcədə oxşar olması qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, Apelyasiya şurası həmçinin onu da müəyyən etmişdir ki, X1 Farmaseptik maddələr üçün beynəlxalq qeyri-əmlak adların istifadəsi barədə Təlimatına (Guidance on the use of İnternational Non-proprietary Names (İNNs) for Pharmaceutical Substances) əsasən “bufen” hüceyrədir (qeyri-steroid anti-iltihab maddələr, arilbutanoik turşu törəmələri), “fen” hissəciyi “fenin” “fenine” hüceyrələrinin tərkibində fenamik turşular qrupuna aid olmanı bildirir. Beləliklə, bu maddələrin adları tibb sahəsində istifadə edilən ümumişlək sözlərdir. Şərh edilənlərə əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarf’nın 29.6.2-ci, 29.6.3-ci, 29.6.4-cü bəndlərini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (a) bəndini, 29-cu maddəsini rəhbər tutaraq Apelyasiya şurası "xxxx" MMC (AZ)-yə məxsus 2019 0909 qeydiyyat nömrəli “Nobufen Нобуфен” əmtəə nişanının 05, 35 və 39-cu sinif əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı “İddiaçı” şirkətinin etiraz ərizəsini əsassız hesab etmiş və və təmin etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsinn nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-12-7/20 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən tələb edilmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-12-7/20 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə bağlı bütün icraat materialları sorğu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-12-7/20 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarına əsasən, "xxxx" MMC (AZ)-yə məxsus 2019 0909 qeydiyyat nömrəli Nobufen (Нобуфен) əmtəə nişanının 05, 35 və 39-cu sinif əmtəələri və xidmətləri üzrə (05- əczaçılıq və baytarlıq preparatları; tibbi məqsədlər üçün gigiyena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası; insanlar və heyvanlar üçün qida əlavələri; plastırlar, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar; dezinfeksiyaedici vasitələr; ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər. 35 – dərman preparatlarının satışı üzrə xidmətlər. 39 – dərman preparatlarının daşınmaz və saxlanılması üzrə xidmətlər) qeydiyyatına qarşı İddiaçı şirkətinin nümayəndəsi, patent müvəkkili T.A.Yaqubova verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq, təmin edilməməsi qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-yə məxsus “Nobufen Нобуфен” əmtəə nişanı ƏXBT-nin 05, 35 və 39-cu siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2019 0909 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – xx.xx.2018). İddiaçı “İddiaçı” şirkətinə məxsus Nurofen əmtəə nişanı ƏXBT-nin 05 - əczaçılıq preparatları və maddələri əmtəələri üzrə xx.xx.1998-ci il tarixə 981292 sayla (ilkinlik tarixi: xx.xx.1994); Нурофен əmtəə nişanı ƏXBT-nin 05-ci sinif “əczaçılıq preparatları və maddələri” əmtəələri üzrə xx.xx.1999-cu il tarixdə 991238 sayla (ilkinlik tarixi: xx.xx.1998) qeydiyyata alınmışdır. Hazırki mübahisə üzrə iddiaçı "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2019 0909 nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış Nobufen (Нобуфен) əmtəə nişanına hüquqi mühafizənin verilməsi, əmtəə nişanına dair şəhadətnamədə sadalanan ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər barəsində dövlət qeydiyyatının etibarsız sayılmasını cavabdehdən tələb etmiş, bununla bağlı cavabdeh orqana müraciət etsə də, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-12-7/20 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarına əsasən etiraz ərizəsi əsassız hesab edilərək, təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının etirazının təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı araşdırmanın nəticəsində müəyyən etmişdir ki, “Nobufen Нобуфен” (2019 0909) və onunla müqayisə edilən Nurofen (981292) Нурофен (991238) 2000 0206 əmtəə nişanları fonetik, qrafik və semantik cəhətdən oxşar deyillər. Apelyasiya şurası etiraza baxılması prosesində nişanların oxşarlığın müəyyən etmək üçün “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda göstərilən əlamətləri nəzərə almışdır. Həmçinin məhkəmə tərəfindən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda göstərilmiş qaydada müqayisə edilən “Nobufen Нобуфен” (2019 0909) və Nurofen (981292) Нурофен (991238) 2000 0206 əmtəə nişanlarındakı sözlər (fonetik) oxşarlıq, qrafiki (görünüşlü) oxşarlıq və məna etibarı ilə (semantik) oxşarlıq əlamətlərinə görə müqayisə edilərək müəyyən edilmişdir ki, əmtəə nişanlarının hər ikisi “N” samiti ilə başlayaraq, eyni sayda hərfdən ibarət olmasına, yəni uzunluqlarının eyni olmasına baxmayaraq, hər iki sözün ilk iki hecası müxtəlifdir və qarışdırılacaq səviyyəsinə qədər oxşar deyillər. Belə ki, nişanlardakı sözlərin əvvəl hissələri (ilk iki hecalar) fonetik, qrafik və semantik cəhətdən tam fərqlidir (2019 0909 saylı) “Nobufen Нобуфен” nişanında “nobu” “нобу” hissələri və 981292 saylı qeydiyyat Нурaфен nişanında “нура” hissələri, həmçinin 2000 0206 saylı qeydiyyat nişanda təsvir fonetik, qrafik və məna etibarilə fərqlidir, nişanlarda “fen” sonluğunun üst-üstə düşməsi onların qarışdırılacaq dərəcədə oxşar olması qənaətinə gəlmək üçün əsas vermir. Hər iki əmtəə nişanın sonunda “fen” sonluğundan istifadə edilməsi onların oxşar olması qənaətinə gəlməsi üçün o halda əsas ola bilərdi ki, həmin sonluq hər hansı məna kəsb etmədən, oxşarlıq xarakteri daşımaq üçün istifadə ediləydi. Lakin X1 Farmaseptik maddələr üçün beynəlxalq qeyri-əmlak adların istifadəsi barədə Təlimatına əsasən “bufen” hüceyrədir (qeyri-steroid anti-iltihab maddələr, arilbutanoik turşu törəmələri), “fen” hissəciyi “fenin” “fenine” hüceyrələrinin tərkibində fenamik turşular qrupuna aid olmanı bildirir. Həmin maddənin adı ümumişlək söz olduğundan, tibbi preparatlarda, o cümlədən müxtəlif kombinasiyalar olunmaqla əmtəə nişanlarının təkibindən istifadə edilməsi qəbul edilən haldır. İddiaçı həmçinin cavabdehin əmtəə nişanına dair şəhadətnamədə sadalanan ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər barəsində dövlət qeydiyyatının etibarsız sayılmasını tələb etmişdir. Tələbinin əsası olaraq müqayisə edilən əmtəə nişanlarının yüksək oxşarlıq səviyyəsi mövcud olduğu halda, eynicinsli hesab edilə biləcəyi ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" MMC-yə məxsus “Nobufen Нобуфен” əmtəə nişanı ƏXBT-nin 05, 35 və 39-cu siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2019cu il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2019 0909 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı “İddiaçı” şirkətinə məxsus Nurofen əmtəə nişanı ƏXBT-nin 05-ci əczaçılıq preparatları və maddələri əmtəələri üzrə xx.xx.1998-ci il tarixə 981292 sayla, Нурофен əmtəə nişanı ƏXBT-nin 05-ci sinif “əczaçılıq preparatları və maddələri” əmtəələri üzrə xx.xx.1999-cu il tarixdə 991238 sayla (ilkinlik tarixi: xx.xx.1998) qeydiyyata alınmışdır. İddiaçıya məxsus əmtəə nişanından fərqli olaraq "xxxx" MMC-yə məxsus “Nobufen Нобуфен” əmtəə nişanı ƏXBT-nin 05-ci sinfi ilə yanaşı 35 və 39-cu siniflərin əmtəələri və xidmətləri üzrə qeydə alınmışdır. ƏXBT-ın 05-ci sinfi - əczaçılıq və baytarlıq preparatları; tibbi məqsədlər üçün gigiyena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası; insanlar və heyvanlar üçün qida əlavələri; plastırlar, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar; dezinfeksiyaedici vasitələr; ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər. Göründüyü kimi həmin sinifdə təkcə əczaçılıq preparatları və maddələri deyil, digər preparatlar, materiallar, plastır və s. əmtəələr üçün nəzərdə tutulmuşdur. ƏXBT-nin 35-ci sinif xidmətləri “dərman preparatlarının satışı üzrə xidmətlər”, 39-cu siniflərin xidmətləri isə “dərman preparatlarının daşınması və saxlanılması” nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Hazırki iş üzrə məhkəmə tərəfindən müqayisə edilən əmtəə nişanlarının eyni olmamaqla yanaşı, qarışdırılacaq dərəcədə bənzər olmadığı da müəyyən edilmişdir. İddiaçının əsas olaraq göstərdiyi əmtəə nişanlarının eyni deyil, eynicinsli olması, təyinatının və satış sahələrinin eyni olması onların ayrı-ayrı əmtəə nişanı kimi qeydə alınmasından imtina üçün əsas deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun 6-ci maddəsinin (a) bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1-ci maddəsinə əsasən sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: Qaydaların 29.6.2-ci maddəsinə əsasən səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. Qaydaların 29.6.3-cü maddəsinə əsasən Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). Qaydaların 29.6.4-cü maddəsinə əsasən məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. Qaydaların 29.9.1-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Qaydaların 29.9.2-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 08 sentyabr 2020-ci il tarixli, A12-7/20 nömrəli qərarı əsaslı olduğundan qüvvəsində saxlanılmalı, "xxxx" MMC-yə məxsus 2019 0909 qeydiyyat nömrəli “Nobufen Нобуфен” əmtəə nişanına hüquqi mühafizənin verilməsi, əmtəə nişanına dair şəhadətnamədə sadalanan ƏXBT-ın 05-ci sinfinə aid əmtəələr və 35-ci, 39-cu siniflərinə aid xidmətlər barəsində dövlət qeydiyyatının etibarsız sayılması barədə hər hansı əsasın mövcud olması müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar