Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3419/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “gözdən əlil şəxs kimi mənzillə təmin edilmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1-ci qrup əlillik dərəcəsi almış şəxs kimi mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 23 may 1984-cü il tarixdən 13-cü sırada olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının icrası olaraq inşa edilmiş mənzil və ya fərdi yaşayış evinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 1-ci qrup gözdən əlil kimi Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan şəxslər siyahısında 23 may 1984-cü ildə mənzil növbəsindədir. Nizami rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mənzil növbəsinə dayanmış şəxs olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, ona xx.xx.2022-ci il tarixli **********0 saylı məktubla imtina olunaraq bildirilmişdir ki, "Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əiliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. “Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin siyahısında iddiaçının 23 may 1984-cü il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən təqdim etdiyi sənədlərə baxılmış və onun bir otaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə bir otaqlı mənzil olmadığından, hal-hazırda onun mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçının mənzillə təmin ediləcəyi cavabı verilmişdir. İddiaçı bildirir ki müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 23 may 1984-cü ildən hal-hazırkı vaxtadək mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 13-cü sırada olmağı öz əksini tapmışdır. Cavabdeh imtina məktubunda "Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli sərəncama istinad etsə də, iddiaçının mənzil növbəsinə dayandığı müddətdən 38 il keçir. Qeyd olunanları nəzərə alaraq, 1-ci qrup əlillik dərəcəsi almış İddiaçı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 23 may 1984-cü il tarixdən 13-cü sırada olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cii il tarixli 569 nömrəli sərəncamının icrası olaraq inşa edilmiş mənzil və ya fərdi yaşayış evinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Bildirilir ki, Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin növbəlilik siyahılarında iddiaçının 23 may 1984-cü il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmiş və birotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənziil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək 1-ci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli oxşar məzmunlu məktubların surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən 18 iyul 2018-ci il tarixdə verilmiş № 06732 saylı vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. -Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Nizami rayon X10 İcraiyyə Komitısinin 23 may 1984-cü il tarixli 53/6369 nömrəli qərarından görünür ki, vətəndaş X7 çoxuşaqlı ana kimi (11 nəfər, özü, əri, 6 qızı, 3 oğlu) çoxuşaqlı ana kimi rayon icraiyyə komitəsində mənzil növbəsinə götürülmüşdür. -Nizami rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2018-ci il tarixli 1-1/140 №li sərəncamından görünür ki, 1-ci qrup gözdən əlil İddiaçı anasının ölümü ilə əlaqədar mənzil-uçot işinin onun adına keçirilməsi və mənzil növbəsində 4 nəfər ailə tərkibi ilə (özü, bacısı, bacısı oğlu, bacısı qızı) hesab edilməsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Anası X1 Rayon İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 53/6369 saylı qərarına əsasən çoxuşaqlı ana kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə anası X5, xx.xx.1998-ci il tarixdə isə atası X11 vəfat etmişlər. İddiaçı hazirda 6 nəfər ailə tərkibi ilə (özü, 2 qardaşı, bacısı, bacısı oğlu, bacısı qızı) daimi qeydiyyatla mərhum anası M.M.Əzizovaya məxsus birotaqlı (18,85 kv.m) ünvan 1 ünvanında yaşayır. İddiaçı bacısı oğlu X12 da anadangəlmə xəstəliklə əlaqədar birinci qrup əlildir. Əzizovun "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq Mədinə Əzizovanın ölümü ilə əlaqədar mənzil-uçot işi İ qrup gözdən əlil olan oğlu İddiaçı adına keçirilməsi və onun, 4 nəfər ailə tərkibində (özü, bacısı, bacısı oğlu, bacısı qızı) imtiyazlı əsaslarla mənzil növbəsində hesab edilərək imtiyaz hüququ qazandığı xx.xx.2018-ci il tarixdən gözdən əlillərinin siyahısına daxil edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmənin iddiaçının qeydə alındığı əsas üzrə mənzil növbəsində olanların siyahısının təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı sərəncamının icrası çərçivəsində sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə vətəndaş İddiaçı Sosial Xidmətlər Agentliyinə təqdim etdiyi sənədlərə baxılmış və onun birotqalı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənzil olmadığından İ.Ə.Əzizovun mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində 3 may 2017-ci il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq mənzillə təmin edilməsi məqsədilə Sosial Xidmətlər Agüntliyinə sənəd təqdim etmiş X3 da birotaqlı mənzil təqdim edilməsi qərarı verilmiş, lakin Nazirliyin balansında birotaqlı mənzillərin olmaması səbəbindən onun da mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına birotaqlı mənzillər veriləcəyi təqdirdə növbəlilik qaydasında Bakı şəhəri rayon icra hakimiyyəti orqanlarında uçota alınmış şəxslər, o cümlədən S.X.Şahverənova və İ.Ə.Əzizov mənzillə təmin ediləcəklər. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlilliyi olan şəxslər barədə Nazirliyə təqdim olunmuş 3 sentyabr 2021-ci il tarixli xx-xx/1088 nömrəli məktubda İddiaçı 3 iyul 2018-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Belə ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının 5 noyabr 2018-ci il tarixli 1-1/140 nömrəli sərəncamında vətəndaş İddiaçı anası mərhum X4 Nizami Rayon İcraiyyə Komitəsinin 23 may 1984-cü il tarixli 53/6369 nömrəli qərarı ilə çoxuşaqlı ana kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edildiyi, M.M.Əzizovanın 21 noyabr 2011-ci il tarixində vəfat etməsi ilə əlaqədar mənzil uçot işinin birinci qrup gözdən əlilliyi olan övladı İddiaçı adına keçirildiyi və imtiyaz qazandığı 3 iyul 2018-ci il tarixindən gözdən əlillərin siyahısına 4 nəfər ailə tərkibi (özü, bacısı, bacısı oğlu və bacısı qızı) ilə daxil edildiyi qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edildiyindən İddiaçı bacısı və bacısının övladları ailə üzvləri hesab edilməyərək vətəndaşa birotaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli sərəncamı ilə 1984-cü ildən mənzil növbəsində olan Mədinə Əzizovanın ölümü ilə əlaqədar mənzil-uçot işi onun oğlu İ dərəcə gözdən əlilliyi olan iddiaçının adına keçirilmiş və iddiaçı imtiyazlı əsaslarla xx.xx.2018-ci il tarixdən gözdən əlillərin siyahısına daxil edilmişdir. Bu əsasla iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının icrasına uyğun olaraq mənzil şəraitinin yaşxılaşdırılması ilə əlaqədar cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı tələblə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtiansının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il trixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli sərəncamı ilə İ dərəcə gözdən əlilliyi olan iddiaçının adına keçirilmiş və iddiaçı imtiyazlı əsaslarla xx.xx.2018-ci il tarixdən gözdən əlillərin mənzil növbəsi siyahısına daxil edilmişdir. Bununla da, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar gözdən əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ yaranmış olur. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Cavabdeh iddiaçıya mənzil növbəsinə uyğun olaraq mənzillə təmin ediləcəyini qeyd edir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh qurum məhkəmənin müvafiq sorğusuna baxmayaraq iddiaçının mənzil növbəsinə alındığı kateqoriya üzrə şəxslərin növbəlilik siyahısını, həmin siyahı üzrə iddiaçının sıra nömrəsini, həmin siyahıda iddiaçıdan sonrakı şəxslərin mənzillə təmin edilməsi və sonuncu dəfə bir otaqlı mənzillə təmin edilmiş şəxsin sıyahıdakı sıra nömrəsi barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş yeganə siyahı isə rəsmi qaydada təsdiq edilmədiyindən və hansı qaydada tərtib olunduğu sual doğurduğundan məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Digər tərəfdən, qeyd olunan siyahı sübut kimi qəbul edilsə belə, cavabdeh həmin siyahıya istinad edərək iddiaçının yaşayış sahəsi ilə təmin edilməməsi ilə bağlı mövqeyini ondan əvvəlki sırada olan şəxsə də mənzil verilməməsi ilə əlaqələndirməyə çalışmış, məhkəmənin mənzil növbəliliyinə əməl edilib-edilməməsi ilə bağlı sualına aydınlıq gətirməmişdir. Bundan başqa məhkəmə vurğulayır ki, istinad olunan 492s saylı sərəncamda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil- ümumilikdə 5139 ədəd mənzil hesabına müvafiq kateqoriya şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinasının əsaslı olmadığı qənətinə gəlir və hesab edir ki, bu imtina “İnzibati icraat haqqında” Qanunun 15, 17 və 24-cü maddələrinin tələblərinə, o cümlədən “mütənasiblik prinsipi”nə zidd sayılmalı və iddiaçının hüqüqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə olan halda İddiaçı Ağrza oğlu İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması tələbində haqlıdır. Odur ki, iddia təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3419/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3419/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver