Məhkəmə qərarları › İş №2-1(112)-342/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-342/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-342/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və qeyrilərinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı13, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan tikintiyə dair Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli texniki şərtin və xx.xx.2021 tarixli layihə sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini və qanuni mənafeləri pozulmuş sakinlərin hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların sakini olduğu binaların əhatəsində - 8-ci mikrorayon, N.Nərimanov küçəsi 3078-ci məhəllədə "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. Həmin tikintiyə dair su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində Cavabdeh1 və BŞİH tərəfindən sənədləşmə işləri aparılmışdır, eyni zamanda həmin xətlərin istifadəsi məhkəmə qətnaməsinə əsasən "xxxx" MMC-yə qadağan edilmiş ərazidə yerləşdirməklə iddiaçıların yaşadığı binalara dair kommunikasiya xətlərinə qoşulması nəzərdə tutulmuşdur. Qeyd olunan hallar iddiaçıların narazılığına səbəb olmuşdur. Bu iddiaçıların qanuni mənafeyinə ziddir, hüquqlarını pozur. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər iddiaçılar və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçılar və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı13 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Cavabdeh1 ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllə ünvanda inşa olunmuş yaşayış binasının su və kanalizasiya xəttinin layihələndirilməsi üçün verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərtlərə və 10 iyun 2021-ci il tarixli, 04/04-2/8553 saylı məktuba əsasən hazırlanmış layihə sənədləri Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən razılaşdırılmışdır. Verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərtlərin tələblərinə, 10 iyun 2021-ci il tarixli, 04/04-2/8553 saylı məktuba və 21 iyun 2021-ci il tarixli, VM-01/06-832 nömrəli razılaşdırılmış layihə sənədlərinə əsasən tikinti quraşdırılma işlərinin aparılmasına etiraz edilmir. Tətbiq edilən hüquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər

1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. ...

4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”: 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir; 1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 2.3. STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 2.20. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir: 2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); 2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; 2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; 2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; 2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının su və kanalizasiya xəttinin layihələndirilməsi üçün xx.xx.2020-ci il tarixli 002/1/264-tş nömrəli texniki şərt verilmiş və layihə sənədləri cavabdeh tərəfindən razılaşdırılmışdır. İddiaçılar hazırda həmin sənədlərin ləğvini tələb edir. Mübahisələndirilən texniki şərtin verilməsinin su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradıb-yaratmamasının müəyyən edilməsi və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus ünvan 1də yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı paylayıcı şəbəkə və qurğulara qoşulması üçün Cavabdeh1 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus ünvan 1də yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və qurğuları layihəyə və tikinti normalarına uyğun tikildiyi müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus ünvan 1də yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmadığı müəyyən olunmuşdur. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Ekspert rəyindən də göründüyü kimi, mübahisələndirilən texniki şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olmaqla, həmin texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, verilmiş texniki şərt və razılaşdırılmış layihə sənədləri nəticəsində iddiaçıların hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış iki ekspertiza tədqiqatının dəyəri olaraq, 250 manat məbləğində pul iddiaçılardan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı1 və qeyrilərinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat məbləğində pul müştərək qaydada iddiaçılar İddiaçı13, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 İmanqulu oğlu, İddiaçı10, İddiaçı11, Qasımov X6, İddiaçı15 və İddiaçı14 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar