Məhkəmə qərarları › İş №2-1(112)-3419/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3419/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3419/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X17 Limited” Şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR)) qarşı “torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2005-ci ildə Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsi tərəfindən qəbul edilən akta əsasən iddiaçıya verilmiş Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi -çıxarışı vermək vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli həyət evi iddiaçıya məxsusdur. Həmin evə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış yoxdur. Beləki həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçıya Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci ildə qəbul edilmiş 50N°-li qərar əsasında verilmişdir. İddiaçı torpaq sahəsini almaq üçün xx.xx.2005-ci ildə Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsinə müraciət etmişdir. Bununla da həmin qərara əsasən, 200 kv.m əraziyə sahib olan Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli həyət evi ona fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə verilmişdir. Buna dair 28.11,2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi də vardır. Daha sonra isə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə veriməsi üçün xx.xx.2005-ci ildə Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsi tərəfindən akt qəbul edilmişdir. Həmin akt bələdiyyə tərəfindən imzalanmış və möhürlənmişdir. Torpaq sahəsinin ona verilməsi üçün qəbul edilən həmin akta əsasən, həmin torpaq sahəsinin müqabilində Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsinə keçmiş pulla ******* manat ödəmişəm (VÖEN **********). Buna dair kassa mədaxil orderinin qəbzi də vardır.Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almaq istədikdə isə bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2023-cü il tarixli cavab məktubun əsasən, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli torpaq sahəsinə dair çıxarış almaq üçün təqdim olunan sənədlər toplusunda olan və xx.xx.2005-ci ildə Bakı şəhəri Suraxanı Rayon Hövsan Bələdiyyəsi tərəfindən qəbul edilən akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin akt qəbul edilən vaxt iddiaçının xəstə olmağı səbəbindən və digər ailə səbəblərindən vaxtında müraciət edib, aktı təsdiq etdirə bilməmişdir. Hal-hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət göstərmədiyindən həmin xx.xx.2005-ci il tarixli aktı təsdiq edə bilmir. Bu səbəblə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi də onun sənədlərini qəbul edib iddiaçıya torpaq sahəsinə çıxarış vermir. Beləki ətrafında eyni sənədlərlə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış alan çox insan yaşayır. Məhkəməyə müraciət etmək də məqsədi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli həyət evinin yerləşdiyi və iddiaçıya məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almaqdır. Torpaq sahəsinə çıxarış ala bilmədiyi üçün onun üzərində yerləşən həyət evinə də çıxarış ala bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhəri, Suraxanı rayon, Hövsan bələdiyyəsi tərəfindən qəbul edilən akta əsasən Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 17 nömrəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi çıxarışı vermək vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və **********38 nömrəli, xx.xx.2023-cü il tarixində məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən torpaqların alqı- satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmaqla yanaşı bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan əlavə, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X17 Limited” Şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının tələbi “ünvan 3ndə yerləşən 200 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01/93 nömrəli məktubu ilə müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 18/03- 8/7050 nömrəli Hövsan Bələdiyyəsinin sədri N.Ə.Talıbovaya ünvanlanmış məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı barədə qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli 05/01-674 nömrəli Hövsan Bələdiyyəsinin sədri N.Ə.Talıbovaya ünvanlanmış məktubunda bildirilmişdir ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 mart tarixli Fərmanına müvafiq olaraq Suraxanı rayon sakinləri X13, X8, X9, İddiaçı və X10 ayrılması təklif olunan torpaq sahələrinə Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7050 saylı xx.xx.2005-ci il tarixli rəyinə əsasən topoqrafik planalma yolu ilə ərazinin 1:2000 və 1:500 miqyasda cizgi planı hazırlanmışdır. Torpaq sahəsi 10-cu qiymət zonasında yerləşir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün X6 150 m2. X14ma 150 m2, X15ma 150 m2. İddiaçı 200 m2 və X10 200 m2 torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsi üçün sənədlər Sizə göndərilir. -Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün alqı- satqı yolu ilə 200 kv.m.torpaq sahəsinin verilməsi haqqında” 50 nömrəli xx.xx.2005-ci il tarixli Qərarına əsasən Hövsan qəsəbəsi 20 saylı evin şimal hissəsində yerləşən 200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə Bakı şəhəri Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev 21 a mənzil 87 -də yaşayan vətəndaş İddiaçı verilmişdir. -Bələdiyyə torpağının xüsusi mülkiyyətinə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı Müqaviləsinə əsasən Bakı şəhəri X21 qəsəbəsi 20 saylı evin şimal hissəsində yerləşən 200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı satmışdır. - Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli iclasının 11 saylı Protokolundan Çıxarışdan görünür ki, Bakı şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri “ publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2790/2023 nömrəli məktubu ilə İddiaçı Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsinin ayrılmasına dair Mərkəzin arxivində mövcud olan sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35- 1/2-3165/2023 nömrəli məktubu ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 18/03-8/7050 nömrəli məktubunun təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsi 235.0 kv.m təşkil edir. Həmçinin sahə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinə dair cizgi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı məhkəməyə göndərilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 200 kv.m , faktiki – 235.0 kv.m-dir. Torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb və iki hissəyə bölünüb. Torpaq sahəsində bir mərtəbəli, iki ayrı giriş-çıxışı olan yaşayış evi var. Yaşayış evi bir dam altında olmaqla iki hissəyə bölünüb. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 200 kv.m torpaq sahəsi və onun ətrafında qeydiyyatdan keçmiş daşınmaz əmlaklar göstərilən ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən **********92-10301 reyestr nömrəli, **********66 reyestr nömrəli, **********99-10301 reyestr nömrəli daşınmaz əmlaklar barədə müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin “X1 fərdi yaşayış evi tikmək üçün alqı- satqı yolu ilə 100 kv.m.torpaq sahəsinin verilməsi haqqında” 63 nömrəli xx.xx.2006-cı il tarixli Qərarına əsasən Hövsan qəsəbəsi 20 saylı evin şimal hissəsində yerləşən 200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə X1 verilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli Çıxasrışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 saylı evin şimal hissəsində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları X3 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin “X4 fərdi yaşayış evi tikmək üçün alqı- satqı yolu ilə 600 kv.m.torpaq sahəsinin verilməsi haqqında” 67 nömrəli xx.xx.2006-cı il tarixli Qərarına əsasən Hövsan qəsəbəsi 20 saylı evin şimal hissəsində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə X4 verilmişdir. -AN-İ ******* nömrəli xx.xx.2007-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********26 qeydiyyat nömrəsi ********* olan 10 mart 2007-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus olan Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin 150 kv.metrini X11, 200kv.metrini X2. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı 00944048 nömrəli Çıxasrışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları X7 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxasrışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları X16 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2024-cü il tarixli, 14-2/2 5296/2024 nömrəli məktubunda bildirilir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktuba baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X17 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Hövsan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 200 kv.metr torpaq sahəsinin Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə adına rəsmiləşdirildiyini, torpaq sahəsinə plan-ölçü sənədinin verildiyini və həmin sahənin hazırda da qanuni istifadəsində olduğunu əsas gətirərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin müraciətin təminindən imtina əsası ondan ibarət olmuşdur ki, təqdim edilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bəhs edilən 6.5-ci maddənin 28 oktyabr 2008-ci il tarixli dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Bəhs edilən 9.1-ci maddəyə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi 23 oktyabr 2007-ci il tarixli dəyişikliyə qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə qərarı və alqı-satqı aktı əsasında fiziki və hüquqi şəxslərin mülkiyyətinə ayrılması nəzərdə tutulduğu halda qeyd edilən dəyişiklikdən sonra və hazırda da qüvvədə olan qanunun redaksiyasında torpaq sahələrinin yalnız açıq hərrac, müsabiqə vasitəsilə mülkiyyətə ayrılması təsbit olunmuşdur. Eyni zamanda Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, İddiaçı Hövsan Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona Hövsan qəsəbəsi 20 saylı evin şimal hissəsindəki torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə 200 kv.m.torpaq sahəsinin verilməsini xahiş etmiş, Hövsan bələdiyyəsinin müraciəti ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2005-ci il tarixli məktubla vətəndaş İddiaçı barədə qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdən görünür ki, Hövsan bələdiyyəsinin müraciəti ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli 05/01-674 nömrəli xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktubu ilə İddiaçı ayrılması təklif olunan torpaq sahəsinə Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7050 saylı xx.xx.2005-ci il tarixli rəyinə əsasən topoqrafik planalma yolu ilə ərazinin 1:2000 və 1:500 miqyasda cizgi planı hazırlanmış, cizgi-plan və torpaq sahəsinin qaiməsi İddiaçı 200 m2 torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsi üçün Hövsan bələdiyyəsinə göndərilmiş, Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı 200 kv.m torpaq sahəsinin satılması məqsədəuyğun hesab edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılması xx.xx.2007-ci il tarixli dəyişiklikdən öncə baş vermiş, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, sahənin ayrılması zamanı müvafiq qurumların rəylərinin əldə edilməsi ilə bağlı müraciətlər edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi və Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bundan əlavə cavabdehin iddiaya dair yazılı etirazında iddianın rədd edilməsi əsasları aşağıdakılardan ibarət olmuşdur: -İddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. -torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmaqla yanaşı bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. - torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə göstərilən hər üç dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. Belə ki, cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda üçüncü şəxs SOCAR-ın məhkəmə sorğusuna cavabında torpaq sahəsinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X17 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi, bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin DNŞ-nin daimi istifadəsinə verilmiş ərazidə yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar cavabdeh orqan tərəfindən xüsusi mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********92-10301 reyestr nömrəli, **********66 reyestr nömrəli, **********99- 10301 reyestr nömrəli daşınmaz əmlaklarla bağlı torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həmin torpaq sahələrinin xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin müvafiq qərarları çıxış etmişdir. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə və dövlət mülkiyyəti torpağı olması ilə bağlı imtina dəlilləri iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Cavabdeh iddia olunan torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilmədiyini qeyd etsə də məhkəmə sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri “ publik hüquqi şəxsi "xxxx" MMC-nin təqdim etdiyi həmin torpaq sahəsi ilə bağlı arxiv sənədlərindən görünür ki, torpaq sahəsinin yerləşmə cizgisi Hövsan Bələdiyyəsi tərəfindən tərtib edilmiş, bələdiyyənin sədri tərəfindən imzalanaraq bələdiyyəyə aid möhürlə təsdiqlənmiş, eləcə də cizgi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 18/03-8/7050 nömrəsi ilə qeydiyyata alınaraq möhürlə təsdiq edilərək razılaşdırılmışdır. İddia olunan sahənin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən torpaq sahəsinin yerləşdiyi zona, normativ qiyməti müəyyən edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7050 saylı xx.xx.2005-ci il tarixli rəyinə əsasən topoqrafik planalma yolu ilə ərazinin 1:2000 və 1:500 miqyasda cizgi planı hazırlanmışdır. Bundan əlavə qeyd edilməldiir ki, iddia edilən torpaq sahəsinin faktiki ölçüsü 235.0 kv.m təşkil etsə də, iddiaçı ona ayrılan 200 kv.m torpaq sahəsinə hüquqların qeydiyyata alınmasını xahiş edir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 200 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar